Bakı Tehrana toksik siyasətdən əl çəkməyi tövsiyə edir Gündəm

Bakı Tehrana toksik siyasətdən əl çəkməyi tövsiyə edir

Molla rejimi xislətini dəyişmir. Cənub qonşumuz həmişəki ampluasındadır. Biz rəsmi Bakının Tehranla dialoq səylərindən və eləcə də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 16-cı iclasının bu yaxınlarda uğurla baş tutmasından sonra, İran tərəfinin ölkəmizə qarşı destruktiv hərəkətlərini, qaralama kampaniyalarını dayandıracağını gözləyirdik. Ancaq molla rejimi bu dəfə də gözləntilərimizin doğrulmasına imkan vermədi.

Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.

QHT sədri vurğulayıb ki, SEPAH-ın nəzarəti altında olan İran mətbuatında anti-Azərbaycan kampaniyalarının davam etdirilməsi, Seyid Həsən Amuli kimi təxribatçı mollanı dəstəkləyən kampaniyanın aparılması, bir sıra digər din xadimlərinin Azərbaycan əleyhinə təbliğata cəlb olunması, Güney azərbaycanlıların milli şüurunun zəiflədilməsinə hesablanmış “Dünya Müsəlman Azərilər günü” kimi qondarma "bayram" tədbirinin keçirilməsi və bu qəbildən olan digər addımların atılması qəbuledilməz olduğu qədər də, həmçinin iki ölkə arasında münasibətlərə zərər vurmaq, İran-Azərbaycan münasibətlərini qəsdən qarşıdurma müstəvisinə keçirmək məqsədi daşıyır. Rəsmi Tehran isə bütün bunların qarşısının alınması üçün zəruri addımları atmır:
"Çünki İranın ali dini lideri ayətullah Seyid Əli Xameneinin özü də hazırkı məqamda Azərbaycana qarşı kirli kampaniyanın davam etdirilməsində və iki ölkə arasında siyasi böhranın daha da dərinləşməsində maraqlıdır. Molla rejimi ikili oyun oynayır və münasibətlərdə gərginliyi getdikcə artırır. Və bu məsələdə hazırda Tehran və Moskva ortaq mövqedən çıxış edir. Onlar Azərbaycana qarşı siyasi təzyiqləri əlaqəli şəkildə davam etdirirlər. Bu da ilk növbədə Azərbaycanın müstəqil siyasət yürütməsindən qaynaqlanır. Şimal və cənub qonşularımız rəsmi Bakının suveren mövqeyini həzm edə bilmir".
O, qeyd edib ki, Azərbaycan həm Rusiya, həm də İranla bərabərhüquqlu və qarşılıqlı faydalı qonşuluq, konstruktiv əməkdaşlıq münasibətlərinin oturuşmasında maraqlıdır. Heç bir ölkə Azərbaycanı öz forpostuna, vassalına çevirə bilməz. Azərbaycan Ermənistan kimi kvazi-dövlət deyil ki, gah Rusiya və İranın, gah da Qərbin marioneti rolunda çıxış etsin. Molla rejimi də artıq bu reallığı, bu həqiqəti qəbullanmalı və suveren Azərbaycanla normal münasibətlərə keçid etməlidir. Suriyada uduzan molla rejimi öz itkilərini Cənubi Qafqazda vəziyəti yenidən gərginləşdirməklə kompensasiya etməyə çalışmamalıdır. Bakı Tehrana toksik siyasətdən əl çəkməyi tövsiyə edir.

Cavid