Dünya düzəni üçün böyük dəyişikliklər gözlənilir Gündəm

Dünya düzəni üçün böyük dəyişikliklər gözlənilir

Azər Qasımov: “Trampın gəlişi ilə dünyada gərginliyin azalacağı yox, artacağı qənaətindəyəm”

ABŞ-ın seçkilərdən sonra hakimiyyətə gələn yeni prezidenti Donald Trampın dünyadakı münaqişələrə baxış tərzi, mövqeyi və verdiyi bəyanatlar beynəlxalq hüquq anlayışının yenidən yazılacağı qənaətini hasil edir. Dünyanın bölüşdürülməsi anlayışının beynəlxalq hüquqa zidd şəkildə yenidən şəkilləndiriləcəyini göstərir. Bu isə bu günə kimi formalaşmış müəyyən tezis və reallıqların alt-üst olacağı mesajını verir.

Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, dünya tamamı ilə yeni dövrə qədəm qoyur. Həm də bu günə kimi mövcud olmamış dövrə. Təbii ki, dünyanın yeni dövrə qədəm qoyması insanlıq tarixinin son yüz ilinin tendensiyalarının üzərində qurulur. Bazis kimi tarixi təcrübələr əsas götürülür. Çünki yeni dövrə hələlik insanlıq ad qoymayıb və bunun nəticələrinin nə olacağı barəsində hələlik heç bir anlayış mövcud deyildir. İlk növbədə bir fakt məlumdur ki, yeni dünya düzənini böyük güclərin maraqları çərçivəsində dəyərləndirmək lazımdır, hansı ki, bu, əvvəllər də belə olub. Gəlinəcək nəticənin isə tarixin əvvəlki dövrləri ilə eyni olacağı ehtimalı böyükdür. Məsələ nədir? Məsələ Rusiya və ABŞ-ın bu prosesdə planlarının baş tutub, ya tutmayacağıdır. Planlarının baş tutması durumunda Rusiyanın SSRİ-ni bərpa etməsi, ABŞ-ın isə öz ətrafında imperiya yaratması və dünyanın digər regionlarının özlərinin öz başlarının çarəsinə qalması durumu, baş tutmaması durumunda isə dünyanın daha böyük xaosa sürüklənməsi ehtimalı vardır: “Məsələlərin açıq şəkildə analizini aparmaq üçün Trampın Kanadanı, Qrenlandiyanı, hətta Meksikanı və Panama kanalını ABŞ-a birləşdirmək istəyini Rusiyanın Ukraynada qələbə hesab ediləcək indiki durumu ilə dayandırılması gözləntiləri fonunda baxmaq lazımdır. Trampın bu fikirlərinin həyata keçirilməsinə başlanılması durumu dünyanın müxtəlif regionlarında xaosa səbəb olacaq proseslərlə müşayət olunacaq. Məsələ ondadır ki, bu durumda Rusiyanın da ətrafına qarşı eyni addımı atmayacağı qarantiyası yoxdur, hansı ki, buna əslində çoxdan başlayıb. Sadəcə onda buna müxtəlif don geyindirmək məcburiyyətində idi, indi bunu açıq şəkildə istəyini bəyan etməklə edəcək. Çünki artıq bunu gizlətməyə ehtiyac qalmayacaq. Amma məsələnin mahiyyətini anlamaq üçün həm Rusiyanın mahiyyətini, həm də onun niyyətinin nə dərəcədə real olub-olmamasını anlamaq lazımdır. Ukraynaya hücum etməklə Rusiya o suala cavab verir ki, onun tədricən də olsa yeni formada köhnə imperiyasını diriltmək istəyi mövcuddur. Rusiyanın əslində mahiyyəti ondan ibarətdir ki, o, özünü rahat hiss etmək, öz eqosunun tələbatını ödəmək üçün imperiya qurmağa həvəslidir. Putin: "durğunluq yaxşı deyil, hərəkət, "dvijuxa" istəyirik"- deyə öz dili ilə dedi. Görünən odur ki, Putin rahat, avantürasız oturmaq istəmir. Onlara həyəcan lazımdır ki, ayaqda dursunlar. Bu, eyni ilə Tramp üçün də keçərlidir. Əgər Tramp da Putin kimi ətrafına hər hansı formada hücum etmək istəyirsə, deməli, o da Putindən geri qalmır”.

