Atəşkəs sülhə zəmanət vermir Gündəm
Baruh Leviev: “Terrorçular tamamilə məhv edilməsə, müsbət istiqamətdə heç bir dəyişiklik görməyəcəyik”
Yanvarın 16-da HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb. Qəzzada qüvvəyə minən atəşkəs çərçivəsində tərəflər arasında girov mübadiləsi başlayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilkin olaraq 3 girovu HƏMAS-dan təhvil alıb İsrail isə 90 girovu sərbəst buraxıb. İsrail əsgərləri Qəzzanın Rəfah bölgəsindən Misir-Qəzza sərhədi boyunca Filadelfiya dəhlizinə çəkilməyə başlayıb.
Onu da qeyd edək ki, Qəzzada girovların azad edilməsi və atəşkəs razılaşmasına etiraz olaraq İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir öz vəzifəsindən istefa verərək onun rəhbərlik etdiyi Yəhudi Gücü Partiyası Benyamin Netanyahunun hökumət koalisiyasını tərk edib.. İsraildə ifrat sağçı Yəhudi Gücü (Otzma Yehudit) Partiyasından daha iki nazir HƏMAS-la əldə olunan atəşkəs razılaşmasına etiraz olaraq istefa verib. Məlumata görə, İsrailin irs naziri Amiçai Eliyahu və milli davamlılıq naziri Yitzhak Vasserlauf istefa ərizəsi yazıb.
İsrailli ictimai xadim, “Yerusəlimin əli” təşkilatının rəhbəri, lobbist Baruh Leviev mövzu və digər məsələlərlə bağlı "Xalq Cəbhəsi"nin bir neçə sualını cavablandırıb.
- HƏMAS hərəkatı ilə İsrail arasında imzalanan məlum saziş bölgə nə vəd edir?
- Atəşkəs razılaşması bölgəyə zorakılıqdan müvəqqəti möhlət verə bilər. Lakin bu, çox güman ki, dərin siyasi və ideoloji ziddiyyətləri həll etməyəcək. Bu region illərdir davam edən münaqişələrdən əziyyət çəkir və hər hansı bir atəşkəs davamlı həll yolları olmadığı təqdirdə tərəflər üçün mübarizənin yeni mərhələlərinə hazırlaşmaq üçün yalnız bir fürsətdir.
- Sizcə, İsrail hərbi qüvvələrini Qəzza zolağından çıxardıqdan sonra vəziyyət necə dəyişəcək?
- İsrailin geri çəkilməsi HƏMAS və digər qrupların güc boşluğunu doldurmağa çalışacağı bir fürsət ola bilər. Bu, xaosun və İsrailə qarşı təhdidlərin artmasına səbəb ola bilər. Üstəlik, beynəlxalq nəzarət və sülhməramlı səylər olmadan region münaqişə meydanı olaraq qalacaq. Həmçinin, mən də daxil olmaqla, çoxları hesab edir ki, terrorçu hüceyrələr tamamilə məhv edilməsə, müsbət istiqamətdə heç bir dəyişiklik görməyəcəyik.
2005-ci ildə Qəzzadan qüvvələrin çıxarılmasının tarixi göstərdi ki, siyasi nizamlanmanın müşayiət olunmaması vəziyyəti daha da gərginləşdirə bilər.
- Atəşkəsin əldə olunması və girovların azad edilməsi prosesi sülhə nail olmaq üçün atılan addım sayıla bilərmi?
- Girovları azad edilməsi və atəşkəs razılığı düzgün istiqamətdə atılan addımlardır, lakin sülhə zəmanət vermir. Bu proseslər çox vaxt güzəştlər və çətin danışıqlarla müşayiət olunur ki, bu da tərəflərin xeyrinə istifadə oluna bilər.
Real dünya daha dərin qarşılıqlı anlaşma, ekstremizmin rədd edilməsi və güzəştə getmək istəyi tələb edir. Yarandığı ilk günlərdən HƏMAS açıq şəkildə bəyan etdi və bəyan edir ki, əsas məqsədləri İsraili və bütün yəhudiləri məhv etməkdir. Və bu, yeri gəlmişkən, onlar tərəfindən rəsmi olaraq elan edilir.
