Davos İqtisadi Forumu: dividentlər və yeni fürsətlər
22 Yanvar 23:35
Donald Trump, 20 yanvar 2025-ci ildə ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinə başladı. Donald Trampın ikinci prezidentlik dövrü həm ABŞ-nin daxili siyasətində, həm də qlobal səviyyədə əhəmiyyətli dəyişikliklərə yol açacaq. Trampın rəhbərliyi ilə həyata keçirilməsi gözlənilən yeni strategiyalar və siyasətlər, qlobal geosiyasi balansda və iqtisadi sistemlərdə təsirli dəyişikliklər yarada bilər. Onun "Amerika birinci" yanaşması beynəlxalq münasibətlərdə əvvəlki illərlə müqayisədə daha izolyasionist bir xətt çəkərək, həm müttəfiqlər, həm də rəqiblər arasında ciddi müzakirələrə səbəb olacaq. Bu siyasətlərin tətbiqi zamanı yaranan çağırışlar həm ABŞ daxilində sosial və siyasi münaqişələrə, həm də beynəlxalq arenada müttəfiqlərlə əlaqələrin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
Trampın ikinci dönəmində miqrasiya siyasətinin sərtləşdirilməsi, xarici ticarət münasibətlərində tariflərin artırılması və enerji sahəsində ənənəvi mənbələrə üstünlük verilməsi kimi prioritetlərin gündəmə gələcəyi gözlənilir. Bundan əlavə, ABŞ-nin Yaxın Şərqdəki münaqişələrə yanaşması, Çinlə rəqabətin gücləndirilməsi və Ukrayna münaqişəsinə dair fərqli mövqelər dünya arenasında sabitliklə bağlı narahatlıqları artıracaq. Bu siyasətlərin təsirlərini və nəticələrini başa düşmək üçün Trampın əsas strategiyalarını və onların qlobal miqyasda yaradacağı təsirləri detallı şəkildə təhlil etmək vacibdir. Trump, prezidentliyinin ilk günlərində bir sıra fərmanlar imzaladi.
Ilk imzaladığı fərman Donald Trampın fövqəladə vəziyyət elan etməsi oldu. Bu, sərhəd siyasətində ciddi dəyişikliklərə yol açıb və bu istiqamətdə daha sərt addımları əhatə edib. Bu addımın məqsədi, Birləşmiş Ştatların sərhədlərinin daha ciddi qorunmasını təmin edərək qanunsuz miqrasiyanı minimuma endirməkdir.
Hərbi Əməliyyatlar Müdafiə Nazirliyinin sərhəd zonalarına hərbi qüvvələr göndərmək səlahiyyəti alması, sərhəd təhlükəsizliyini təmin etməkdə daha təsirli tədbirlərin görülməsini mümkün edir. Bu qüvvələr sərhəd zonalarında loqistik dəstək göstərəcək, lakin birbaşa miqrantları həbs etmək səlahiyyətləri olmayacaq.
Loqistik Dəstək Hərbi qüvvələrin fəaliyyəti miqrasiyanı idarə etmək, qanunsuz miqrant axınına qarşı tədbirlər almaq və sərhəd boyu təhlükəsizliyi gücləndirmək kimi logistik məsələləri özünə daxil edir. Bu, sərhəddən qanunsuz keçidlərin qarşısını almaqda böyük rol oynayacaq. Bu siyasət, ABŞ daxilində immiqrasiya məsələsi üzərində ciddi sosial münasibətlərə səbəb olub. Tərəfdarlar bu addımı sərhəd təhlükəsizliyinin artırılması kimi qiymətləndirsə də, tənqidçilər bu siyasətin insan haqlarını məhdudlaşdıra biləcəyini irəli sürürlər. Bu, Respublikaçılar və Demokratlar arasındakı fikir ayrılıqlarını daha da dərinləşdirəcək. Demokratlar bu siyasətin həddən artıq sərt olduğunu düsünür, Respublikaçılar isə milli təhlükəsizliyi prioritet sayır.
