Peşə təhsilinin stimullaşdırılması müəyyən güzəştlərin tətbiqi ilə məhdudlaşmamalıdır – Deputat Gündəm

Peşə təhsilinin stimullaşdırılması müəyyən güzəştlərin tətbiqi ilə məhdudlaşmamalıdır – Deputat

Motivasiya xarakterli atılan addımların sərhədlərinin daha da genişləndirilməsinin vacib olduğunu düşünürəm. Peşə təhsilinin stimullaşdırılması prosesi sadəcə olaraq müəyyən güzəştlərin tətbiq olunması ilə məhdudlaşmamalıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Elçin Mirzəbəyli deyib.

Millət vəkili bildirib ki, peşə ixtisaslarının əmək bazarına uyğunlaşdırılması istiqamətində addımlar atılmalıdır:

“Bu sahədə işlər görülür, amma, qənəatimə görə, görülən işlərin sayı azdır. Peşə təhsilinə əmək bazarındakı boş yerlərin doldurulması istiqaməti kimi yanaşmağın da doğru olmadığı qənaətindəyəm. Bu məsələyə yeni iş yerlərinin yaradılması kontekstindən baxılmalıdır”.

Elçin Mirzəbəylinin sözlərinə görə, bu gün peşə sahəsində təhsil alan şəxs həm də gələcəyin iş yeri yaradıcısına çevrilir.

“Həyata keçirilən planların təkcə təhsil sistemi üzərindən deyil, digər istiqamətlərdə də motivasiya xarakterli addımların atılması, peşə təhsili sahəsində təhsil alan şəxslərin öz iş yerlərinin yaradılması istiqamətində atacağı addımlara dövlətin faizsiz uzunmüddətli kreditlər, biznes layihələri ilə dəstək verməsi vacibdir. Sosial xarakterli addımlar vacib faktorlardan biridir. Bu prosesin özünə gələcəyin qeyri-neft sektorunun inkişafının tərkib hissəsi kimi baxmaq lazımdır”, - deyə deputat qeyd edib.