Trampın Ukrayna müəmması: sülh olacaqmı? Gündəm
Tramp Putini Ukraynada müharibəni dayandırmağa çağırış edib. O, “mən rus xalqını sevirəm və Prezident Putinlə həmişə yaxşı münasibətdə olmuşam”,-deyib. ABŞ Prezidenti həmçinin Rusiyaya və Putinə böyük bir yaxşılıq etmək niyyətində olduğunu bildirərək “gəlin bu axmaq müharibəni indi dayandıraq! O, yalnız vəziyyəti daha da pisləşdirəcək”,- deyə əlavə edib.
Tramp tezliklə razılığa gəlinməsə, Rusiyanın ABŞ-yə və bu tədbirə qoşulan digər ölkələrə satdığı bütün məhsullara yüksək vergi, rüsum və sanksiyalar tətbiq etməkdən başqa yolunun qalmayacağını vurğulayıb. ABŞ Prezidenti eləcə də diqqətə çatdırıb ki, o, Prezident olsaydı bu müharibə heç vaxt baş verməyəcəkdi.
Əslində vəziyyət necədir və bundan sonra Rusiya-Ukrayna cəbhəsində nə baş verəcək?
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “düşünmürəm ki, Trampın Rusiya-Ukrayna müharibəsini dayandırması, sülhün bərqərar olunması asanlıqla həll edilən məsələ olsun”,- deyə vurğulayıb: “Çünki seçki öncəsi kampaniyada Donald Tramp demişdi ki, 24 saat ərzində bu müharibəni dayandıracaq. O, sadəcə yardımları dayandıra bilər. Eyni zamanda, ABŞ NATO-nun üzvüdür. Yəni əgər bu müharibəni NATO başlayıbsa, NATO-Rusiya müharibəsi gedirsə, Ukraynadan bir vasitə kimi istifadə olunursa, bu sülh ancaq NATO-nun razılığı ilə əldə edilə bilər. Digər məsələ ABŞ Prezidenti Tramp və Rusiya Prezidenti Vladimir Putinin görüşüdür. Yəni ancaq bu görüşdən sonra həmin məsələyə aydınlıq gətirilə bilər”.
A.Nağıyev əlavə edib ki, Rusiya və Ukraynanın bir-birinə hansı şərtləri irəli sürməsi və hansı şərtlərin ətrafında müharibənin dayandırılması məsələsi müzakirə edilə bilər: “Həm də bu, 1-2 günün işi deyil. Təxmini rəqəm kimi 100 gün hesablanır. Bu 100 gün ərzində əgər ABŞ və Rusiya arasında, eləcə də Ukrayna və NATO arasında danışıqlar gedərsə və digər maraqlı dövlətlərin danışıqlar prosesinə cəlb olunması baş tutarsa müəyyən bir nəticəyə gəlmək olar. Çünki ortada ərazi iddiaları, ərazi bütövlüyünü tanımaq məsələsi var. Rusiyanın ələ keçirdiyi torpaqlar var. Eyni zamanda, Ukraynanın razılaşmadığı ərazilər var. Buna görə də əgər Tramp sadəcə olaraq elan edirsə ki, müharibəni dayandıracaq, bu zaman sadəcə atəşkəsə nail olmaq olar və bundan sonra hər bir tərəfin şərtlərini irəli sürməklə danışıqlar prosesinə başlamaq olar. Bu gün konkret olaraq Tramp Ukraynada müharibəni dayandıracaq məsələsi real deyil. Sadəcə olaraq əvvəldə qeyd etdiyim məsələlərin hamısı öz həllini tapmalıdır”.
“Trampın mesajları çox mətləblərdən xəbər verir”
Politoloq Oqtay Qasımov Trampın hələ seçki kampaniyası dövründən Rusiya-Ukrayna müharibəsini bitirəcəyi ilə bağlı açıqlamalar verdiyini və artıq onun vəzifə səlahiyyətlərinə başladığını deyib: “Onun ozamankı fikirləri ilə bugünkü fikirləri arasında müəyyən fərqlər hiss olunmaqdadır. Xüsusilə də Trampın son açıqlaması və Davos Forumunda video formatındakı müraciətində də bu məsələlərə toxunması onu göstərir ki, ABŞ Rusiyadan konkret addımların atılmasını gözləyir”.
O.Qasımov əlavə edib ki, Rusiya tərəfinin danışıqlarda daha sərt mövqe tutacağı ehtimalı var: “Belə ki, Rusiya əslində 2022-ci ildə keçirdiyi qeyri-qanuni referendumun nəticələrinə uyğun olaraq Ukraynanın işğal etdiyi ərazilərindən savayı, digər 4 vilayətin də, işğal olunmamış ərazilərin də onun nəzarətinə verilməsi şərti ilə müharibəni dayandırmaq istəyir. Təbii ki, buna nə Ukrayna razı olasıdır, nə ABŞ, nə də Ukraynanı dəstəkləyən digər dövlətlər. Onlar bu tələbi qəbul etməyəcəklər. Düşünürəm ki, D.Trampın mesajları çox mətləblərdən xəbər verir. Belə ki, o qeyd edib ki, Rusiya müharibəni dayandırmasa, onda Rusiyaya qarşı daha sərt sanksiyalar və yüksək vergi tarifləri tətbiq olunacaq. Bu da Rusiya üçün kifayət qədər ciddi problemlərin yaranması demək olacaq. Hər halda hər iki tərəf danışıqlarda maraqlı olduğunu ifadə edib və artıq yayılan məlumatlara görə bu günlərdə Putinlə Tramp arasında telefon danışığı gözlənilir. Təbii ki, hər iki prezidentin komanda üzvləri yəqin ki, bu görüşə detallı şəkildə hazırlıqları görəcəklər”.