Donald Trampın fövqəladə vəziyyət elan edərək həyata keçirdiyi bu siyasətlər, ABŞ siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sərhəd təhlükəsizliyinin artırılması və qanunsuz miqrasiyanın azaldılması məqsədilə atılan bu addımların uzunmüdətli təsirləri hələ tam olaraq müyyən edilməyib. Gözlənilər odur ki, bu siyasətlər ABŞ-da daxili siyasi balansı yenidən formalaşdıracaq və beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb olacaq.
Tramp administrasiyası, qanunsuz miqrantların saxlanmadan sərbəst buraxılması praktikasına son qoymağı planlaşdırır. Bu siyasətin ləğvi ilə immiqrasiya prosedurlarının daha sərtləşdirilməsi və qanunsuz miqrasiya ilə daha qətiyyətli mübarizə aparılması gözlənilir.
Yeni qaydalar miqrasiya sistemində daha ciddi nəzarət mexanizmləri tətbiq etməklə qanunsuz sərhəd keçidlərinin azaldılmasını nəzərdə tutur.
İnsan haqları təşkilatları bu addımı humanitar problemlər yarada biləcək bir qərar kimi qiymətləndirirlər.
Bu siyasət, ABŞ sərhədində sığınacaq axtaran miqrantların müraciətlərinin nəticəsini gözləyənədək Meksikada qalmasını tələb edir. Bu, Meksika hökuməti tərəfindən sərt tənqid edilib və iki ölkə arasında diplomatik gərginliklərə səbəb olub. Trampin bunu davam etdirməsi gözlənilir.
Trampın imzaladığı başqa bir sərəncam, ABŞ-də qanunsuz yaşayan anaların və vətəndaş və ya daimi sakin olmayan ataların uşaqlarının vətəndaşlıq hüququnu tanımamağı hökumət orqanlarına göstəriş verir. Bu addım, ABŞ Konstitusiyasında yer alan və ABŞ-də doğulan bütün uşaqlara valideynlərinin immiqrasiya statusundan asılı olmayaraq vətəndaşlıq hüququ verən 14-cü düzəlişi dəyişmək məqsədi daşıyır.
Həmçinin, sərəncam, ABŞ-da müvəqqəti qanuni statusa malik anaların və qeyri-vətəndaş və ya daimi sakin olmayan ataların uşaqlarının vətəndaşlıq hüququnun tanınmamasını nəzərdə tutur. Buna baxmayaraq, daimi yaşayış hüququ olan şəxslərin (yaşıl kart sahibləri) uşaqlarının vətəndaşlıq hüququ saxlanılır.
14-cü düzəlişdə yer alan “ABŞ-də doğulan və ya təbii yolla vətəndaşlıq əldə edən hər kəs ABŞ vətəndaşıdır”,-ifadəsi doğumla vətəndaşlıq hüququnu təmin edir. Demokratlar və hüquq müdafiə qrupları bu sərəncamı qanunsuz və Konstitusiyaya zidd adlandıraraq məhkəmədə mübahisələndirəcəklərini bildiriblər.
Yaxın Şərq və Beynəlxalq Münasibətlər
Donald Tramp administrasiyası Yaxın Şərq siyasətində əvvəlki dövründəki yanaşmaları davam etdirməyi planlaşdırır. Bu yanaşma xüsusilə İsrailin dəstəklənməsi, İran əleyhinə sərt tədbirlərin görülməsi və regionda mövcud gərginliklərin artırılmasında əks olunur.
Tramp administrasiyasının İsrailin Qərb Sahilindəki mübahisəli siyasətinə dəstək verməsi gözlənilir.
