“Azərbaycanla Vaşinqton arasında dialoq daha da intensivləşdirilməlidir” Gündəm
“ABŞ və Ermənistan arasındakı sazişlə Azərbaycan Ermənistan münasibətlərində Ermənistan artıq danışıqlarda əlinə müəyyən bir “kozır” almış oldu. ABŞ kimi müttəfiqini arxasında hiss edəcək. Amma onu da qeyd edək ki, ABŞ bu illər ərzində dəfələrlə sülh müqaviləsinin bağlanması ilə bağlı çıxışlar edib, həmçinin regionda kommunikasiyaların açılması ilə bağlı bəyanatlar səsləndirib. Azərbaycanın da ABŞ ilə elə də pis münasibətləri yoxdur və düşünürəm ki, bundan sonra da Azərbaycanla Vaşinqton arasında dialoq daha da intensivləşdirilməlidir. Bununla da ABŞ və Ermənistan arasında bağlanan sazişin təsiri müəyyən qədər azaldılmalıdır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Vəli Əlibəyov deyib.
V.Əlibəyov deyib ki, bu sazişin regiona sabitlik gətirib-gətirməyəcəyi ilə bağlı ekspertlər çoxsaylı proqnozlar verirlər və onların əksəriyyəti bədbin xarakterlidir: “Düşünürlər ki, ABŞ-nin Ermənistanla belə bir saziş imzalaması və ABŞ-nin hərbçilərinin Ermənistan sərhədində olması Rusiyanı qəzəbləndirəcək və regionda sabitliyin pozulmasına gətirib çıxaracaq. Hətta Ukrayna ilə analogiyalar da aparırlar ki, Ukrayna ərazilərində işğal başlamadan öncə Ukraynanın ABŞ ilə analoji bir saziş imzalanıb. Bu iddialar əsassız deyil. Mən də razıyam ki, belə bir hal regionda vəziyyəti gərginləşdirəcək. Rusiya başa düşür ki, Ermənistanı itirməklə o, Qafqazı itirmiş ola bilər. Çünki Ermənistan Rusiya üçün strateji əhəmiyyətə malik bir ölkədir. Rusiyanın birbaşa cənub sərhədləridir. Gürcüstana gəldikdə isə o başa düşür ki, Gürcüstanı uzun müddət öz təsir dairəsində saxlamaq mümkün olmayacaq. Çünki Ermənistandan fərqli olaraq Gürcüstanda Rusiyaya münasibət daha mənfidir, nəinki Ermənistanda idi bu vaxta qədər. O baxımdan Ermənistanın itirilməsi Rusiya üçün çox böyük itki olacaq və Rusiya sonadək çalışacaq ki, Ermənistanı öz təsir dairəsində saxlasın. Bunun üçün Rusiya Ermənistan daxilində hərbi çevriliş edə bilər, Paşinyanı hakimiyyətdən uzaqlaşdırıb, yerinə öz adamını gətirə bilər”.
O eləcə də bildirib ki, ABŞ-nin bölgədə təmsil olunması hansısa mənada bəlkə də stabilliyə də xidmət edə bilər: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Ermənistan ABŞ-nin bir növ zaminliyi ilə zəmanətini alaraq Zəngəzur dəhlizini aça bilər, eyni zamanda, kommunikasiyaların açılmasını təmin edə bilər. Hər halda Azərbaycanın diplomatiyası çox gərgin işləməlidir. Rəsmi Vaşinqtonla təmaslar gücləndirilməlidir və eyni zamanda Rusiyanı da nəzərdən qaçırmaq olmaz. Təyyarə hadisəsindən sonra münasibətlərimizdə müəyyən bir gərginlik də yarandığını hiss edirəm. Bu baxımdan Azərbaycanın da belə bir vəziyyətdə ayıq-sayıq olması tövsiyə olunur”.
Röya İsrafilova