Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan
10 Fevral 23:24
“Son günlər Rusiya ilə bağlı məsələ diqqəti bir sahəyə də yönəltməyi vacib edir. Söhbət Rusiyaya məxsus telekanallardan gedir”.
Bunu xalqcəbhəsi.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi, Əməkdar jurnalist Nadir İsmayılov deyib.
Onun sözlərinə görə, söhbət rəqəmsal efir yayımı xidmətləri, xalq dilində desək, xarici və yerli telekanalların nümayişi üçün paketlər təqdim edən bəzi televiziya operator və şirkətlərindən gedir: “Məsələ burasındadır ki, bu paketlərin böyük əksəriyyətində rus dili hakim kəsilib. Daha da konkretləşdirərək deyək ki, hansısa paket təqdim edilirsə, həmin paketdəkilərin az qala yarıdan çoxu ya Rusiya telekanalları olur, ya da xəbər yayımlarını və ya filmləri rus dilində verən kanallar”.
N.İsmayılov bu məsələ ilə bağlı konkret faktların olduğunu da bildirib: “Əslində, bu məsələ uzun müddətdir bizi düşündürürdü. Eyni zamanda, həm özümüzün üzləşdiyimiz, həm də qohum-qonşulardan aldığımız məlumata əsaslanaraq bəzi araşdırmalar aparmaq qərarına gəldik. Lakin təkcə iki fakt üzrə araşdırmamızın ortaya çıxardığı vahiməli məqam məsələnin tezliklə ictimaiyyətin və yetkili qurumların diqqətinə çatdırmağın vacib olduğu qənaətini yaratdı. Məsələ burasındadır ki, yuxarıda bəhs edilən xidmət üzrə operatorlardan ikisinin paketinə daxil olan kanalların siyahısına ötəri bir nəzər saldıq. Bəlli oldu ki, həmin operatorlardan birində paketdə təqdim edilən 150-yə yaxın kanaldan 70-dən çoxu, digərində isə təqdim edilən 200-dən çox telekanaldan 90-dan çoxu Rusiyanın, yaxud yayımı rus dilində edən kanaldır. Qeyd edim ki, bu siyahı sırf xarici telekanallarla bağlı statistikadır. Müqayisə üçün deyək ki, həmin paketlərdəki Türkiyəyə məxsus telekanalların sayı heç Rusiya telekanallarının yarısı qədər də deyil. Yəqin ki, vəziyyətin nə qədər vahiməli olduğu ortadadır”.
CASCFEN sədri, daha sonra “Təsəvvür edin ki, biz aylıq pul ödəyib paket alırıq və məlum operator, yaxud şirkətlər bunun müqabilində rus dilini, dolayısı ilə də rus təbliğatını bizim evlərimizə soxurlar. Bizi məcbur edirlər ki, bekar olanda yalnız rus dilində, yaxud Rusiyaya məxsus filmlərə, əyləncəli verilişlərə baxaq. Yaxud dünyadan xəbər tutmaq istəyəndə axtardığımız xəbər kanalları içərisində rus kanalları daha çox “gözə girsin”” deyə əlavə edib.
N.İsmayılov bildirib ki, ən dəhşətlisi və təhlükəlisi isə həmin paketlərdə uşaqlara hesablanmış kanallarla bağlıdır: “Təsəvvür edin ki, paketlərdə uşaqlar üçün olan bölümə daxil edilən kanalların da az qala tən yarısı Rusiyaya məxsus telekanallardır! Hər halda millətimizin gələcəyi olan uşaqların milli ruhdu böyüməsinə məsul olan müvafiq qurumlar da vəziyyətin nə qədər vahiməli olduğunun fərqindədirlər. Belə anlaşılır ki, biz özümüz uşaqlarımızın yad təsir altında, başqa millətin dili və mədəniyyətinə xidmət edən kanallara baxaraq milli duyğulardan uzaq şəkildə böyüməsinə şərait yaradırıq. Halbuki cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında uşaq və gənclərin milli ruhda tərbiyə alıb böyüməsinin vacibliyini bəyan edib, bunun üçün addımlar atılmasını müvafiq qurumlar qarşısında əsas vəzifələrdən biri kimi qoyub. Bəs bizlər, həmin çağışlara necə cavab veririk?! Yəqin ki, bu narahatlığımızın dilə gətirilməsindən sonra müvafiq qurumlar bəhs etdiyimiz məsələni də diqqətə alacaq, lazımi addımlar atacaqlar”.
Əməkdar jurnalist Rusiya telekanallarının başqa kanallarla dəyişilməsi ilə bağlı təklif də səsləndirib: “Cənab Prezident İlham Əliyev bəyan edib ki, bizim ailəmiz türk dünyasıdır. Elə isə gəlin bizə tamamilə yad, özü də zərərli fikirlər, mədəni dəyərlər aşılayan ölkənin telekanallarının evimizə soxulmasına son qoyaq və onları ailəmizin, yəni türk dünyasının kanalları ilə əvəz edək. Örnək üçün, Türk Dövlətləri Təşkilatına üzv olan Türküstan – Orta Asiya türk dövlətlərinin, həmçinin Kuzey Kıbrıs Türk Cümhuriyyətinin hər birindən bir, yaxud iki xəbər, bir əyləncə, bir uşaq kanalını bu paketlərə əlavə etmək mümkündür. Lap elə Macarıstanın da ingilis dilində yayım edən kanalını əlavə etmək olar. Hesab edirik ki, bu, həm türk dünyasındakı bağlarımızı daha da gücləndirər, həm də qardaş ölkələrin xalqlarının bir-birinin dilini öyrənməsinə vəsilə olar”.