“Azərbaycan hər zaman öz milli maraqlarını və mənafeyini qoruyur” Gündəm

“Azərbaycan hər zaman öz milli maraqlarını və mənafeyini qoruyur”

“Bildirilir ki, əgər Rumıniyada keçirilən seçkilərdə sosial şəbəkə seqmentində Rusiya reklam yeri qazanaraq burada daxili ictimai-siyasi vəziyyətə təsir edə bilirsə, bu, Rumıniyanın öz problemidir və Ruminiyada seçkilərlə bağlı olan bir məsələdir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İ.Hüseynov əlavə edib ki, Avropanın daxilində müxtəlif radikal meyilli qüvvələrin (solçuların, sağçıların), liberal dəyərlərə xəyanət edən qruplaşmaların, ultra faşistlərin, radikal düşüncəyə malik olan toplumların, LGBT ideyalarını, üçüncü cinsin olması fikrini ortaya atan qüvvələrin əməllərinin nəticələrini də görmək və bu məsuliyyəti dərk etmək lazımdır.

Onun sözlərinə görə, Azərbaycan daxilində də bu neqativ düşüncəni yaymaq istəyən addımlar mövcud idi: “Novorçular deyilən bir qrup yaradılmışdı və bu qrup Azərbaycanın daxilində vətənpərvər qüvvələrin, gənclərin Qarabağa bağlılığını neytrallaşdırmaq və Qarabağ düşüncəsini unutdurmaq üçün fəaliyyət göstərirdi. LGBT-nin toplantılarını, onlarını mitinq keçirmək cəhdləri və feminizm dalğasını həyata keçirmək sevdasında olan qruplar da mövcud idi. Lakin Ukraynadan fərqli olaraq Azərbaycanın rəhbərliyində güclü, xalqını sevən, dövlətinə bağlı bir lider var. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müxtəlif təhdidləri vaxtında preventiv üsullarla neytrallaşdıraraq həm media, həm qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutunun sağlamlaşdırılması üçün addımlar atıldı. Azərbaycan bu gün Cənubi Qafqazda möhkəm siyasi iradəyə və prinsipiallığa malik olan bir dövlətdir. Ərazi bütövlüyünü, suverenliyini bərqərar edən Azərbaycan dövləti öz milli maraqlarını və mənafelərini qoruyur və bundan sonra da qoruyacaq”.

Röya İsrafilova