

“Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq, dostluq, sıx münasibətlər təkcə dövlətlər arasında deyil, həm də xalqlarımız arasındadır. Elə bir köklər, bağlar var ki, bu, hər iki ölkəni tarixən bir-birinə ən yaxın ölkələrdən edir. Təsadüfi deyil ki, bəzən dünyada Azərbaycan-Türkiyə-Pakistan dostluğu misal çəkilir və bunun başqa ölkələr arasında olmadığı qeyd olunur”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasıında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputat qeyd edib ki, Azərbaycanla Pakistanın strateji əməkdaşlığı, dostluğu sayəsində hər iki dövlət həm də geosiyasi baxımdan siyasi dividentlər əldə edib: “Pakistan Hind okeanına çıxışı olan önəmli strateji coğrafiyada yerləşən ölkədir və Azərbaycanın Pakistanla dostluğu, həm də müttəfiqi olaraq Pakistanla bir yerdə olması Azərbaycanın gücünə güc qatır. Pakistan İslam Əməkdaşlıq Təşkilatında və ümumiyyətlə İslam dünyasında yeganə nüvə silahı olan ölkədir. Hər bir ölkə istəyər ki, Pakistan kimi müttəfiqi olsun. Pakistan həm də Mərkəzi Asiyaya, Əfqanıstana sərhəd olan bir ölkə kimi Pakistanla dost olan, münasibətləri yaxşı olan ölkələrə böyük Avrasiya regionunun ürəyinə çıxış əldə etmək imkanı verir. Məşhur deyim var: “Avrasiyaya kim nəzarət edirsə, dünyaya o, nəzarət edir”. Avrasiya məkanının digər önəmli bir ölkəsi Azərbaycandır. Təsəvvür edin ki, bu iki böyük güc mərkəzinin bir yerdə olması çox böyük, önəmli geosiyasi anlamda üstünlük gətirir”.
Röya İsrafilova