A.Qasımovun fikrincə, amma əsas məsələ dünyanın digər ölkələrinin, xüsusən də, bu iki ölkənin yaxın hədəfində olan ölkələrin bu istəklərə hansı münasibəti göstərəcəyi məsələsidir. Dünya göründüyü qədərilə böyük olsa da, artıq bir o qədər də kiçikdir. Dünya kimlərinsə istəklərinin başqalarına rəğmən həyata keçirəcəyi yer deyildir. İnsanlar öz yaşamaq tərzlərini bir qrup insanın istəyinə qurban verməzlər, əgər bu, onların yaşam fəlsəfələrinə zidd olarsa.

Dünya Trampın ABŞ Prezidenti kimi vəzifəsinə başlamasını yeni tarixi dövrün başlaması kimi görür. Trampdan gözləntilər hədsiz dərəcədə çoxdur. Onu bir qurtarıcı kimi dünyanın xilaskarı olacağı, müharibələri sonlandıracağı, dərin dövlət anlayışına

qlobalistlərə, müharibə lobbisinə qarşı addımlar atacağı gözləntiləri vardır.

Trampın xarakteri bu gözləntilərə cavab verirmi, onun komandası buna qadirdirmi, həqiqətən də Trampın məqsədi qeyd edilənlərdir sualı maraq doğurur: “Xarakteri baxımından Tramp hədsiz dərəcədə özündən razı, hegemon ruhlu, güc amilinə meylli və ona hörmət edən, qarşısındakı güclü adama istəməsə belə hörmətlə yanaşan, amma xarakterindəki zəif nöqtələri, ətrafındakı insanların mahiyyətindən irəli gələn özünün ruh halı onu deməyə əsas verir ki, Tramp göründüyü kimi lider və güclü insan deyil. Onu yönləndirmək mümkündür, hətta asandır. Verdiyi sözlərdən asanlıqla qaçan, bunun nəticəsinin onu üçün əhəmiyyətinin olmadığını, ən əsası isə məsuliyyət hissinin olmadığı qənaəti hasil olur.

Trampın yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycan və ABŞ arasındakı münasibətlərə yenidən istilik gətirmək üçün imkan yaranır.

Trampın keçən hakimiyyəti dövründə Azərbaycanla olan münasibətləri fonunda indiki hakimiyyətinin də iki ölkə üçün uğurlu olacağı ehtimalları böyükdür. Azərbaycan Prezidenti İlham Əliyev də bunu vurğulayıb və Trampı seçkidın sonra ilk təbrik edənlərdən biri olub.

Trampın bu dəfəki iddialı gəlişi onu deməyə əsas verir ki, ümumiyyətlə dünya düzəni üçün böyük dəyişikliklər gözlənilir. Azərbaycan Trampın dövründə özünün ən ciddi problemini həll etdi. Hesab etmək olar ki, indi də eyni münasibətlər mövcud olacaq. Trampın əslində Cənubi Qafqaz regionu adlı problemi yoxdur. Amma dolayısı ilə İrana qarşı hərbi əməliyyatlar keçiriləcəyi məsələsi regionda gərginlik yaratmaq gücündədir. Hesab edirəm ki, nə olmasından asılı olmayaraq Azərbaycan öz təhlükəsizliyini elə təmin edib ki, tək region ölkələri yox, ABŞ-ın da Azərbaycanla əməkdaşlıq istəyindən başqa çıxış yolu yoxdur. Azərbaycan regionun açar ölkəsi olmaqla yanaşı, eyni zamanda real gücüdür. Azərbaycan və ABŞ münasibətlərinin də buna görə inkişaf edəcəyi mütləqdir. Əminik ki, Trampın da fikirləri bu istiqamətdədir”.

ABŞ dövlətinin dünyanın idarə edilməsindəki rolu baxımından Trampın yenidən hakimiyyətə qayıtması mühüm əhəmiyyət kəsb edəcək. Dünya Trampın vəzifələrinin icrasına başlamasını səbirsizliklə gözləyirdi. Dünyada Trampın gəlişi ilə bir çox məsələlərdə həlledici addımlar atılacağı gözləntiləri vardır. Dünyada davam edən müharibələrin başa çatacağı, eyni zamanda, ABŞ daxilində baş verəcək dəyişikliklər barəsində Tramp inauqurasiya mərasimində mesajlar verdi. 4 illik hakimiyyəti dövründə Trampın bütünlüklə ABŞ-ı dəyişdirəcəyi, daha güclü edəcəyi bildirildi. Görünən odur ki, Tramp fikrində qəti və israrlıdır. Onun ultrasağ təmayüllü fikirləri və inauqurasiyaya dəvət etdiyi insanlardan da göründüyü kimi insan cəmiyyətinin gələcəyi baxımından atmaq istədiyi addımlar da maraq doğurur: “Hesab edirəm ki, Trampın qarşısında qoyduğu məsələlər baxımından işi çox çətin olacaq. Onun atacağı addımların hər biri böyük və riskli addımlardır.

