“Fransa təklənən tərəf kimi ortada qalıb” Gündəm

“Fransa təklənən tərəf kimi ortada qalıb”

“Fransa özünün arxa bağçası kimi baxdığı Afrika qitəsində Türkiyənin güclənən nüfuzu və böyüyən maraqları ilə qarşılaşır. Bu, qlobal tendensiyalarda, dünya siyasi mexanizmləri üzərində təsirlərdə rolu azalan Fransa üçün əlavə problemlər deməkdir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov deyib.

A.Kərimov əlavə edib ki, Türkiyə Afrika qitəsində Fransanın nüfuzunun zəifləməsi fonunda müdafiə, təhlükəsizlik, iqtisadiyyat və təhsil sahələrində böyük strateji irəliləyişlər əldə edir: “Bunun davamı olaraq Türkiyə ilə Fransanın Afrikada birbaşa toqquşma ehtimalları istisna olsa da, gələcək rəqabət müstəvisində onlar bir-biriləri ilə mübarizə aparacaq. Bununla belə Fransa hələ də Afrikada öz təsirlərini tamamilə itirməyib. Hərçənd ki, proseslər Fransanın Afrikadan sürətli bir şəkildə çıxarılmasına hesablanmış addımların bir kodeksidir. Bu baxımdan hesab edirəm ki, Türkiyənin Yaxın Şərqdə nüfuzunun yüksəlməsi onun Afrikadakı maraqlarına da ciddi təsir edəcək və Fransa həmin maraqların qarşısında aciz vəziyyətdə qalacaq”.

Siyasi şərhçi həmçinin bildirib ki, Türkiyənin Afrikada rəqabəti təkcə Fransa ilə deyil, Rusiya və digər oyunçularla da toqquşur. STM əmədakşı Çin faktoruna da diqqət çəkib: “Nəzərə alaq ki, Çin də Afrikada böyük nüfuza malikdir, iqtisadi ekspansiyasını həyata keçirir. Lakin mən Türkiyə ilə Çinin birbaşa rəqabət səhnəsi quracağına inanmıram. Ona görə ki, Türkiyənin strateji xarici siyasət doktrinasında Çinlə mümkün münaqişələrdən qaçmaq hiss olunmaqdadır. Bütün bunların işığında isə Fransa təklənən tərəf kimi ortada qalıb və Afrika qitəsində öz maraqlarının sarsılmasını sadəcə olaraq müşahidə edir”.

Röya İsrafilova