- Trampın bütün müharibələrə son qoyacağı fikrinə münasibətiniz necədir? Tramp bunu edə bilərmi?
Trampın bütün müharibələri bitirə biləcəyi fikri iddialı səslənir, lakin mümkün deyil. Tramp artıq İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşması kimi gözlənilməz diplomatik addımlar atmağa qadir olduğunu nümayiş etdirib.
Lakin qlobal münaqişələr bir çox amillərdən asılı olan mürəkkəb proseslərdir. Ən qüdrətli dövlətlərdən birinin lideri belə hər şeyə nəzarət edə bilmir. Onun ritorikası çox vaxt mürəkkəb problemləri sadələşdirir, lakin reallıq uzun və əziyyətli iş tələb edir. Baxmayaraq ki, ümid var. Sonda bir daha qeyd etmək istərdim ki, İsrail Qəzzada işi bitirməli və hamının xeyrinə terrorun kökünü kəsməlidir. Terrorçu qrupları məhv etmək üçün qətiyyətli tədbirlər görülməsə, regionda sabitlik əldə edilə bilməyəcək İsrail öz vətəndaşlarının təhlükəsizliyini təmin etməli və həm israillilərin, həm də fələstinlilərin xeyrinə uzunmüddətli sülh üçün şərait yaratmalıdır.
Hər il yanvarın 27-i Holokost qurbanlarının Beynəlxalq Anım Günü (International Holocaust Remembrance Day) kimi qeyd edilir. Bu günü yəhudilər necə yad edirlər.
Tarixə qısa nəzər salaq. Holokost İkinci Dünya Müharibəsi dövründə (1939-1945) milyonlarla avropalı yəhudinin təkcə milli mənsubiyyətinə görə soyqırımı hadisəsidir. Xatırladaq ki, yəhudilərə qarşı kütləvi soyqırımları Almaniyanın Nasist partiyasının lideri Adolf Hitler tərəfindən təşkil edilib. Alman Nasional Sosialist Fəhlə Partiyası (ANSFP) 1938-ci ilin noyabrından etibarən bir çox qiyam təşkil edib. Ən şiddətli qiyam 9-10 noyabrda həyata keçirilən “Kristal gecə” idi. Bu qiyamda yüzlərlə illik tarixi olan sinaqoqlar, yəhudilərin dükanları, evləri və digər mülkləri yandırılıb, 400 yəhudi öldürülüb, digərləri isə işgəncələrə məruz qalıb. Bundan sonrakı bir neçə gün içində 36.000 yəhudi xüsusi düşərgələrə köçürülüb. Nasistlər tərəfindən təkcə işğal olunan Polşa ərazisində yerləşən Auşvits həbs düşərgəsinin qaz kameralarında bir milyondan çox yəhudi qətlə yetirilib. Ümumilikdə Avropada yaşayan hər 10 yəhudidən 7-si bu faciə zamanı qətlə yetirilib. Soyqırımı hadisələri ümumbəşəri cinayətdir və insanlığa qarşı çevrilib. Bu hadisələr barədə ölkəmizdə hər il müxtəlif anım tədbirləri keçirilir və Holokost qurbanları yad edilir. Bu gün dünyanın hər yerində yəhudilər və qeyri-yəhudilər Holokost faciəsinə həsr olunmuş anım tədbirlərində, mərasimlərdə və müzakirələrdə iştirak edirlər. İsraildə dövlət səviyyəsində sağ qalanlarla görüşlər keçirilir, xatirə şamları yandırılır, qurbanların adları oxunur.
Bu soyqırıma görə Almaniyanın İsrailə təzminat ödəməsi necə həyata keçirilib...
İsrail həqiqətən də müharibədən sonra Almaniyadan təzminat tələb etdi və bu istiqamətdə çox şey əldə etdi və bu, 1952-ci il müqaviləsinin bir hissəsi idi. Ancaq bu, İsrail cəmiyyətində ciddi daxili mübahisələrə səbəb oldu, çünki bir çoxu pulun cinayətlərin bədəlini ödəyə bilməyəcəyinə inanırdı.
