“USAID daha çox təxribatla, ölkələri qarışdırmaqla, rəngli inqilablarla məşğuldur” Gündəm

“USAID daha çox təxribatla, ölkələri qarışdırmaqla, rəngli inqilablarla məşğuldur”

“Biz USAID-in fəaliyyətinə baxanda, onun fəaliyyətini təhlil edəndə bu struktur və qurumun dünyanın müxtəlif yerlərində təxribatla, rəngli inqilablarla, müstəqil siyasətin qarşısının alınması ilə məşğul olduğunu görürük. Yəni bu gün USAID-in fəaliyyətində bu, əsas bir istiqamət kimi hər zaman özünü göstərir və həmişə də birmənalı qarşılanmır”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat vurğulayıb ki, Azərbaycan müstəqil siyasət həyata keçirdiyinə görə biz hər zaman bu qurum tərəfindən ölkəmizə qarşı tədbirlərin təşkil olunduğunun, təxribatların baş verdiyinin açıq-aydın şahidiyik: "Ona görə də bu mənada hesab edirəm ki, Gürcüstanda baş verən hadisələr və digər ölkələrdə baş verən proseslər də bir daha onu göstərir ki, Azərbaycan haqlı olaraq Prezident İlham Əliyevin qeyd etdiyi formada davamlı olaraq bu təşkilata öz mövqeyini və münasibətini bildirib”.

C.Məmmədov ABŞ Prezidenti Trampın USAID layihələrini dayandırması addımını yüksək dəyərləndirib: “Bu, çox doğru bir addımdır. Bu addımın atılması zamanın tələbi idi. Belə bir addımın atılması yalnız və yalnız ABŞ-nin siyasətinin qarşısının alınması üçün xüsusi əhəmiyyət daşıyır. ABŞ bu cür təxribatlardan, fəaliyyətlərdən uzaq olmalı, digər dövlətlərə qarşı təxribatlara yol verməməli və məsələlərə daha diqqətlə, həssaslıqla yanaşmalıdır”.

Röya İsrafilova