

“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub və bu gün iki ölkə arasında çoxşaxəli münasibətlər mövcuddur. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlayıb. Müstəqilliyimizin bütün dövrlərində qardaş Pakistan dövləti və xalqı daim Azərbaycanın yanında olub. Pakistan Qarabağın Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq və regional müstəvidə dəfələrlə pisləyib, Azərbaycanın siyasi və strateji mənafelərini açıq şəkildə dəstəkləyib”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, 44 günlük müharibəsinin sonunda əldə etdiyimiz tarixi Zəfərimiz dost və qardaş ölkələrin beynəlxalq dəstəyi sayəsində bütün dünyada tanınıb, haqq işimiz uğrunda apardığımız mübarizə həm də Ermənistanın işğalçı ölkə olduğunu sübuta yetirib: “Böyük Qələbə Azərbaycanın hərtərəfli inkişafına, beynəlxalq nüfuzunun artmasına, yeni dostlar qazanmasına səbəb olub. Vətən müharibəsinin ilk günündən qardaş Türkiyə ilə yanaşı, Pakistan da Azərbaycanın yanında oldu, siyasi və mənəvi dəstək göstərdi. Buna bütün dünya şahidlik etdi. Hər üç ölkənin bayraqları birgə dalğalandı və bu, bizim dostluğumuzun, qardaşlığımızın simvoluna çevrildi”.
A.Hüseynov vurğulayıb ki, möhkəm təmələ, qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri sarsılmazdır: “Bu gün Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. Azərbayvan Prezidenti İlham Əliyevin Pakistana səfəri zamanı dediyi fikirlər də dərin məna kəsb edir: “Qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb. Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri möhkəm bünövrəyə əsaslanır”. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri də səmimi dostuğa və həqiqi qardaşlığa söykənir və hər iki tərəf bu əməkdaşlığın daha da möhkəmlənməsində, bütün sahələr üzrə inkişafında maraqlıdır”.
Röya İsrafilova