“Seçkidən öncə Trampa qarşı olan proses başqa formada davam edəcək” Gündəm

“Seçkidən öncə Trampa qarşı olan proses başqa formada davam edəcək”

Əli Zülfüqaroğlu: “Ona görə də daxildə güclü qrupların dəstəyini almağa çalışır”

İsrailin baş naziri Binyamin Netanyahu, ABŞ dövlət katibi Marko Rubio ilə görüşü zamanı deyib ki, İsrail və ABŞ İran təhlükəsinə qarşı çiyin-çiyinə dayanır: “Biz hesab edirik ki, İrana nüvə silahına malik olmağa imkan vermək olmaz. İranın bölgəyə qarşı aqressiyası dayanmalıdır. Biz Donald Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıra bilərik və başa çatdıracağıq”.

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “informator.az”a açıqlaması zamanı bildirib ki, Trampı bundan sonra Birləşmiş Ştatlar daxilində çox ciddi təzyiqlər gözləyir: “Biz yaxın perspektivdə ABŞ daxilində bir sıra problemlərin yaranacağını müşahidə edəcəyik. Məsələn, USAİD-in bağlanması artıq qlobal savaşın ciddi mərhələyə keçdiyini deməyə əsas verir. Bu da o deməkdir ki, seçkidən öncə Trampa qarşı olan proses başqa formada davam edəcək və təzyiqlər artacaq. Ona görə də Tramp, xüsusilə Federal Ehtiyat Sisteminin ona qarşı təzyiqləri artıracağını çox yaxşı başa düşür və belə olan halda daxildə müəyyən güclü qrupların dəstəyini almağa çalışır. Bu qrupların biri də sionist lobbidir. Trampın bu lobbinin dəstəyinə ehtiyacı var. Qəzza ilə bağlı da həyata keçiriləsi mümkün olmayan açıqlama da məhz buna dəlalət edir. Bundan sonrakı dönəmlərdə Birləşmiş Ştatların əsas strategiyası xüsusilə Rusiya ilə münasibətləri normallaşdırmaqdır, eyni zamanda Birləşmiş Ştatlarda iqtisadi problemləri aradan qaldırmaq olacaq. Bunun üçün də Birləşmiş Ştatlar müharibəyə girməməlidir. Tramp inaqurasiya mərasimində bildirdi ki, enerji daşıyıcılarının qiymətini aşağı salacaq, bunun üçün neft hasilatı artmalıdır. Və Trampın sözlərinə görə, neft istehsalını nəinki artıracaq, həmçinin xaricə də satacaq. Burada Rusiya ilə ABŞ arasında razılaşmalardan biri də böyük ehtimalla o olacaq ki, bir bazar olaraq Avropa İttifaqı Birləşmiş Ştatların nəzarəti altında qalsın və Rusiya bura müdaxilə etməsin. Bunun üçün də neft qiymətinin artmaması, Trampın səsləndirdiyi fikirlərin həyata keçməsi üçün ABŞ müharibələrə girməməlidir”.

