“Paşinyan bu sazişi imzalamaqla öz yerini gücləndirmək məqsədi güdür” Gündəm

“Paşinyan bu sazişi imzalamaqla öz yerini gücləndirmək məqsədi güdür”

“ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanması regionda geniş müzakirə olunur. Əlbəttə ki, ayrı-ayrı dövlətlər burada özünə qarşı təhdid görürlər. Bu məsələni ən geniş araşdıran, təhlil edən, şübhəsiz ki, Azərbaycandır, bizim yerli eskpertlərdir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq qeyd edib ki, Rusiya tərəfindən buna münasibət bildirilmişdi, amma sanki biganə münasibət idi: “Çünki Rusiyanın xarici işlər naziri bildirdi ki, Ermənistan suveren hüququndan istifadə edərək öz xarici siyasətinə uyğun addım atır. Lakin aydındır ki, burada geopolitik anlam var. Bunu Cənubi Qafqazda Ermənistanın timsalında Rusiyanın maraqlarının sıxışdırılması və ABŞ-nin daha geniş həcmdə regiona müdaxilə etməsi kimi anlamaq olar. Eyni zamanda, Nikol Paşinyan öz hakimiyyətini gücləndirmək üçün də bu sazişin imzalanmasına can atıb. Çünki 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyan həm referendumun keçirilməsi, həm parlament seçkiləri hazırlıqları fonunda bu sazişi imzalamaqla öz yerini daha da gücləndirmək məqsədi güdür”.

İ.Hüseynovun sözlərinə görə, digər mühüm amil demokratların hakimiyyətdən getməmişdən 6 gün əvvəl 14 yanvar tarixində bu tərəfdaşlıq sazişinin imzalanmasına razılıq verməsidir: “Sorusçular Ermənistanı özlərinə bir qədər də çəkmək üçün bu qaçaqaçda imzalanma mərasimi təşkil ediblər. Eyni zamanda, maraqlıdır ki, İran tərəfi susur. Bu susqunluğun mahiyyətini, məqsədini, anlamını dərk etmək bir qədər çətindir. İran öz şimal sərhədlərində bir xristian dövlətinin ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə imza atmasını nə cür həzm edir, bu, bir qədər müəmmalıdır. Həmçinin burada hərbi və təhlükəsizlik məqsədi ilə ABŞ hərbçilərinin Ermənistana dəstək göstərməsi bizim üçün birbaşa olaraq təhlükə və təhdid kimi qiymətləndirilir. Məhz bu xüsusda hesab edirəm ki, yeni ABŞ administrasiyası ilə Azərbaycan daha sıx işləməli və çalışmalıdır ki, münasibətlər keyfiyyətcə yeni müstəviyə çıxsın”.

Röya İsrafilova