

“Bu gün qlobal məkanda baş verən proseslər onu deməyə imkan verir ki, uzun illər Azərbaycanda, Ukraynada və digər dövlətlərdə həyata keçirdikləri siyasəti reallaşdırmaq istəyən qüvvələr öz rahat həyatlarını yaşasalar da məhz onların layihələri hesabına əzab-əziyyət çəkən ölkələr və dövlətlər bu gün çox çətin dövrlərini yaşamaq məcburiyyətindədirlər. Xüsusilə Ukraynada baş verən proseslər bizi çox narahat edir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.
N.Həmzəyev bildirib ki, bu gün Ukraynanın iştirakı olmadan, mövqeyi nəzərə alınmadan taleyi həll olunur, Ukrayna xalqının yerinə qərarlar verilir: “Zamanında rəngli inqilablar edərək Ukraynaya azadlıq, demokratiya, insan haqları, inkişaf, xoşbəxtlik sözləri verən həmin qüvvələr bu gün Ukraynanı tək qoyurlar. Ukrayna mövcud əlində olan imkanları da itirmək ərəfəsindədir. Bu da onu deməyə imkan verir ki, şükürlər olsun ki, Azərbaycan dövləti və xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox uzaqgörən siyasət həyata keçirib və bu gün də biz bu siyasətin davamını görürük. Bu siyasət bizi bu cür bəlalardan xilas etdi və bu gün biz öz təhlükəsizliyimizi təmin edə bilirik. Bu gün biz nəinki xarici qüvvələrin təsiri altına düşmək və Azərbaycanın suverenliyini təhlükə altına atmaqdan xilas olduq, eyni zamanda, biz milli dəyərlərimizi, öz müstəqilliyimizi qoruyub saxlaya bildik, işğal altında olan torpaqlarımızı işğaldan azad edə bildik. Azərbaycan bu gün də regionda inkişaf edən və regionun sədaqətli və stabil siyasət həyata keçirə bilən tək dövlətidir. Bu, bizi daha da cəlbedici, regionda daha da güclü bir dövlətə çevirir”.
Röya İsrafilova