Tramp administrasiyası, İsrailin Qərb Sahilindəki yaşayış məntəqələrini genişləndirməsini dəstəkləyərək, beynəlxalq hüquqa zidd olaraq qəbul edilən bu fəaliyyəti legitimləşdirməkdədir. Bu, regional gərginliyin artmasına səbəb ola bilər.
Administrasiya ABŞ-İsrail əməkdaşlığını hərbi və iqtisadi sahələrdə gücləndirməyi hədəfləyir.
Tramp administrasiyası İranın nüvə proqramını və regional təsirini məhdudlaşdırmaq məqsədilə yeni iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırır.
Yeni sanksiyalar İranın enerji sektorunu, maliyyə sistemini və əsas iqtisadi fəaliyyətlərini hədəf alaraq ölkənin iqtisadi vəziyyətini daha da çətinləşdirə bilər.
İran əleyhinə siyasət regionda gərginlikləri artıra bilər. İranın cavab olaraq bölgədə hərbi aktivliyini artırması gözlənilir.
ABŞ-nin Yaxın Şərqdə siyasəti, xüsusilə İsrailə dəstək və İran əleyhinə təzyiqlər, regionda mövcud gərginlikləri daha da artıracaq. Körfəz ölkələri və digər ərəb dövlətləri ABŞ-ın bu siyasətlərinə fərqli reaksiyalar göstərə bilər. Bəzi dövlətlər ABŞ-nin İsrailə dəstəyini qəbul etsələr də, digərləri bu yanaşmanı açıq şəkildə tənqid edirlər.
Tramp administrasiyasının Yaxın Şərq siyasəti, ABŞ-nin Avropa İttifaqı və digər beynəlxalq müttəfiqləri ilə münasibətlərini də təsir edə bilər.
Avropa ölkələri İranla nüvə razılaşmasını qorumağa çalışdığı üçün ABŞ-nin bu ölkəyə qarşı sərt yanaşması əlavə diplomatik münaqişələrə səbəb ola bilər.
İsrailin Qərb Sahilindəki fəaliyyəti beynəlxalq hüququn pozulması kimi dəyərləndirilir və ABŞ-nin bu mövqeyi geniş tənqid olunur.
Bu siyasət Tramp administrasiyasının Orta Şərqdə mövcud strategiyasını davam etdirəcəyini və regionda mövcud dinamikaları daha da mürəkkəbləşdirəcəyini göstərir.
Çin ilə Rəqabət
Donald Tramp administrasiyası, əvvəlki prezidentlik dövründə olduğu kimi, Çinlə iqtisadi və siyasi sahələrdə sərt rəqabəti davam etdirməyi planlaşdırır. Bu siyasət, ABŞ-nin qlobal güc mövqeyini qorumaq və Çinlə strateji üstünlük uğrunda mübarizədə liderliyi əldən verməmək məqsədini güdür.
Tramp administrasiyası Çinlə ticarət münasibətlərində daha sərt yanaşmalar tətbiq etməyə hazırlaşır.
Çin mallarına qarşı yeni ticarət tariflərinin tətbiqi gözlənilir. Bu tariflər ABŞ bazarını qorumaq və Çin məhsullarının rəqabət gücünü zəiflətmək məqsədini daşıyır.
Yeni tariflər qlobal ticarət sisteminə ciddi təsir göstərə bilər. Bəzi beynəlxalq təşkilatlar və müttəfiqlər bu addımları iqtisadi izolyasiya kimi qiymətləndirirlər.
Çin texnologiya şirkətlərinə qarşı məhdudiyyətlərin artırılması, ABŞ texnologiya sektorunu qorumaq üçün atılan addımlardan biridir.
Tayvan, ABŞ-Çin münasibətlərində həssas və gərgin bir məsələdir. Tramp administrasiyasının bu mövzuda sərt mövqe sərgiləməsi gözlənilir. ABŞ-nin Tayvana hərbi dəstəyi artırması, Çin ilə qarşıdurmanı daha da kəskinləşdirə bilər. Tayvanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə silah satışı və hərbi təlimlərin artırılması planlaşdırılır. Çin, Tayvan məsələsini “bölünməz ərazi bütövlüyü” kimi qəbul edir və ABŞ-nin Tayvana dəstəyini təxribat kimi dəyərləndirir. Bu, ABŞ-Çin münasibətlərini daha da çətinləşdirə bilər.
