“Rusiya-Ukrayna arasında yaxın zamanlarda atəşkəsin imzalanması real görünmür” Gündəm

“Rusiya-Ukrayna arasında yaxın zamanlarda atəşkəsin imzalanması real görünmür”

“Tramp həm inaqurasiyadakı, həm də Davosdakı çıxışında Rusiya-Ukrayna müharibəsinin qısa zamanda bitməli olduğunu vurğuladı və Putinlə görüşməyə hazır olduğunu bildirdi. Putin administrasiyası da Trampla görüşlərə hazır olduqlarını bildiriblər. Məsələ burasındadır ki, hər iki tərəf görüşlərə hazır olduqlarını bildirir, amma ortada real bir hadisə yoxdur. Bu da ondan irəli gəlir ki, Ukrayna və Rusiyanın mövqelərində ciddi fərq var”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

S.Zahidov Rusiyanın atəşkəs istəmədiyini bildirib: “Yəni Trampın Rusiya Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun planına əsasən Rusiya-Ukrayna arasında atəşkəs imzalanır, hər iki tərəf cəbhədəki mövqelərində dayanırlar. Eyni zamanda, Rusiyaya qarşı tətbiq olunan sanskiyaların bəzisi geri götürülür və Ukraynaya humanitar yardımlar edilir. Amma bu variant Putini qane etmir. Putin öz çıxışlarında bildirir ki, biz hansısa bir atəşkəs istəmirik. Reallıq ondan ibarətdir ki, hazırda Donbasda cəbhədə Rusiya qüvvələri müəyyən üstünlüyə sahibdirlər və artıq strateji əhəmiyyətli Pokrovsk yaşayış məntəqəsinin 5 kilometr yaxınlığındadırlar”.

Politoloq vurğulayıb ki, həmin ərazinin ələ keçirilməsi bütün Donbasdakı vəziyyəti rusların lehinə dəyişə bilər və bununla bütün Donbas Rusiyanın nəzarəti altınakeçə bilər: “Ona görə Putin indiki halda onu atəşkəsin qane etmədiyini deyir. Çünki atəşkəs nəticəsində ukraynalılar nəfəs ala bilərlər, yenidən döyüş mövqelərini möhkəmləndirə bilərlər və Rusiyaya qarşı müqavimət imkanları daha da artmış olar. Ona görə də Putin qeyd edir ki, bizə uzunmüddətli real sülh sazişi lazımdır ki, həmin sülh sazişində birincisi, Ukraynanın heç vaxt NATO-ya girməyəcəyi təsbit olunsun, ikincisi, Ukraynanın ordusu, hərbi texnikası azaldılsın və nəhayət üçüncüsü, Ukrayna cəbhədəki reallığı, yəni Ukraynanın 5 ərazisinin Rusiyanın nəzarəti altında olduğunu qəbul etsin. Bu şərtlərin Zelenski tərəfindən qəbul olunmağı inandırıcı deyil. Çünki bu, Ukraynanın tam məğlubiyyəti demək olar, xüsusilə də 5 əyalətin Rusiya ərazisi kimi tanınması”.

O həmçinin bildirib ki, digər tərəfdən Zelenski qeyd edir ki, atəşkəsin imzalanması üçün də təhlükəsizlik təminatı lazımdır: “Bunun üçün Zelenski təxminən 200 minlik Avropa ordularının Ukraynada yerləşdirilməsini təklif edir. Buna isə nə Rusiya razılıq verir, nə də Avropanın özündə də bununla bağlı vahid mövqe var. Yəni bütün bu baş verənlər, tərəflərin mövqeyində böyük fərqlərin olması onu deməyə əsas verir ki, yaxın zamanlarda atəşkəsin və ya sülh sazişinin imzalanması real görünmür”.

Röya İsrafilova