“Ermənistanı məcbur etməsək onlar heç bir addım atmayacaq” Gündəm

“Ermənistanı məcbur etməsək onlar heç bir addım atmayacaq”

“Ermənistan Azərbaycan arasındakı kommunikasiya xətlərinin açılmaması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmir. Biz də dövlət olaraq çalışırıq ki, Ermənistan öz öhdəliyini yerinə yetirsin. Burada üçüncü tərəf də Rusiya olub. Ancaq Rusiyanın Ermənistana elə də təsir imkanları yoxdur. Biz də dinc yolla Ermənistana təsir etməyə çalışırıq. Lakın bu da hələlik effekt vermir. Bu, onunla bağlıdır ki, Ermənistan hökuməti Zəngəzur Dəhlizinin açılmasında maraqlı görünmür. Ermənistan hakimiyyətinin, Paşinyan hökumətinin əsas məqsədi vaxt uzatmaq, zaman qazanmaqdır. Müddəti də deyilmir. Onlarda 2026-cı ilədək seçkilər olacaq. Həmin seçkilərə qədər onlar heçnə etmək istəmirlər. Status-kvonu da saxlamaq istəyirlər ki, onların əleyhinə heç bir kampaniya aparılmasın. Yəni, real vəziyyəti budur”.

Bu sözləri xalqcəbhəsi.az-a Milli Məclisin deputatı Elşad Musayev deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Ermənistana təzyiq edə bilər, ancaq ona qarşı da çıxan qüvvələr var: “Məsələn, İran, Avropa ölkələri Ermənistanın arxasında durub. Amma vəziyyətin belə olması da bizi qane etmir. Ona görə hesab edirəm ki, bu məsələdə daha sərt davranmalıyıq. Biz Ermənistanı Zəngəzur Dəhlizinin açılması üçün əməli addım atsın deyə məcbur etməliyik. Amma onlar addım atmayacaqsa, Azərbaycan öz tarixi torpağı olan Zəngəzuru nəyin bahasına olursa olsun geri qaytarmalıdır. Başqa çıxış yolu yoxdur. Kimsə sadəlöhvcə fikirləşir ki, sabah Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq, Ermənistan da bunu yerinə yetirəcək. Yox, elə olmayacaq. Hadisələrin gedişi göstərir ki, Ermənistan söz oynatmaqda, vaxt uzatmaqda və bu mərkli siyasəti həyata keçirməkdə xeyli təcrübəyə malikdir. Ona görə də biz Ermənistanı məcbur etməsək onlar konkret heç bir addım atmayacaq. Yəni bizim mövqemiz belədir. Bizdən başqa hamı iki il öncə deyirdi ki, bu il sülh müqaviləsi imzlanacaq, gələn il imzalanacaq. Amma biz real vəziyyəti təhlil edərək dedik ki, Ermənistanın günahı səbəbindən sülh müqaviləsi imzalanmayacaq”.

E.Musayev vurğulayıb ki, ona görə də ölkənin gələcəyini, strateji baxımdan Azərbaycanın perspektivini fikirləşmək istəyiriksə, bu məsələdə biz də daha sərt addım atmalıyıq: “Eyni zamanda, əgər türk dünyasının vahid arealda birləşməsi üçün şans yaranıbsa, o şandan biz də, Türkiyə də, digər türk dövlətləri də istifadə etməlidir. Bu areal birləşməlidir. Ona görə də biz Ermənistanı məcbur etməliyik. Başqa çıxış yolu yoxdur”.

Röya İsrafilova