Tramp administrasiyasının Çinlə rəqabətdə əsas məqsədi ABŞ-nin Asiya-Sakit Okean bölgəsindəki mövqeyini gücləndirməkdir. ABŞ, Hindistan və digər Asiya ölkələri ilə strateji əməkdaşlığı genişləndirərək Çinə qarşı balans yaratmağı hədəfləyir. ABŞ, qlobal iqtisadi və siyasi liderliyini möhkəmləndirmək üçün Çinə qarşı strateji üstünlük əldə etməyə çalışır.
Çin, ABŞ-nin tarif siyasətinə qarşı öz ticarət məhdudiyyətlərini tətbiq edə bilər. Bu, iki ölkə arasında ticarət müharibəsinin dərinləşməsinə səbəb olacaq. ABŞ-Çin münasibətlərindəki bu gərginlik, digər ölkələri də təsirləndirərək qlobal iqtisadi sabitliyi təhdid edə bilər.
NATO və ABŞ
Donald Trampın ikinci prezidentlik dövründə NATO-ya münasibəti birinci dövründəki siyasətləri və ritorikası əsasında proqnozlaşdırıla bilər. Onun yenidən seçilməsi halında, NATO ilə əlaqələrin bir neçə əsas istiqamətdə təsirlənəcəyi ehtimal olunur:
Tramp NATO üzvlərinin müdafiə xərclərini ÜDM-in 2%-indən daha yüksək səviyyəyə çıxarması üçün təzyiqi artırmağa davam edəcək. Birinci dövründə bu məsələ onun əsas tənqid mövzularından biri idi və ikinci dövrdə daha sərt yanaşmalar nümayiş etdirə bilər.
Tramp NATO-nu ABŞ-nin maliyyə yükünü azaltmağa məcbur etməyə çalışaraq, ABŞ-nin NATO büdcəsinə verdiyi töhfələri daha da azaltma ehtimalı var. Tramp NATO-nun Rusiyadan çox beynəlxalq terrorizmə qarşı mübarizəyə yönəlməsini istəyirdi. İkinci dövründə bu yanaşmanı daha da gücləndirə bilər, xüsusən də Yaxın Şərq və Əfqanıstan kimi bölgələrdə NATO-nun iştirakını artırmağa çalışa bilər. Tramp ikinci dövründə NATO-nun daha çox Avropa liderliyinə keçməsi ideyasını təşviq edərsə, bu, ABŞ-ın NATO-dan strateji olaraq uzaqlaşmasına səbəb ola bilər.
Tramp ikinci dövründə ABŞ-ın NATO-dan çıxması məsələsini böyük ehtimalla yenidən gündəmə gətirəcək. Belə bir addım NATO-nun bütövlüyünə ciddi zərbə vura bilər və alyansın fəaliyyətində zəifliklər yarada bilər. NATO üzvləri arasında ABŞ-ın öhdəliklərinə olan etimadın azalması, Avropa ölkələrini öz müdafiə qabiliyyətlərini daha çox gücləndirməyə məcbur edəcək.
Trampın ikinci prezidentliyi dövründə NATO-ya münasibəti daha sərt maliyyə təzyiqləri, ABŞ-nin daha az müdaxiləsi və Avropanın liderliyinə daha çox diqqət yetirilməsi ilə xarakterizə olunacaq. Bunun, NATO-nun strukturunda və fəaliyyətində ciddi dəyişikliklərə səbəb olma ehtimalı yüksəkdir.
