![Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan](https://xalqcebhesi.az/media/2025/02/10/225x136/tramp-yeni.jpg)
Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan
10 Fevral 23:24
“Rusiya imperialist bir dövlət olduğuna görə digər dövlətlərlə, xüsusən də postsovet məkanında olan dövlətlərlə öz hegemonluğu üzərindən münasibətlər qurmağa çalışır. Halbuki, o dövr artıq keçib. Rusiya ciddi şəkildə zəifləyib və artıq bundan sonra Rusiyanın MDB məkanında hegemonluq eləmək şansı qazanacağı qətiyyən inandırıcı görünmür”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Politoloqun sözlərinə görə, Rusiya tərəfindən Azərbaycana qarşı qərəzli və absurd kampaniyanın başladılması heç bir nəticə verməyəcək: “Sadəcə bu kampaniya onu göstərir ki, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik heç vaxt mümkün deyil. Çünki Ermənistan açıq şəkildə Rusiyaya xəyanət edib Rusiyanın düşmənlərinin yanında yer alır və Rusiyanın əleyhinə addımlar atır. Ancaq Rusiya Ermənistana münasibətdə maksimum səviyyədə tolerantdır, eyni zamanda, Rusiyanın media məkanında da Ermənistana qarşı belə hücumlar müşahidə olunmur. Amma Azərbaycanın sərnişin təyyarəsinin vurulmasından sonrakı prosesdə Rusiya birmənalı şəkildə Azərbaycanla qarşıdurmaya getdi”.
E.Xalidbəyli vurğulayıb ki, Azərbaycanın Rusiyaya aid “Rossotrudniçestvo” təşkilatını Azərbaycandan çıxarması tamamilə doğru addımdır: “Rusiya kəşfiyyatını ört-basdır edən bu təşkilatın Azərbaycanda fəaliyyəti həqiqətən də dayandırılmalıdır və bu da Rusiyada siyasi dairələri ciddi şəkildə qıcıqlandırır. Çünki Rusiya Azərbaycanda daha bir kəşfiyyat mexanizmini itirmiş olacaq. Lakin Rusiyanın Azərbaycana təzyiq göstərmək cəhdləri tamamilə mənasız, absurd bir şeydir. Çünki Azərbaycan artıq sübut edib ki, Rusiyaya da, Qərbə də lazım olan cavabı verməyi bacarır. Məsələn, “Rossotrudniçestvo” təşkilatının qabadılması ilə bağlı prosesin ABŞ-nin kəşfiyyat mexanizmi rolunu oynayan USAID-in qapadılması ilə paralellik təşkil etməsi Azərbaycanın hər iki qütbün nəhəng dövlətinə qarşı müqavimət və yerini göstərmək qabiliyyətinin həddindən artıq yüksək olduğunu göstərir. Ona görə də Rusiyada Azərbaycana qarşı aparılan təbliğat tamamilə boş, mənasız, məntiqsiz bir prosesdir və onlar Azərbaycanın belə kampaniyaların qarşısında geri çəkiləcəyini düşünürlərsə, olduqca sadəlövh düşüncə tərzinə malikdirlər. Azərbaycan bu imperialist davranışların qarşısında geri çəkilməyəcək”.
Röya İsrafilova