“Bu münasibətlər Ermənistanı gec-tez reallıqları dərk etməyə məcbur edəcək” Gündəm
“Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır. Uzun illər Azərbaycan öz beynəlxalq layihələrini məhz Gürcüstan ilə əməkdaşlıq nəticəsində dünya bazarlarına çıxara bilir. Eyni zamanda, Azərbaycan, Gürcüstan, Türkiyə əməkdaşlığı nəticə etibarı ilə hər üç dövlətin də iqtisadi güclənməsinə töhfə verməkdədir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyev Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Kobaxidzenin ilk səfərini Azərbaycana etməsi bunu bariz nümunəsi olduğunu diqqətə çatdırıb: “Bu, Gürcüstanın dövlətinin, hökumətinin, xalqının da Azərbaycana dost, qardaş və yüksək səviyyəli qonşuluq münasibəti bəsləməsindən irəli gəlməkdədir. Uzun illərdir ki, biz Azərbaycan Gürcüstan münasibətlərində biz artan xətt üzrə inkişafı müşahidə edirik və bu inkişaf bütün sahələr üzrə nəzərə çarpır. Xüsusilə də Azərbaycanın Gürcüstana sərmayə qoyması, Gürcüstanda yeni limanların inşası və Azərbaycan məhsullarının bu limanlar vasitəsilə dünya bazarlarına çıxarılması üçün həyata keçirilən yeni layihələr onu deməyə imkan verir ki, bu münasibətlərin inkişaf etdirilməsi üçün çox böyük potensial var. Xüsusən də Azərbaycanın son illərdə nəqliyyat xabını, şəbəkəsini qura bilməsi, şərq-qərb, şimal-cənab nəqliyyat dəhlizinin şaxələndirilməsi və Gürcüstanın da bu prosesdə əsas iştirakçılardan biri olması onu deməyə imkan verir ki, Orta dəhliz üzrə yükdaşımaların həcminin artırılması üçün biz Gürcüstanla əməkdaşlığı mütləq gücləndirməliyik və çalışmalıyıq ki, bu potensialı maksimuma qədər istifadə edək ki, mövcud imkanları düzgün dəyərləndirək, yükdaşımalar və nəqliyyat hərəkətindəki bazarda payımızı daha da artıraq”.
Deputatın sözlərinə görə, bununla yanaşı, Gürcüstan və Azərbaycan xalqları arasında qardaşlıq, dostluq, qonşuluq münasibətləri də var: “Mədəni sosial münasibətlər də çox böyük önəm kəsb etməkdədir. Həm Azərbaycanda gürcüəsilli, həmçinin Gürcüstanda da azərbaycanəsilli gürcü vətəndaşları yaşayır. Bizim soydaşlarımızın orada yaşaması o deməkdir ki, azərbaycanlılar da Gürcüstan dövlətinin inkişafına töhfə verməkdədir. Bu baxımdan bizim ortaq mədəni, sosial əlaqələrimiz var və bunu inkişaf etdiririk. Eyni zamanda, təhsil sahəsində də əməkdaşlığımızı inkişaf etdirməliyik. Bir sözlə, Azərbaycan və Gürcüstan strateji müttəfiq, tərəfdaşdır. Biz bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq. Azərbaycan həmişə Gürcüstana olan münasibətlərə dəyər verib və Gürcüstan hökumətinin də Azərbaycana olan münasibəti onu deməyə imkan verir ki, bu, əlaqələr ən üst səviyyədədir”.
O həmçinin vurğulayıb ki, Azərbaycan və Gürcüstanın nümayiş etdirdiyi birlik, bərabərlik və strateji tərəfdaşlıq Cənubi Qafqazda Qafqaz ailəsinin formalaşdırılması üçün əla zəmin yaradıb: “Yaxın gələcəkdə Ermənistanın da reallıqları düzgün dərk etməsi və Qafqaz ailəsinin formalaşdırılması üçün töhfələr verməsinə başlaması ümumilikdə Qafqaz ailəsinin yaradılmasına, formalaşdırılmasına əla bir töhfə olacaq. Bu baxımdan da Ermənistan Azərbaycan və Gürcüstan münasibətlərindən düzgün nəticə çıxarmalı və Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına töhfə verməlidir. Bu münasibətlər Ermənistanı da gec-tez reallıqları dərk etməyə məcbur edəcək”.
Röya İsrafilova