Ukrayna Münaqişəsi
Donald Tramp administrasiyasının Ukrayna məsələsində əvvəlki siyasətdən fərqli olaraq daha balanslı, lakin Rusiyaya yaxın mövqe tutacağı ehtimal olunur. Bu yanaşma ABŞ-ın beynəlxalq siyasətində yeni dinamikaları formalaşdıra bilər. Tramp administrasiyasının Ukraynaya hərbi dəstəyi azaltmaq niyyəti Rusiyanın regional gücünü artırmağa kömək edə bilər. ABŞ-nin Ukraynaya ağır silah və hərbi avadanlıq yardımlarını məhdudlaşdırması döyüş meydanında Ukraynanın müdafiə qabiliyyətinə mənfi təsir göstərə bilər. ABŞ-nin dəstəyinin azalması, Ukraynanın müdafiəsi üçün daha çox Avropa ölkələrinə arxalanmasına səbəb olacaq. Bu da NATO daxilində yeni gərginliklər yaradacaq.
Tramp administrasiyası Ukrayna münaqişəsinə dair bir “anlaşma” əldə etməyə cəhd edəcək. Bu siyasət həm ABŞ, həm də Rusiya arasında gərginliyi azaltmağa yönəlik olsa da, Ukraynanın suverenliyinə təhlükə yarada bilər. Tramp, ABŞ və Rusiya arasında razılıq əldə etməklə münaqişənin həllini sürətləndirməyə çalışacaq. Lakin bu yanaşma, Rusiyanın Ukrayna üzərindəki təsirini gücləndirəcək. Bu cür “anlaşmalar” Ukraynanın ərazi bütövlüyünü təhdid edərək. Donetsk və Luqansk regionlarının statusu ilə bağlı problemləri daha da mürəkkəbləşdirəcək. Trampın Ukrayna məsələsindəki siyasəti beynəlxalq səviyyədə geniş təsirlərə səbəb olacaq. ABŞ-nin Ukraynaya dəstəyinin azalması, NATO daxilindəki həmrəylik prinsiplərinə mənfi təsir göstərəcək bilər. Bu, Avropadakı müttəfiqlərin narazılığına səbəb olacaq. ABŞ-nin daha yumşaq mövqeyi, Rusiya ilə münasibətlərdə müsbət dinamika yarada bilər, lakin bu, Qərb dəyərləri və Ukraynanın maraqları ilə ziddiyyət təşkil edəcək.
Ukrayna və Avropa ölkələri bu siyasətə ehtiyatla yanaşır. Ukrayna rəhbərliyi ABŞ-ın dəstəyinin zəifləməsindən narahatlıq keçirir və Tramp administrasiyasından daha qətiyyətli dəstək gözləyir. Aİ, Ukraynanın müdafiəsi üçün ABŞ-dan müstəqil siyasət yürütməyə daha çox cəhd edə bilər. Bu isə Avropa müdafiə strategiyalarını gücləndirmək üçün yeni təşəbbüslərin yaranmasına səbəb olacaq. Bu siyasətlər, Ukrayna münaqişəsindəki tarazlıqları dəyişdirə və regional sabitliyə təsir edəcək.