Əli Zülfüqaroğlu qeyd edib ki, Tramp hesab edir ki, ABŞ-nin hərbi kontingenti bir sıra bölgələrdən geri çəkilməlidir: “Bu isə onu deməyə əsas verir ki, Tramp İranla birbaşa müharibəyə girmək istəmir. Və danışıqlar prosesinin önə çıxmasına səy göstərəcək. İran prezidenti Pezeşkian da maraqlıdır ki, müxtəlif ölkələrlə, xüsusilə Birləşmiş Ştatlarla əlaqələri normallaşdırsın, danışıqlar prosesini başlatsın. İran daxilində mühafizəkar qanad buna qətiyyətlə etiraz edir və mühafizəkar siyasətin davam etdirilməsinə çalışır. Netanyahu isə hesab edir ki, o İsrail tarixində ən uğurlu siyasi xadim olaraq qalacaq. Çünki onun dönəmində Suriya ərazilərinin işğal edilməsi nəticəsində İsrail ərazilərini 20% artırıb. Amma bu yaxın perspektiv üçün uğurlu sayıla bilər. Çünki, Netanyahunun yürütdüyü radikal teoloji xətt İsraili bataqlığa sürükləyib. Və İsrailin Qəzzada törətdiyi dağıntılara görə Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsinə qərar verilib. Böyük ehtimalla Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də İsrailin soyqırımda ittiham olunacağı gözlənilir. Bu da o deməkdir ki, Netanyahu əslində İsraili bataqlığa sürükləyir və onunla bağlı həbs qərarının verilməsi İsrail dövlətini çətin vəziyyətə salır. Netanyahu İsrailin baş naziri, hökumət rəhbəri olaraq ən yaxın müttəfiqi Böyük Britaniyaya belə səfər edə bilmir. Britaniya belə bir açıqlama verib ki, Netanyahu Böyük Britaniyaya səfər edəcəyi təqdirdə həbs olunacaq. Yəni bütün bunlar digər tərəfdən isə terror təşkilatı elan etdiyi və legitim güc kimi tanımadığı Həmasla danışıqlara gedərək əslində öz prinsiplərini heçə saydı. Bu da onu deməyə əsas verir ki, əslində İsrail strateji hədəflərinə çatmadı. Sadəcə olaraq taktiki “uğur”larını qələbə kimi daxili ictimai rəyə sırımağa çalışır”.

Müsahibin sözlərinə görə, İsrailin olunması, Birləşmiş Ştatların öhdəliyidir: “İstənilən prezident dövründə bu həyata keçiriləcək. Amma iki dövlətli həll prosesini birmənalı olaraq rədd edən, sionist düşüncə hesab edirəm ki, uzun müddət İsraildə hakimiyyətdə qala bilməz. Və artıq sionizm xəttinin qırılma nöqtəsinə çata biləcəyini ehtimal etmək olar. Bunun nəticəsi olaraq, bir sıra müsəlman dövlətləri artıq etiraz səslərini ucaltmağa başlayırlar. Və ən əsası isə dünyada ən böyük ordu gücünə malik olan Türkiyənin yaxın perspektivdə Suriya ilə hərbi müqavilə imzalayacağı gözlənilir. Bu isə onu deməyə əsas verir ki, İsrail və Türkiyə ordularının qarşı-qarşıya gəlmə ehtimalı getdikcə yüksəlir. Bu isə əlbəttə İsrailin indiyə qədər yürütdüyü və uzaq perspektivə hesablanan strateji hədəflərinə çatması üçün başlıca əngəldir. Ona görə də düşünürəm ki, bundan sonrakı dönəmdə Netanyahunun planlarına uyğun olaraq ABŞ-nin İranla hərbi əməliyyatlara başlaması və Yaxın Şərqdə fəlakət ssenarisinin reallaşması mümkün olmayacaq. Digər tərəfdən İranla İsrailin açıq müharibəyə girməsi mümkünsüzdür. Çünki yaxın dövlətlər deyillər. Bunun üçün Birləşmiş Ştatlar İrana birbaşa hərbi müdaxilə etməlidir. Vaşinqton isə bunda maraqlı deyil. Çünki, həm daxili problemlər, həm də gərgin geosiyasi vəziyyət var. ABŞ-nin İranla hərbi müharibəyə girməsi Tramp hakimiyyətinə ciddi problemlər yarada bilər. Ona görə də, Birləşmiş Ştatlar belə bir addım atmayacaq. Və bundan sonrakı dönəmdə böyük ehtimalla Netanyahu hakimiyyətdən gedəcək. İsraildə sionist olmayan qüvvə, məsələn liberallar hakimiyyətə gələrsə, o zaman nəinki İsrailin sionist hökumətinin yaratdığı problemlər aradan qalxacaq, ümumiyyətlə iki dövlətlə həll prosesi reallaşa bilər. Düşünürəm ki, biz bu prosesləri müşahidə edə bilərik. İsraillə Fələstin arasında, ümumiyyətlə Yaxın Şərqdə problemlərin tamamilə aradan qaldırılması üçün iki dövlətli həll variantı yeganə yoldur və bunun alternativi yoxdur”.