“Ermənistan bununla düşdüyü iqtisadi tənəzzüldən qurtulmaq istəyir” Gündəm

“Ermənistan bununla düşdüyü iqtisadi tənəzzüldən qurtulmaq istəyir”

“ABŞ və Ermənistan arasında strateji əməkdaşlıq sazişinin bağlanmasını Ermənistan və ABŞ arasında olan münasibətlərin məntiqi sonu kimi qiymətləndirmək olar. Yəni hər şey bu istiqamətdə gedirdi, sadəcə rəsmiləşməmişdi. Uzun illərdir Qafqazda Qərbin və ABŞ-nin dayaq ölkələrindən biri Gürcüstan idi. Ancaq Rusiyanın İvanişvilini Gürcüstanda hakimiyyətə gətirməsi ilə ABŞ Qafqazda öz dayaqlarını itirmiş oldu. Buna baxmayaraq ABŞ bu istiqamətdə çox çalışırdı. Axır ki, onlar Paşinyanı hakimiyyətə gətirməyə müvəffəq oldular. Bununla da Rusiyanın Qafqaz regionundan sıxışdırılması prosesi yeni vüsət aldı”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Vəli Əlibəyov deyib.

Politoloq əlavə edib ki, Gürcüstandan fərqli olaraq Ermənistan ABŞ üçün daha məqbul “müttəfiq”dir: “O baxımdan ki, Ermənistan çox zəif ölkədir, hər hansı bir təklifə o, iki əllə hə deyəcək və qarşılıqlı əməkdaşlıqdan gözləntiləri elə də çox deyil. Yəni ki, Paşinyan ABŞ-nin tapşırıqlarını yerinə yetirən bir siyasətçidir. Buna görə də yanvarın 14-ü bağlanmış saziş mənim üçün gözlənilməz olmadı. Yəni belə bir sazişin olacağı gözlənilirdi. Saziş bizə nə verəcək, ümumiyyətlə, bu sazişin əhəmiyyəti nədən ibarətdir? Birincisi, əlbəttə ki, bu saziş regionda geosiyasi dinamikanı dəyişəcək bir sazişdir. Çünki dediyim kimi bu vaxtadək ABŞ Qafqazda çox zəif təmsil olunurdu. Ancaq indi Ermənistanın simasında ABŞ Qafqaza daxil olur. Həm də o Ermənistan ki, uzun illər Rusiya ilə həm hərbi, həm də iqtisadi-siyasi sahədə əməkdaşlığı olub və Ermənistanın Rusiyadan asılılığı hələ də qalmaqdadır. Bununla belə Ermənistan Rusiyanın təşkil etdiyi, yaratdığı təşkilatlarda üzv olmaqda qalır. Dediyim kimi bu saziş ABŞ-nin Cənubi Qafqazda mövqelərini gücləndirəcək. Eyni zamanda, bu saziş Rusiyanın bölgədə təsirini azaltmağa xidmət edən bir sazişdir”.

V.Əlibəyovun sözlərinə görə, ikinci məqam odur ki, Ermənistan bu sazişlə düşdüyü iqtisadi tənəzzüldən qurtulmaq istəyir: “Çünki ABŞ ilə olan bu saziş tək ABŞ-nin deyil, eyni zamanda, demək olar ki, Qərbin də dəstəyi deməkdir. Bu sazişlə Ermənistan həm ABŞ-nin, həm də Qərbin iqtisadi yardımlarından faydalana biləcək. Eyni zamanda, Ermənistan üçün ən vacib məqamlardan biri təhlükəsizlik məsələsidir ki, o, bu sazişlə də təhlükəsizlik problemlərini həll edəcək. Burada bir məsələni qeyd etmək istəyirəm ki, bu gün Ermənistanın Azərbaycandan çox, Rusiya ilə bağlı təhlükəsizlik problemləri var. Ermənistan başa düşür ki, Rusiya Ukraynadan bir az başı açılan kimi qısa bir müddətdə Ermənistana hərbi müdaxilə edə bilər. O baxımdan bu saziş Ermənistan üçün olduqca vacibdir”.

Röya İsrafilova