Narkokartellər və Cinayətkar Qruplara Qarşı Mübarizə
Donald Tramp administrasiyası narkotik ticarəti və cinayətkar qruplarla mübarizəni prioritet məsələlərdən biri kimi müəyyən edib. Bu çərçivədə narkokartellərin terror təşkilatları kimi təsnif edilməsi və onlara qarşı daha sərt hüquqi və hərbi tədbirlərin tətbiqi planlaşdırılır. Narkokartellər, terror təşkilatları kimi təsnif edilərək, onlara qarşı daha sərt hüquqi yanaşma tətbiq ediləcək. Kartellərlə əlaqəsi olan şəxslər terrorizm ittihamı ilə üzləşə biləcək. Bu yanaşma, ABŞ-nin beynəlxalq terrorizmə qarşı mübarizə qanunlarının narkokartellərə də şamil edilməsinə şərait yaradacaq. Kartellərə maddi dəstək göstərən şəxslər və ya qurumlar maliyyə sanksiyaları və cinayət təqibləri ilə üzləşəcək. Tramp administrasiyası narkokartellərlə mübarizədə hərbi və hüquqi tədbirləri gücləndirəcək. Narkotik ticarətini idarə edən əsas qruplara qarşı xüsusi hərbi əməliyyatların həyata keçirilməsi planlaşdırılır. Bu əməliyyatlar əsasən ABŞ sərhədlərində və kartellərin fəaliyyət göstərdiyi bölgələrdə icra olunacaq. Yeni qanunvericilik təşəbbüsləri ilə narkokartellərə qarşı təqiblər gücləndiriləcək. Kartellərin liderləri və üzvləri ciddi cəzalara məruz qala bilər.
Kartellərin fəaliyyətinə qarşı mübarizədə ABŞ digər ölkələrlə əməkdaşlığı genişləndirəcək. ABŞ və Meksika arasında narkotik ticarətinə qarşı birgə əməliyyatların keçirilməsi üçün əməkdaşlıq gücləndiriləcək. Bununla belə, Meksika hökumətinin bu siyasətə reaksiyası müxtəlif ola bilər. Narkokartellərin qlobal miqyasda fəaliyyət göstərən maliyyə və tədarük şəbəkələrinin məhv edilməsi əsas hədəflərdən biridir. Bu yanaşma narkotik asılılığının azaldılması və cinayətkarlığın qarşısının alınması üçün ictimaiyyət tərəfindən geniş dəstək ala bilər. İnsan haqları təşkilatları bu yanaşmanı sərt və həddindən artıq aqressiv kimi qiymətləndirə bilər, xüsusilə hərbi əməliyyatların mülki şəxslərə təsiri ilə bağlı narahatlıqlar yaranacaq. Bu siyasət Tramp administrasiyasının narkotik cinayətlərinə qarşı daha sərt mübarizə aparmaq niyyətində olduğunu və bu yanaşmanın həm daxili, həm də beynəlxalq səviyyədə ciddi təsirlərə səbəb ola biləcəyini göstərir.
Qlobal İqlim Dəyişikliyi
Donald Trampın Paris İqlim Anlaşmasından çıxması qlobal iqlim dəyişikliyi ilə mübarizədə həm praktiki, həm də simvolik təsirlərə səbəb oldu.
Paris İqlim Anlaşması 2015-ci ildə dünya ölkələrinin iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün razılaşdırdığı bir beynəlxalq müqavilədir. ABŞ kimi böyük iqtisadiyyatın bu müqavilədən çıxması, beynəlxalq əməkdaşlığa və müqavilənin effektivliyinə ciddi zərbə vurdu. ABŞ-nin ayrılması nəticəsində digər ölkələrdə də müqaviləyə sadiqliyin zəifləməsi riski yarandı.
Tramp administrasiyası dövründə ənənəvi enerji mənbələrinə, xüsusən də kömür və neftə dəstək artdı. Bu, ABŞ-nin karbon emissiyasını azaltmaq üzrə əvvəlki məqsədlərinə çatmaq üçün atdığı addımları zəiflətdi. Kömür sənayesinə verilən dəstək, bərpa olunan enerji mənbələrinə yönəlik təşviqləri azaltdı və iqlim dəyişikliyi ilə mübarizəyə mənfi təsir etdi.
ABŞ tarixən iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələrdən biri olub. Trampın qərarı, ABŞ-nin bu sahədə qlobal lider kimi rolunu itirməsinə səbəb oldu. Bu boşluğu digər ölkələr, xüsusən də Çin və Avropa İttifaqı doldurmağa çalışsa da, ABŞ-nin təsir gücünü əvəz etmək çətin oldu.
