“Bu, Qərb dünyası arasında “soyuq duş” effekti yaratdı” Gündəm

“Bu, Qərb dünyası arasında “soyuq duş” effekti yaratdı”

“Bu gün açıq-aydın şəkildə hiss olunur ki, ABŞ ilə Avropa İttifaqı arasında fikir ayrı-seçkiliyi mövcuddur. Ziddiyətlər geniş xarakter alır və Donald Trampın, İlon Maskın, Rubionun siyasi düşüncəsində bu, hiss olunacaq dərəcədədir. Bu da kollektiv Qərbin siyasi addımlarında dərin çatların olmasından xəbər verir. Lakin bu vəziyyət birdən-birə yaranmadı. Bu vəziyyəti yaratmaq üçün çoxsaylı cəhdlər oldu və Demokratların dövründə müxtəlif ekspertimentlər, maliyyə vəsaitləri hesabına laboratoriyaların təşkili bu vəziyyəti formalaşdırdı”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

Politoloqun sözlərinə görə, Bayden, Blinken administrasiyası vaxtnda maliyyə vəsaitləri havaya sovrulur və bunun əsasında nəticə gözlənilirdi: “Avropanın özündə yekcins siyasi praqmatizmin olmaması, Emmanuel Makron kimi siyasətçilərin Avropa siyasi meydanında at oynatması gətirib buna çıxardı ki, Avropanın təhlükəsizliyini müzakirə edən zaman Avropa burada iştirak etmir. Eyni zamanda, müxtəlif inqilab laboratoriyaları, narıncı inqilablar həyata keçirmək üçün mexanizmlərin və maliyyə vəsaitlərinin cəlb olunması bugünkü anarxik və xaotik durumu formalaşdırdı. Həmçinin Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin çıxışı nəinki, indi mediada geniş müzakirə olunur, ekspertlər bu məsələyə diqqət çəkir, hesab edirəm ki, Soyuq müharibədən sonrakı dövrdə bu çıxış uzun müddət müzakirə olunacaq və beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olacaq. Çünki bu, Qərb dünyası arasında “soyuq duş” effekti yaratdı və Avropanın daxilində olan problemlərdən qaynaqlanan bir sıra məsələlərə Vens diqqət çəkdi”.

Röya İsrafilova