“Rusiya siyasi etikadan çox uzaq olan mövqedən çıxış edir” Gündəm

“Rusiya siyasi etikadan çox uzaq olan mövqedən çıxış edir”

“Rusiya son davranışları ilə növbəti dəfə təsdiqləyir ki, imperialist dövlətdir və xarici siyasətində də imperialist yanaşma tərzi üstünlük təşkil edir. Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmasında vurulub. Bunu inkar etmək mümkün deyil. Üstəlik də bu təyyarənin “Pantsir-S” raketi ilə vurulduğu təsdiqənib. Rusiya isə çox qəribə şəkildə bu faktların üstünü ört-basdır etməklə çalışır ki, guya təyyarənin hansısa qeyri-hərbi faktorlar üzərindən qəzaya uğradığını sübut eləsin. Halbuki, Rusiya doğrudan da özünə hörmət edən qürurlu dövlət olsaydı, baş vermiş hadisənin məsuliyyətini öz üzərinə götürüb üzrxahlıq edərdi, ardınca da kompensasiya ödəyərdi və bu məsələ bitərdi. Ancaq onlar siyasi etikadan çox-çox uzaq olan bir mövqedən çıxış edirlər. Üstəlik bunu Rusiya KİV-lərində geniş şəkildə təbliğ edirlər və Azərbaycanla münasibətlərin korlanması istiqamətində addımlar atırlar”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

E.Xalidbəyli diqqətə çatdırıb ki, Rusiyanın bu addımları Azərbaycandan daha çox Rusiyanın özü üçün zərərlidir: “Çünki Rusiyanın dünyada dostları o qədər də çox deyil. Hətta normal münasibətləri olan ölkələrin də sayı çox deyil. Məsələn, Rusiyanın ən yaxın dostları hesab olunan ölkələrin sırasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələr sayılır. Yəni Rusiyanın hərbi müttəfiqləri Rusiyanın ən yaxın dostları hesab olunur. Amma onların tərkibinə baxanda Rusiyaya heç kimin rəğbət göstərmədiyi, sadəcə bunu mümkün qədər ört-basdır etdiyi müşahidə edilir. Məsələn, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə, eyni zamanda, ikili müqavilə ilə Rusiyanın hərbi müttəfiqidir. Ermənistan Rusiyaya xəyanət edib Qərbə doğru qaçır və hazırda Rusiyanın düşmənlərinin yanındadır”.

Politoloq bildirib ki, digər tərəfdən Belarus Qərbin təzyiqləri qarşısında Rusiyanın yanında yer almaq məcburiyyətində qalsa da, biz əvvəlki dövrlərdən bilirik ki, Rusiya ilə Belarus arasında da kifayət qədər ciddi ziddiyyətlər mövcuddur: “Hətta Prezident Aleksandr Lukaşenko Rusiyanın Belarus üzərində böyük qardaş funksiyalarını icra etmək istəyini bəyan etmişdi. Bunun da yolverilməz olduğunu bildirmişdi. Sonradan Qərbin təzyiqləri o həddə çatdı ki, Belarus Rusiyanın yanında daha yaxın dayanmaq məcburiyyətində qaldı. Digər tərəfdən Qazaxıstanın Rusiya ilə münasibətlərinin normal olduğu qətiyyən inandırıcı görünmür. Qazaxıstanın Prezidenti dəfələrlə bunu biruzə verib. Məsələn, Qazaxıstan Rusiyanın istəyinin əksinə olaraq Ukraynanın ərazi bütövlüyünü tanıdığını birmənalı şəkildə bəyan etməkdə davam edir, Rusiyaya Ukrayna savaşında dəstək verməkdən imtina edir, həmçinin bir müddət öncə Putin Astanaya səfəri çərçivəsində çıxış edərkən Qazaxıstanın rusdilli ölkə olduğunu bildirmişdi. Putinin çıxışından dərhal sonra Qazaxıstan Prezidenti qazax dilində cavab verməklə çox etik və dəqiq şəkildə Prezident Putinə yerini göstərdi. Yəni bütün bunlar onu göstərir ki, Rusiyanın dostu yoxdur”.

Röya İsrafilova