“Bu sanksiyada heç bir dəyişiklik edilməyib”-millət vəkili Gündəm

“Bu sanksiyada heç bir dəyişiklik edilməyib”-millət vəkili

“Biz Cinayət Məcəlləsinin 308.2-ci maddəsini-yəni dövlət satınalmaları haqqında qanunvericiliyi pozmağa görə məsuliyyət nəzərdə tutan normanı ikinci oxunuşda müzakirə edirik.
Hörmətli həmkarlar, biz adətən cərimələri artıranda bizə deyilir ki, bu daha çox pul vəsaiti toplamaq yox, ölkəmizdə qanunvericiliyə hörmət uğrunda vətəndaşları tərbiyə etmək, mədəniyyəti yüksəltmək məqsədi daşıyır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib: “Mən baxdım, bu sanksiyada heç bir dəyişiklik edilməyib. Baxmayaraq ki, çox ciddi bir hüquq pozuntusundan söhbət gedir: yəni satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən satınalma prosedurları keçirilmədən, habelə, nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsi.
Ölkə rəhbəri cənab Prezident dəfələrlə şəffaflığın artırılması, xüsusilə maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi haqqında məsələ qaldırıb.
Amma bu alternativ sanksiyalı cəzadır və cəzanın ən yuxarı həddi 2 ilə qədər azadlıqdan məhrumetmədir.
Yəni sanksiyada heç bir dəyişilik baş vermir. Sadəcə hörmətli Bəhruz Məhərrəmovdan soruşmaq istəyirəm ki, bu məsələ onun diqqətini cəlb edib, ya etməyib? Yəni qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektdən soruşubmu ki, tutaq ki, küçəyə bir siqaret kötüyü atdığına görə, vətəndaş 500 manat cərimə olunursa, amma niyə məsələn bu qədər ciddi qanun pozuntularına görə belə yüngül cəza olur?
Ağırlaşdırıcı hallarda isə burada 4 ilə qədər azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulur. Bunu sadəcə hörmətli Bəhruz müəllimin diqqətinə çatdırmaq istədim. Yəqin ki, üçüncü oxunuşda istəsə bu barədə məlumat verər”.