“Təcrübə göstərir ki, bir çox hallarda strukturun rəhbəri tərəfindən korrupsiyaya şərait yaradılır” Gündəm

“Təcrübə göstərir ki, bir çox hallarda strukturun rəhbəri tərəfindən korrupsiyaya şərait yaradılır”

“Bu qanunun preambulasından da görünür: korrupsiyaya qarşı mübarizənin dövlət və yerli özünüidarəetmə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan publik hüquqi şəxslərin və büdcə təşkilatlarının-bundan sonra orqanları, qurumlar, sonra isə vergül işarəsi qoyur və qeyd olunur ki, vəzifəli şəxslərin faəliyyətinin qanuniliyi.
Azərbaycan Respublikası Prokurorluğunda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradılıb. Bu sözdən istifadə edirlər və özəl sektorda hüquq pozuntularını həmin idarə araşdırır. Əgər biz həmin idarənin hesabatı ilə tanış olsaq görəcəyik ki, bu idarə öz resurslarının böyük bir hissəsini məhz özəl sektorda olan qanun pozuntularına sərf edir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib: “Yəni kimsə hansısa bir özəl şirkətdən şikayət edirsə, yaxud şirkətlər bir-birindən şikayət edirsə, həmin idarə bunun araşdırılması ilə məşğul olur. Amma qanunun da mahiyyəti ondan ibarətdir ki, biz dövlət orqanlarında korrupsiyaya qarşı effektli mübarizəni təşkil edək. Yəni sadaladığım orqanlarda. Və korrupsiya cinayətinin baş verməsi üçün mütləq o orqanlarda çalışan vəzifəli şəxs ya korruppsiya cinayəti törətməlidir, ya da korrupsiya cinayətinin törədilməsində iştirakçı olmalıdır. O məhz öz qulluq mövqeyindən istifadə etməklə bu cinayətin baş verməsinə şərait yaratmalıdır. Ona görə də 1.1-ci maddədə korrupsiya anlayışını verəndə orada qeyd edirik ki, vəzifəli şəxslər. Baxmayaraq ki, qanunun ikinci maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektlərinin dəqiq siyahısı göstərilib. Ona görə də biz qeyd eləməliyik ki, korrupsiya, yəni dövlət, idarə, müəssisə və təşkilatlarında vəzifə tutan şəxslərin sadalanan əməllərini özündə ehtiva edir.
İkinci toxunacağım ümumi məsələ ondan ibarətdir ki, burada yenə də biz qeyd edirik ki, korrupsiyya qarşı mübarizəni daha effektli təşkil etmək üçün hər hansı bir dövlət orqanında həmin orqanın rəhbəri korrupsiya risklərinin idarə edilməsi məqsədilə səlahiyyətli struktur bölmə müəyyən edir və korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb edən sahələr üzrə mütəxəssislər də cəlb edə bilər.
Təcrübə göstərir ki, o dövlət idarə, müəssisə, təşkilatlarında, dövlət orqanlarında korrupsiya cinayətləri baş verir ki, bir çox hallarda həmin strukturun rəhbəri tərəfindən buna şərait yaradılır. Yəni bu, bir qayda olaraq belədir, istisnalar əlbəttə var. O halda biz korrupsiyaya qarşı mübarizəni necə effektli aparırıq ki, həmin o korrupsiyaya qarşı mübarizə aparmalı olan tutaq ki, nazirliyin tərkibindəki struktura da rəhbəri həmin nazirin özü təyin edir. Belə olduğu halda sözsüz ki, o özünün ən etibarlı hesab etdiyi bir şəxsi ora təyin edəcək və onun da heç bir effekti olmayacaq. Onun üçün mən təklif edərdim ki, qanununvericilik təşəbbüsü subyekti ilə müzakirə aparaq. Nazirlər Kabineti tərəfindən xüsusən iqtisadiyyatın əsas sahələrini nəzərdə tutan dövlət müəssisələri var, həmin müəssisələrdə, o dövlət orqanlarında, nazirliklərdə, komitələrdə, agentliklərdə müvafiq strukturların rəhbərlərinin təyin olunması üçün müsabiqə yolu ilə Korrupsiyaya qarşı Mübarizə Komissiyası tərəfindən təqdimat verilsin. Və həmin nazir, yaxud agentliyin rəhbəri o şəxsi həmin vəzifəyə təyin eləsin. Belə olduğu halda isə hesab edirəm ki, bu, daha effektli olar”.