“Türk Avaz televiziya kanalı açılsın” Gündəm

“Türk Avaz televiziya kanalı açılsın”

“Danılmaz bir həqiqətdir ki, bu gün Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunə olmaqla yanaşı, həyatn bütün sahələrinə sirayət edir. Nə xoş bizə ki, bu sırada iki qardaş ölkənin mediası arasında əməkdaşlıq xüsusilə fərqlənir. Bu fərqlənmə həm əldə etdiyimiz uğurların dünyaya və daxildə cəmiyyətlərimizə çatdırılmasında, həm də müasir dövrün ən bəlalı məsələlərindən olan dezinformasiyaya qarşı mübarizədə öz sözünü deyir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi, Əməkdar jurnalist Nadir Azəri deyib.

N.Azəri bildirib ki, media sahəsində əməkdaşlıq son 5 ildə xüsusilə nəzərə çarpır. Bunun da təməlində 10 dekabr 2020-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu” dayanır: “Qeyd edim ki, məhz bu Memorandumun imzalanmasından sonra Ortaq Media Platforması yaradılıb və bu Platform çərçivəsində ötən 5 il ərzində müəyyən işlər görülüb, uğurlar əldə edilib. Lakin bu uğurlar bizə arxayınlaşmağa əsas vermir. Bu baxımdan fevralın 19-da Bakıda Sosial Tədqiqatlar Mərkəzində keçirilən tədbirdə də öz fikrimizi bildirdik, uğurları təqdir etməklə yanaşı, gələcəyə yönəlik təkliflərimizi də səsləndirdik. Öncə onu qeyd edim ki, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən dəyirmi masa həm iştirakçıların say çoxluğu, həm müxtəlif sahələri əhatə etməsi, həm də mövzuların aktuallığı baxımdan yaddaqalan oldu. Həmin tədbirdə mən də həm media istiqamətli qeyri-hökumət təşkilatının rəhbəri, həm də Əməkdar jurnalist olaraq təkliflərimi səsləndirdim. Fürsətdən istifadə edib o təkliflərdən bir neçəsini burada da qeyd etmək istəyirəm. Əvvəla, hesab edirəm ki, bu gün biz Azərbaycandan Türkiyənin, Türkiyədən də Azərbaycanın eşidilməsinə çalışmaqla yanaşı, səsimizin dünyada eşidilməsi üçün də addımlarımızı daha da artırmalıyıq. Bu istiqamətdə düşünürəm ki, informasiya məkanında marka öz sözünü deyir. Yəni son ildə Azərbaycanda sırf Türk Dünyasına yönümlü internet televiziyaları açılıb. Təbii ki, onlar fəaliyyəti təqdirəlayiqdir. Bununla belə hesab edirəm ki, dünyaya daha çox səsimizin eşidilməsi üçün tanınmış markanın bazasında bir televiziya kanalının açılması daha çox nəticə əldə edilməsinə kömək olardı. Məhz bu baxımdan dəyirmi masada təklif etdim ki, hazırda bütün Türk Dünyasında, eləcə də Qərbdə də izlənilən TRT Avazın bazasında Türk Avaz televiziya kanalı açılsın. İlkin olaraq iki dildə - türk və ingilis dillərində yayım həyata keçirsin. Eyni zamanda, bu kanalın nəzdində eyniadlı informasiya agentliyi və radiosunun da açılmasını təklif etdim”.

Əməkdar jurnalistin sözlərinə görə, ikinci bir təklifi o olub ki, Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində əldə edilən uğurlar artıq Orta Asiyanın Türk Respublikalarında, Quzey Kıbrısda və Macarıstanda da təbliğ olunmalıdır: “Biz artıq bütün Türk Dünyasını, indiki halda Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələri əhatə etməliyik. Digər bir təklifim isə o oldu ki, Media Platforması çərçivəsində müxtəlif komissiyalar, işçi qrupları yaradılsın, strukturlaşma olsun və bu da TDT-nin bazası əsasında formalaşsın ki, hüquqi əsası olsun. Nəhayət, bir təklifim də o idi ki, Türk Dünyası üçün (ilkin olaraq Azərbaycan və Türkiyə bu təşəbbüsü göstərməlidir) çalışacaq jurnalistlərin yetişdirilməsinə xidmət edən bir məktəb açmalıyıq. Elə bir məktəb ki, orada jurnalistikanın prinsipləri ilə yanaşı, millətə, dövlətə, bayrağa sədaqət prinsipləri də öyrədilsin, təlqin edilsin. Hesab edirəm ki, bununla gələcəyimizin jurnalistlərinin yad təsirlərə düşməsinin qarşısı almış olarıq”.

Röya İsrafilova