“Savaşın dayanmasında Rusiya da maraqlıdır”
Politoloq əslində Rusiya tərəfinin də hazırda savaşın dayanmasında maraqlı olduğunu deyib: “Sadəcə olaraq savaş dayanana və danışıqlar masasına qədər daha çox əlini gücləndirmiş şəkildə oturmaq istəyəcək. Yəqin ki, tərəflər bir məsələdə razılaşa bilərlər ki, Rusiyanın işğal etdiyi ərazilər tanınmadan, amma Rusiyanın nəzarətində qala bilsin və buna uyğun olaraq atəşkəs imzalansın. Çox güman ki, ABŞ tərəfi təmas xəttində sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini önə sürəcək. Rusiyanın bunu qəbul edib-etməyəcəyini indidən söyləmək bir az çətindir. Lakin hesab edirəm ki, hazırda ABŞ və onun Prezidenti elə bir vəziyyətdədir ki, Rusiyaya daha çox təzyiq etmək imkanları var. Çünki Tramp Baydendən fərqli olaraq daha emosional, sürətli, sərt qərarlar verə bilən bir şəxsdir”.
“Rusiya tərəfi razılaşarsa, atəşkəs mümkündür”
Politoloq Əli Mustafa bildirib ki, Tramp Putini çağırıb, amma eyni zamanda qeyd edir ki, Ukrayna tərəfi sülhə razıdır, siz də razı olun: “Bu o deməkdir ki, əgər Rusiya tərəfi razılaşarsa, atəşkəs mümkündür. Ancaq orada bəzi qeydlər də var. Onların üzərindən keçməyək. Tramp bəyan edir ki, bu, Rusiyaya edilən yaxşı təklifdir. Həmçinin Tramp sülhü təmin etməminin çətin və asan yollarının olduğunu deyir. Tramp hesab edir ki, bunu asan yolla etsə daha yaxşı olar. Prinsipcə, Ukraynanın da, Rusiyanın da müəyyən iddiaları, şərtləri var”.
Ə.Mustafanən sözlərinə görə, anlaşılan odur ki, Ukrayna tərəfi ABŞ-nin, yəni Trampın şərtlərini qəbul edir: “Rusiya tərəfi də Trampın şərtlərini qəbul edərsə, o halda tərəflərin masa arxasında əyləşməsinə imkan yaranır. Amma Rusiya bu məsələyə sanki bir qədər isti yanaşmır. Bu da təsadüfi deyil. Ümumiyyətlə, Rusiyanın Ukraynaya hücumunun səbəbinə biz bir daha diqqət yetirsək, əslində bu hücumun sıradan bir əməliyyat olmadığını, Rusiyanın yeni dünya düzənində öz yerini bərkitmək üçün daha geniş əraziləri əhatə edən yeni imperiya qurmaq niyyətinin olduğunu ortaya qoyduğunu görərik. Yəni anlaşılan odur ki, bu niyyət hələ də Rusiyada diridir. Rusiya yenə də böyüməkdə, daha böyük bir imperiya, güc mərkəzi olmaqda israrlıdır. Ona görə də bu atəşkəsin olmasını və Ukraynanı işğal etməkdən imtinanı hələlik göz önünə gətirmir”.
“Rusiya ABŞ ilə razılaşmasa, ABŞ Ukraynanı dəstəkləyəcək”
Politoloq Trampın təklifinin isə çox əlverişli, Rusiya üçün də uyğun olduğunu deyib: “Tramp əgər tərəflər razılaşmazsa, o halda vergilərin, rüsumların və sanksiyaların artırılacağını bəyan edir. Yəni dolayısı ilə Rusiyaya bir xəbərdarlıq edir ki, sülhə getməsəniz sizə qarşı biz iqtisadi sanksiyalar tətbiq edəcəyik. Bu isə o anlama gəlir ki, Rusiya ABŞ ilə razılaşmasa, ABŞ bir formada Ukraynanı dəstəkləyəcək, onun yanında olacaq. Hələlik iqtisadi dəstəklə gedir, amma Trampın köməkçisinin hazırladığı təkliflərdə Ukraynaya ciddi hərbi dəstək də nəzərdə tutulur. Yəni bütün bunları ümumiləşdirsək, belə bir qənaətə gələ bilərik, əgər Rusiyanın böyük imperiya ambisiyaları yoxdursa, həqiqətən Rusiya bölgədə sülhün, dövlətlərarası əməkdaşlığın baş tutmasını, Ukrayna ilə yenidən dinc, yanaşı yaşamanın mümkünlüyünü göz önünə gətirirsə, o halda bu anlaşma mümkündür. Yox, Rusiya böyük ambisiyaları yenidən Rus imperiyası yaratmaq və dünyada hökm etmək iddiaları qüvvədədirsə, o halda, əlbəttə, ABŞ-nin də təklifləri yəqin ki, havada qalacaq. O halda mümkündür ki, müharibə davam etsin və ABŞ-nin Tramp administrasiyası dönəmində də Ukraynanı bir formada dəstəklədiyini biz görə biləcəyik”.
Röya İsrafilova