Əyalət mollalarının tərbiyəsizliyi: Tehranın üzrxahlığı niyə gecikir? Gündəm
“İran həmişə Azərbaycanla münasibətlərin gərgin olmasında maraqlı olub. Amma bu münasibətin müqabilində Azərbaycan daim çalışıb ki, İranla əlaqələr müsbət yöndə inkişaf etsin, qonşuluq prinsipləri qorunsun”.
Bunu Medianews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycan heç bir zaman öz ərazisindən İrana qarşı üçüncü qüvvələrin istifadəsinə icazə verməyib: “İran hökuməti bunu çox yaxşı bildiyi halda, Azərbaycanla gərgin münasibətlərin davam etməsi üçün müxtəlif bəhanələr uydurub. Hazırda biz, İranın əyalət mollalarının tərbiyəsizliyi fonunda bu prosesi yenidən müşahidə edirik”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, İranın beynəlxalq mövqelərinin zərbə almasının səbəbkarı nə Azərbaycan, nə də Türkiyədir: “İranın illərlə yürütdüyü siyasətin bumeranq effekti müşahidə olunur. Suriyadakı proseslər, İranın dəstək verdiyi cinayətkar Bəşər Əsədin devrilməsi, Türkiyənin burada güclü mövqelərə sahib olması, Azərbaycanla Türkiyənin qardaşlıq münasibətləri İranı narahat edir. İran hesab edir ki, Suriyada proseslərdən kənarda qalması Türkiyənin yürütdüyü siyasətin nəticəsidir. Buna görə də Türkiyəyə qarşı düşmən mövqedən çıxış edir. Halbuki Türkiyə beynəlxalq platformalarda İranı müdafiə edib və ona qarşı sanksiyaların əleyhinə olub”.
Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, Avropa İttifaqı müşahidə missiyası adı altında NATO-nu bölgəyə gətirən Azərbaycan yox, Ermənistandır: “Yəni İran bəhanə olaraq, nəzəri cəhətdən Azərbaycanı hədəfə aldığı məsələləri Ermənistan praktiki olaraq həyata keçirir. Amma buna rəğmən İran nəinki Ermənistanı ittiham edir, əksinə Ermənistanla hərbi-siyasi əməkdaşlığını genişləndirməyə çalışır. Təkcə bu fakt İranın əsil niyyətini ortaya qoyur”.
Ə.Zülfüqaroğlu vurğulayıb ki, İranın Azərbaycana qarşı aqressiyasının heç bir əsası yoxdur və bu cür siyasətin həyata keçirilməsi İranın özünə zərər verəcək: “İran beynəlxalq təcrid vəziyyətində yaşayır və ətrafında həlqə getdikcə daraldır. Buna görə, ən azı regional müstəvidə bu cür siyasət yürütmək intihar deməkdir”.
“Rəsmi Tehran hesab edir ki, Suriyadakı proseslərdə iştirak etməməsi bu dövlətə qarşı olan təhdidləri ölkə sərhədlərinə yaxınlaşdırır”,-deyən siyasi şərhçi həmçinin əlavə edib: “İranın həmişə nəzəri olaraq Azərbaycanı ittiham etdiyi məsələləri, Ermənistan hazırda praktiki olaraq həyata keçirir, NATO-nu bölgəyə gətirir. Bu isə İrana birbaşa təhdid sayılsa da, Azərbaycana qarşı sərgilədiyi münasibəti Ermənistanla bağlı etmir. Eyni zamanda Tehran narahatdır ki, Zəngəzur dəhlizininin açılması İranın beynəlxalq təcridini daha da artıracaq. Ümumiyyətlə İran çox ciddi böhranla üz-üzədir və bundan sonra yürüdəcəyi siyasət gələcəyi baxımından həlledici amil olacaq".