Nasizm qurbanlarının məhkəmə işlərini araşdıran qurum - İddialar Konfransı Almaniya hökumətinin Holokostdan sağ çıxanlar üçün daha 1,4 milyard dollar (1,29 milyard avro) ödəməyə razı olduğunu bildirib. Kompensasiyanın məbləği və verilmə qaydaları artıq Almaniyanın Maliyyə Nazirliyi ilə müzakirə edilib. Holokostun yaşlı və həssas qurbanlarına ev şəraitində yüksək səviyyədə qulluq xidmətləri göstərilməsi üçün ilkin mərhələdə 888,9 milyon dollar ayrılıb. Nyu-Yorkda fəaliyyət göstərən İddialar Konfransının verdiyi məlumata görə, bunlar hələ hamısı deyil. Holokostdan sağ çıxmış 128.000 nəfəri əhatələyən Çətinlik Fonduna Əlavə (Hardship Fund Supplemental) proqramı çərçivəsində ödənişlərin 175 milyon dollar artırılması barədə də razılıq əldə olunub. Holokostdan sağ çıxanlar üçün adambaşına ödənilən məbləğə əlavələr aşağıdakı kimi müəyyən olunub: hər dəfə üçün əlavə məbləğ 2024-cü ildə adambaşına təxminən 1370 ABŞ dolları, 2025-ci ildə 1425 dollar, 2026-cı ildə 1480 dollar və 2027-ci ildə 1534 ABŞ dolları məbləğində olacaq.
İddialar Konfransından bildirilib ki, bu ödənişləri alan sağ qalmış qurbanlar arasında düşərgələrdə olmayan rus yəhudiləri də var. Onlar uşaq ikən bütün yəhudi icmalarını məhv etmək tapşırığı almış “Aynsatzqruppen” (faşist Almaniyasının Təhlükəsizlik Polisinin Avropa ölkələrində və işğal etdiyi SSRİ ərazilərində dinc əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirən hərbiləşdirilmiş ölüm dəstələri) adlı mobil öldürmə dəstələrindən qaça biliblər. Aynsatzqruppen “yəhudi məsələsinin yekun həllində” aparıcı rol oynamışdı. Yüzlərlə, minlərlə yəhudini kütləvi şəkildə güllələyərək dərin quyulara gömən bu faşist qrupları tərəfindən ümumilikdə bir milyondan çox yəhudi qətlə yetirilib.
“Qaçmağı və sağ qalmağı bacaranlar cəmiyyətin ən çox zərərçəkmiş üzvləridir. Ailəni, insan sağlamlığını, mənəvi itkiləri heç nə ilə əvəz etmək mümkün deyil”, - İddialar Konfransının bəyanatında belə deyilir. Sitat: “Dəhşətli soyqırımından sağ çıxanlara ödənilən təzminatı artırmaqla Almaniya hökuməti bu faciənin həm psixoloji, həm də maddi baxımdan hələ də dərindən hiss olunduğunu qəbul edir. Əlbəttə, Holokost qurbanlarının başına gələnləri heç bir maddi dəyərlə ölçmək mümkün deyil”.
Məlumdur ki, Holokostdan sağ qurtulanlar artıq yaşlı insanlardır. Onların əksəriyyəti uşaq və ya gənc ikən sağlam qidadan, tibbi xidmətlərdən məhrum olunduqları üçün çoxsaylı problemlərdən əziyyət çəkirlər. Sağ qalanların sayı azaldıqca İddialar Konfransı da Holokost qurbanları üçün davam edən maliyyələşməni müzakirəyə çıxararaq, ödənilən təzminatı daha bir neçə il uzatmağa və yüksəltməyə nail olub.
Xatırladaq ki, Almaniya hökuməti 1952-ci ildən etibarən nasizm qurbanlarına görə 90 milyard dollardan çox kompensasiya ödəyib. Amma kompensasiya ilə bağlı problem ondan ibarətdir ki, Holokost qurbanlarının çoxu yoxsulluq içində yaşayır və ödənişlər həmişə onların real ehtiyaclarını ödəmir. Ölkəmizdə maliyyə yardımı göstərən başqa mənbələr də var.
Cavid