Süni od əldə etməkdən süni ad əldə etməyə doğru - Bəşəriyyətin inkişaf yolu Gündəm
Söz sözü gətirdi, xatirələr yada düşdü. Kənd həyatından, toylardan, insanların o vaxtkı isti münasibətlərindən danışdıq. Telefonda bizim uşaq, gənc olduğumuz vaxtlarda, 15-20 il əvvəl dinlədiyimiz bir-iki mahnı qoşdum. Xatirələr bizi - məni və iki xanım əməkdaşımızı apardı illər öncəyə. Hərə öz yaddaşında mənzil edən xoş hadisələrdən danışdı. İllər ötüb keçsə də, xatirələr mənzili abad qalır. Lakin...
Deyəcəksiniz ki, bunun da yazılarından "lakin" bağlayıcısı əskik olmur. Bəli, "amma"sız, "lakin"siz olmaz. Ona görə olmaz ki, biz məqaləni elə inkar bağlayıcılarına görə yazırıq. Qütbləri müqayisə etmək, ortaq məxrəcə gəlmək, çıxış yolu tapmaq üçün.
Hə, qayıdaq əvvələ. Deməli, biz nostalji ab-havada danışarkən, diqqətimi digər iki oğlan əməkdaşımız çəkdi. Fikir bölüşdüyüm xanım əməkdaşlarımıza işarə etdim ki, onlar da bu bəylərə nəzər salsınlar. Təsəvvür edin bu bəylər zillənib telefona, bir-birinin ardınca videolar çevirir, öz aləmlərinə (əslində özlərinin olmayan aləmlərə) qapılıb tərpənmədən əyləşiblər. Bizim üçün nostalji olan mahnı və bizim etdiyimiz söhbətlər bunlara təsir etməyir. Hətta, bir-iki dəfə bu əməkdaşların adlarını çəkərək, bir az səsimizi də qaldırdıq, xeyri olmadı. Sabirin "Nə də tərpənməyir üstündəki yorğan, ölüb ə!" misralı şeiri yadıma düşdü. Zarafatyana dedim ki, bu gənc nəslin xatirəsi, bunları kövrəldən "tiktok"da gördükləri olacaq illər sonra. Bu sözü deyəndən sonra düşündüm, zarafatsız elə belə olacaq. Özlüyümdə az qala əsri iki yerə böldüm: Tiktokdan əvvəlki vaxtlar (nəsil) və tiktokdan sonrakı dönəm (nəsil). Təsəvvür edin də, bir yerə toplaşıb danışıb kövrəlirlər; yadına gəlir filan tiktokerin paylaşdığı o video? Yadına gəlir filankəsin yazdığı "güllü" rəy. Yadına gəlir, filan tiktokerə bağışlanan maşın? Eh, necə gözəl günlər idi...!
Bax belə. Allah betərindən saxlasın. İnsanların texnologiyanın deyil, texnologiyadan yanlış istifadənin nəticəsində zombiləşdiyi bir dönəmdəyik. Əlində telefon olan hər kimi çağırırsan, "bəli"ni dodağının altında mızıldayır. Niyə? Çünki, beyin bir anda bir-birinə dəxli olmayan müxtəlif informasiyalar qəbul edir. Və bir tərəfdən də başqasının onu səsləməsi beyində çaxnaşma yaradır. İnsan ünsiyyət qurmaq istəmədiyi üçün gərginləşir. Beyin informasiya zibilliyinə çevrilir. Bu zərərli informasiya bölüşülmədikdən ümumiyyətlə psixologiyanı alt-üst edir. İnsanlar ona görə aqressivləşirlər. İnsanların şəxsiyyətində sürətli aşınma gedir. Düşüncə kiçilsə dərd yarı, düşüncə qırılır, sınır, yarımçıq qalır. Tarix kitabları yazır ki, "Neandertal insan"ın beyni "Homo Sapiens"dən (ağıllı insandan) 2 dəfə kiçik olub. "Homo Sapiens" "Neandertal insan"dan düzqamətliliyi ilə fərqlənib. Bilmirəm daş dövrünün paleolit mərhələsində bu ibtidai insanın beyninin ölçüsünü nəyə əsasən müəyyən ediblər, amma, düşünürəm ki, indiki insanın beyni həqiqətən kiçilir. Qamətində də dəyişilmə gedir, başı aşağı qalıb. "Neandertal insan", "Homo Sapiens" süni od əldə etməyi bacarırdı, indiki insan da süni ad əldə etməyi bacarır.
İki ilə yaxındır ki, müəyyən səbəbdən sosial şəbəkədən uzaqlaşmışam. Sonra gördüm ki, yaxşı ki, uzaqlaşmışam. İnsan sanki özünə qayıdır. Düzdür ətrafına baxanda sənə elə gəlir ki, başqalaşmısan, amma, belə yaxşıdır. Özünlə baş-başa qalmaq, düşünmək, müqayisə aparmaq, təbiəti izləmək və s. yaşam budur.
Proqramlaşdırılmış (özü də bu şəkildə) insan olmaq sizi həyatdan qoparır. Beyninizi format edin. Fikriniz aydın olsun!
Yusif Nazim Ərəbsoy