Məsələlərin mahiyyəti onun etmək istədiyi kimi elə də asan iş deyil və 4 ilə sığması çətin məsələdir. 2025-ci ildən başlayaraq dünya düzəni böyük ölçüdə dəyişikliklər astanasında olacaq. Amma Trampın bu istəklərini necə həyata keçirməyə başlayacağını hamı maraqla gözləyir. Hesab edirəm ki, Trampın istəklərini həyata keçirməyə iradəsi olsa da, dünya elə də asan bir yer deyil ki, bütün arzular həyata keçsin. Trampın gəlişi ilə dünyada gərginliyin azalacağı yox, artacağı qənaətindəyəm. Çünki dünya tək bir insanın əli ilə idarə edilmir. Əgər Tramp nəyisə dəyişmək istəyirsə, onun dəyişmək istədiyi düzəni də quranlar var və onlar da böyük qüvvələrdir. Odur ki, qarşıdurmaların artacağı qənaətindəyəm. Təbii ki, müəyyən regionlarda sabitlik mümkün olacaq. Məsələn, əgər İrana hücum olmasa Yaxın Şərqdə.

Trampın fəaliyyətinin ilk günündə bütün dünyada ABŞ-ın yardım fəaliyyətlərini dayandırması qərarı verəcəyi öncədən bəlli idi. Bayden administrasiyası buna görə Ukraynaya ayrılan yardımı Konqresdən keçirmişdi. Ayrılan və təsdiqlənən yardımın Tramp tərəfindən bloklanması qərarının nə dərəcədə mümkün olub-olmamasını görəcəyik. Amma məsələ ondadır ki, Ukrayna müharibəsi başlanan dövrdən Trampın yenidən seçilməsi məsələsi dəqiqləşənə kimi Bayden administrasiyası Ukraynaya ayrılan yardımı çox ehtiyatla və xəsisliklə verirdi. Bu, ümumi yardımın az faizi idi. Hətta keçən ilin əvvəlindən 6 ay müddətində yardımı Konqresdən keçirə bilmədiyi üçün yardım belə etmədi. Amma Ukrayna yenə də Rusiyaya müqavimət göstərməyə davam etmişdi. Bunda təbii ki, Böyük Britaniya və Avropa İttifaqının rolu önə çıxmışdı”.

Aİ-nın Ukraynaya ABŞ kimi dəstək verməsi bundan sonra çətin olsa da, bu, onlar üçün həyati əhəmiyyət kəsb edən məsələ olduğu üçün məcbur Ukraynaya yardım edəcəklər. NATO-da bunda mühüm rol oynayacaq. Tramp Aİ ölkələrinin ümumdaxili məhsulun 2%-nin hərbi xərclərə ayrılmasını keçən hakimiyyəti dövründə tələb edirdi. İndi Aİ ölkələri daha yuxarı faizlərdən danışırlar: “Avropa ölkələri məcbur qalarsa, bu xərcləri artırmaqda tərəddüd etməyəcəklər. Çünki Ukraynanın təhlükəsizlik məsələsi Avropa üçün də əsas məsələdir. Rusiyanın təcavüzkar siyasətinə qarşı hazırlıqlı olmaq onlar üçün digər məsələlərdən vacibdir, xüsusən də, Tramp Avropanı Rusiya ilə baş-başa qoyacaqsa. Hesab edirəm ki, Aİ üçün Rusiya-Ukrayna müharibəsi indi başlayır. Onlar bu müharibənin ağırlığını öz üzərilərində hiss edəcəklər. Ukraynanın Rusiya ilə müharibədən məğlub çıxması Qərblə yanaşı Aİ-nın da məğlubiyyəti olacaq. Odur ki, buna imkan verəcəklərinə

inanmaq çətindir. Böyük Britaniya və Avropa İttifaqının bu məsələnin öhdəsindən gəlmək üçün imkanları var və bunu edəcəklər.

Dünyanın indiki məqamda gəldiyi durum əslində insan irqinin hələ də formalaşmasını başa çatdırmadığını göstərir. İnsan yarandığı gündən bu günə kimi dünyada necə yaşamağın yollarını axtarır. Görünən odur ki, hələ də bunu tapa bilməyib. Sakit, insan kimi sülh içərisində yaşamaq varkən müharibələrlə, hədə-qorxu ilə bir-birilərini idarə etməyə çalışması onu göstərir ki, hələ neçə əsrlər keçməlidir ki, insan həqiqəti tapa bilsin”.

Cavid