Paris Anlaşmasından çıxmaqla yanaşı, Tramp administrasiyası bərpa olunan enerji texnologiyalarına dəstəyi azaldıb. Bununla belə, xüsusi sektor və bir çox ştat, məsələn, Kaliforniya, bərpa olunan enerjiyə yönəlmiş səyləri davam etdirdilər. Bu, ABŞ daxilində bərpa olunan enerji sahəsinin tamamilə çökməsinin qarşısını aldı, lakin federal səviyyədə irəliləyiş əhəmiyyətli dərəcədə azaldı.
Trampın qərarı ABŞ-nin iqlim dəyişikliyi ilə bağlı müzakirələrdəki beynəlxalq təsirini azaltdı və Çin kimi ölkələrə qlobal iqlim liderliyi sahəsində üstünlük qazandırdı. Bundan əlavə, bu addım ABŞ-nin gələcəkdə yaşıl texnologiyalara keçid edən dünya iqtisadiyyatından geridə qalma riskini artırdı.
Paris İqlim Anlaşması yalnız texniki deyil, həm də simvolik bir sənəd idi. ABŞ-ın ayrılması, qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizə üzrə kollektiv ruhu zəiflətdi. Bəzi ölkələr Trampın addımını bəhanə gətirərək öz iqlim öhdəliklərini yüngülləşdirmək istədi.
Donald Trampın Paris İqlim Anlaşmasından çıxması və ənənəvi enerji mənbələrinə dəstək siyasəti qlobal səylərə zərbə vursa da, bu müddətdə bir çox dövlət, yerli hökumət və qeyri-hökumət təşkilatları, həmçinin özəl sektor, iqlim dəyişikliyi ilə mübarizəni davam etdirdi. Bununla belə, ABŞ-ın siyasi qərarlarının qlobal səviyyədəki təsirləri uzun müddət hiss ediləcək. Bu qərar həmçinin gələcək administrasiyaların iqlim siyasətində daha qətiyyətli və ardıcıl olmasının vacibliyini ortaya qoydu.
Azərbaycan üçün təsirlər
ABŞ-nin Yaxın Şərqdəki mövqeyinin zəifləməsi: Donald Trampın siyasəti dövründə ABŞ-nin Yaxın Şərqdəki təsirinin azalması, bölgədə enerji bazarına olan nəzarətini də zəiflətdi. Bu vəziyyət, enerji resurslarına malik olan ölkələr, o cümlədən Azərbaycan üçün qlobal enerji bazarlarında daha böyük rol oynamaq imkanı yaradır.
Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm layihələrdən biridir. ABŞ-nin enerji siyasətindəki dəyişikliklər və Avropanın Rusiya qazından asılılığı azaltmaq cəhdləri Azərbaycanın qaz ixracının əhəmiyyətini artırır.
Azərbaycanın qaz və neft sahəsində inkişaf edən infrastrukturu, Asiya və Avropa bazarları arasında bir körpü rolunu oynayaraq, ölkəyə əlavə gəlirlər və strateji üstünlüklər qazandıra bilər.
ABŞ-nin Ukraynaya olan siyasi və iqtisadi dəstəyinin zəifləməsi, Rusiyanın bölgədəki təsirini artırdı…Azərbaycanın Türkiyə ilə strateji əlaqələri, bölgədə balansın qorunmasında mühüm rol oynayır. ABŞ-nin mövqeyinin zəifləməsi, Azərbaycan-Türkiyə əməkdaşlığını inkişaf etdirəcək.
Tramp administrasiyasının Çinə qarşı sərt tarif siyasəti, Asiya bazarlarında yeni ticarət yollarının və tərəfdaşlıqların yaranmasına səbəb oldu. Bu vəziyyət Azərbaycanın bir tranzit ölkəsi kimi strateji əhəmiyyətini artırır.
