

“Hərbi toqquşma riski olduğu haqqında Ermənistan tərəfinin verdiyi açıqlamalar özlərinə haqq qazandırmaqdan başqa bir şey deyil. Çünki son vaxtlar istər müxtəlif silahların alınması ilə bağlı onların bağladıqları müqavilələr, eyni zamanda, verdikləri açıqlamalar, Azərbaycan-Ermənistan sərhədinə gətirdikləri vizual kəşfiyyatçılar, Kəlbəcər və digər şərti sərhəd istiqamətində özlərinin müdafiə adlandırıb, lakin hücum taktikası seçdiyi silahların gizlədilməsi, onların yerbəyer edilməsi bunların hamısı birmənalı şəkildə özlərinə haqq qazandırmaqdır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri Arzu Nağıyev deyib.
Deputat əlavə edib ki, bir məsələ də Zəngəzur Dəhlizi ilə bağlıdır: “Yəni onlar qeyd edir ki, Zəngəzur Dəhlizi ilə bağlı Azərbaycan tərəfi bəyanat verir ki, guya hansısa hərbi müdaxilə nəticəsində o sərhəd açılacaq. Bunların hamısını onlar mütəmadi olaraq şişirdirlər və Azərbaycanda məhkəməsi gedən separatçılarla bağlı prosesləri onlar öz bildikləri kimi şərh edirlər. Bütün bunlar təsir ədən əsas məsələdir”.
A.Nağıyev vurğulayıb ki, son vaxtlar Rusiya-Ukrayna müharibəsində gərginliyin daha da artmasından, ABŞ-də Trampın hakimiyyətə gəldikdən sonra Cənubi Qafqazla bağlı atdığı addımlardan onlar yararlanaraq məhz belə bəyanatlar verirlər: “Məlumdur ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bir sıra təkliflər irəli sürüb. Həmin təkliflər içində məhz sərhəd, delimitasiya və demarkasiya, konstitusiyanın dəyişdirilməsi məsələsi var. Sadəcə olaraq onlar status-kvonu saxlamaq üçün bir sıra bəyanatlarla yadda qalmağa çalışırlar. Onlar sülhün bərqərar olunması istiqamətində ciddi addımlar atmırlar və öz havadarları ilə birlikdə ancaq gərginliyin yaradılması üçün belə bəyanatlar verirlər. Bu gün hər hansı bir lokal hərbi əməliyyatdan və ya toqquşmadan söhbət getmir. Hətta bu problemlər yaransa da biz hərtərəfli cavab verməyə hazırıq”.
Röya İsrafilova