“Ölkəmizin bu platformada iştirakı çox əhəmiyyətlidir” Gündəm
“2025-ci ilin Qlobal İqtisadi Forumu “Ağıllı Əsr üçün əməkdaşlıq”mövzusunda qlobal çağırışlara toxunacaq. Forumda iqtisadi artımın yenidən başlaması, yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi müzakirə olunacaq. Bu baxımdan Davos İqtisadi Forumu ölkələrin öz iqtisadi imkanlarını təqdim etmək üçün çox əhəmiyyətli platformadır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.
A.Badamov qeyd edib ki, ölkəmizin bu platformada iştirakı çox əhəmiyyətlidir: “Ümumiyyətlə, Qlobal İqtisadi Forum iqtisadi olduğu qədər siyasi əhəmiyyət də daşıyır. Çünki foruma dövlət və hökumət başçıları, hökumət nümayəndələri, biznes strukturlarının rəhbərləri olmaqla, 130 ölkədən 3 minə yaxın lider toplaşacaq. Forum çərçivəsində iqtisadi mövzularla yanaşı, siyasi məsələlər də müzakirə olunur. Dövlət başçımızın da bu forumda iştirakı çox əhəmiyyətlidir. Davosa etdiyi səfərin ilk günündə dövlət başçımız Çinin CGTN kanalına verdiyi müsahibədə qlobal əhəmiyyət daşınan bir çox məsələlərə münasibət bildirib”.
Deputatın sözlərinə görə, o cümlədən Qlobal İqtisadi Forum çərçivəsində dövlət başçımızın digər ölkələrin və qlobal şirkətlərin rəhbərləri ilə görüşməsi ənənəvi xarakter alıb: “Bu baxımdan Prezident İlham Əliyev yanvarın 20-də Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşü şirkətin ölkəmizlə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından çox əhəmiyyətli olub. Tədbir çərçivəsində dövlətimizin başçısı bir çox görüşlər keçirəcəyini, ölkəmizin investisiya mühiti ilə bağlı əməkdaşlığın genişləndirilməsinə dair müzakirələrin aparılacağını bildirib. Azərbaycanın investisiya və biznes mühiti daxili və xarici investorlar üçün əl çatandır. Hesab edirəm ki, Davos İqtisadi Forumu Azərbaycanı beynəlxalq arenada tanıtmaq baxımından bir fürsətdir”.
A.Badamov eləcə də bildirib ki, Davos İqtisadi Forumunun hesabatları Azərbaycanın iqtisadi biznes mühitini müsbət dəyərləndirir: “Təbii ki, bu, ölkəmizdə yaranmış azad və rəqabətqabiliyyətli iqtisadi mühit ilə bağlıdır. Bu baxımdan forumda iştirakımızın ölkəmizin iqtisadiyyatının qlobal çağırışlara uyğunlaşdırılması və investisiyaların cəlb edilməsi baxımından çox əhəmiyyətli olacağını hesab edirəm. Həm də forum çərçivəsində dövlət başçıları siyasi mövzularda da müzakirələr aparır. Bu da bir çox qlobal xarakterli siyasi məsələlərin həll olunmasına, regional məsələlərin müzakirə olunaraq əməkdaşlığın formalaşmasına və sözümüzün gücünün artmasına töhfə verir”.
Röya İsrafilova