Azərbaycan, Şərq və Qərb arasında körpü kimi çıxış edərək, ticarət marşrutlarının diversifikasiyasına kömək edə bilər. Bu, Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə Azərbaycanın rolunu gücləndirir.
Tramp dövründə ABŞ-ın qlobal ticarət siyasətindəki dəyişikliklər, Azərbaycana bir çox investor üçün alternativ bazar kimi baxmağa imkan yaradacaq. Bu da ölkədə infrastruktur və texnologiya sahələrinə əlavə sərmayələr cəlb edəcək.
Azərbaycan, qonşu ölkələrlə iqtisadi əlaqələri daha da gücləndirərək, öz iqtisadi potensialını artırmaq və enerji və ticarət sahəsində liderliyini təmin etmək üçün imkanlar qazanır.
ABŞ-nin qlobal siyasətindəki dəyişikliklər Azərbaycan üçün həm risklər, həm də fürsətlər yaradır. Enerji bazarındakı mövqeyin gücləndirilməsi, geosiyasi sabitliyin qorunması və beynəlxalq ticarət imkanlarının genişləndirilməsi istiqamətində Azərbaycan strateji addımlar ataraq, bu vəziyyəti öz xeyrinə çevirə bilər. Azərbaycanın beynəlxalq arenada daha aktiv rol oynaması üçün infrastrukturun inkişafı, qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi və qlobal siyasətdə balanslı mövqe tutması vacibdir.
Nəticə
Donald Trampın ikinci prezidentlik dövrü qlobal siyasətdə köklü dəyişikliklərə yol açacaq və həm beynəlxalq arenada, həm də bölgə səviyyəsində yeni təhlükələr və imkanlar yaradacaq. Onun siyasəti müxtəlif istiqamətlərdə təsir göstərə bilər.
Trampın Amerika üçün "öncəlik" siyasəti ABŞ-nin beynəlxalq arenadakı liderliyini zəiflədəcək, eyni zamanda geosiyasi boşluqlar yaradaraq, Çin və Rusiya kimi ölkələr üçün təsir dairəsini genişləndirmək şansı təqdim edəcək. Bu dəyişikliklər, xüsusilə enerji siyasəti və beynəlxalq ticarət qaydaları çərçivəsində qlobal balansları yenidən formalaşdıracaq.
Azərbaycan bu dəyişikliklərə adaptasiya olmaq üçün regional və beynəlxalq səviyyədə strateji addımlar atır. Xüsusilə enerji sektorunun diversifikasiyası, iqtisadiyyatın qeyri-neft sektorlarına yönləndirilməsi və regional əməkdaşlığın artırılması ölkənin dayanıqlı inkişafını təmin edəcək. Geosiyasi sabitliyi qorumaq üçün balanslaşdırılmış xarici siyasət və qonşu ölkələrlə əməkdaşlıq əsas prioritetdir.
Regionda lider rolunu qorumaq üçün Azərbaycanın həm iqtisadi, həm də hərbi gücünü artırması vacibdir və bu istiqamətdə addımlar atılır. Eyni zamanda, qlobal enerji keçidinə uyğunlaşaraq bərpa olunan enerji sahəsinə sərmayələrin artırılması, Azərbaycanın qlobal enerji bazarlarında lider mövqeyini uzun müddət qoruyub saxlamasına kömək edəcək.
Donald Trampın ikinci dövrü həm risklər, həm də fürsətlərlə doludur. Azərbaycan bu dəyişiklikləri diqqətlə təhlil edərək, qlobal və regional səviyyədə öz maraqlarını qorumaq və mövqeyini gücləndirmək üçün çevik, balanslı və irimiqyaslı strategiya həyata keçirir. Bu, yalnız mövcud risklərin qarşısını almaqla yanaşı, Azərbaycanın beynəlxalq arenada təsir gücünü artırmaq üçün əhəmiyyətli bir mərhələ olacaq.
Vusal Mehdiyev
Beynəlxalq hüquq üzrə ekspert, ABŞ