“ABŞ və Avropa İttifaqı arasında dərin çatlar yaranıb” Gündəm

“ABŞ və Avropa İttifaqı arasında dərin çatlar yaranıb”

“Hazırda dünyada olduqca mürəkkəb və gərgin proseslər cərəyan edir. Bunun da mərkəzində ABŞ-Avropa İttifaqı gərginliyi dayanır”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O bildirib ki, hazırda mövcud olan ABŞ-Avropa İttifaqı arasında gərginliyin yaranmasına görə məhz bundan öncəki ABŞ administrasiyası, daha da konkret desək, ultra liberal və liberalo-faşist ideologiyasını yürüdən Bayden-Blinken administrasiyası məsuliyyət daşıyır: “Eyni zamanda, hesab edirəm ki, bu kontekstdə bugünkü aciz vəziyyətdə Makronizmin, Fransanın və digər köhnə qitə ölkələrinin neokolonializm siyasətini də vurğulamaq olar”.

V.İskəndərov qeyd edib ki, baş verənlər fonunda sonuncu Münhen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidenti Vensin çıxışı da diqqətdən qaçmamalıdır: “Çünki bu çıxış bütün Qərb dünya və elitası üçün “soyuq duş” effekti yaratdı. Bəlli oldu ki, ABŞ və Avropa İttifaqı arasında dərin çatlar yaranıb. Heç şübhəsiz, dünyadakı dərin fikir ayrılıqlarından mənfi mənada Ukrayna da nəsibini alır. Amma bunun da günahkarı Qərbdir. Bu gün Ukraynanın taleyi onun iştirakı olmadan müzakirə edilir. Bu da məhz Ukraynanın narıncı inqilablar poliqonuna çevrilməsi nəticəsində baş verib”.

Deputatın sözlərinə görə, bir vaxtlar həmin çevrilişləri təşkil edən V.Nuland və K.Rays kimilər indi özləri üçün rahat yaşayır: “Ortalıqda qalan isə Ukrayna xalqıdır. O, hər gün müharibənin əzablarını görür. Kimsəyə deyil ki, həmin ultra liberal qüvvələr (Nuland və s.), psevdo demokrat düşərgəsindən siyasətçiləri NED, NDİ və s. fondlar vasitəsilə Azərbaycanda da rəngli inqilablar təşkil etmək istəyirdilər. Lakin Ukraynadan fərqli olaraq Azərbaycanın rəhbərliyində güclü lider var və o, həmin təhdidləri görərək vaxtında onları neytrallşadırmaq üçün müvafiq addımlar atır”.

Röya İsrafilova