“İmkan verməməliyik ki, birliyimizi, bərabərliyimizi kimlərsə pozsun” Gündəm

“İmkan verməməliyik ki, birliyimizi, bərabərliyimizi kimlərsə pozsun”

“Mən Azərbaycanı yanlış siyasət yeritməkdə günahlandıran qüvvələri haqq yoluna gəlməyə çağırıram. Azərbaycanı indiki Ukraynaya çevirmək istəyən qüvvələr Ukraynada və digər dövlətlərdə həyata keçirdikləri siyasəti reallaşdırmaq istəyən qüvvələrlə zamanında birləşdilər və çox təəssüflər olsun ki, bu gün də fərqli cəbhələrdə yenidən Azərbaycanın həyata keçirdiyi siyasətə kölgə salmaq və vətəndaşlarımızı çaşdırmaq istəyirlər. Ancaq Azərbaycan vətəndaşları dar gündə olduğu kimi bu gün də Ali Baş Komandan cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər və mən inanıram ki, birliyimizi, bərabərliyimizi kimlərinsə pozmağına qətiyyən imkan verməyəcəklər”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

N.Həmzəyevin sözlərinə görə, xüsusilə də kənar qüvvələrin təsiri altında Azərbaycana qarşı informasiya müharibəsi həyata keçirən sapı özümüzdən olan baltalara qarşı biz birlikdə mübarizə aparacağıq: “Xüsusi xidmət orqanları onsuz da həmin qüvvələri deşifrə edir, həmin qüvvələrə qarşı lazımi tədbirlər həyata keçirir. Ancaq hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalı və qətiyyən imkan verməməlidir ki, hansısa kənar qüvvələrin təsiri ilə əldə etdiklərimiz itirilsin, həmçinin bu birliyimizi, bərabərliyimizi kimlərsə poza bilsin. Azərbaycan günü-gündən güclənir, inkişaf edir və biz - hər bir Azərbaycan vətəndaşı bu prosesdə aktiv rol oynamalıyıq. Hər kəs öz mövqeyini ortaya qoymalı, Azərbaycanın güclənməsi, inkişaf etməsinə öz töhfəsini verməlidir”.

Röya İsrafilova