Ermənistandan müharibə anonsu: eskalasiya riski varmı? Gündəm

Ermənistandan müharibə anonsu: eskalasiya riski varmı?

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, hazırda eskalasiya riski var, lakin bu mövzuda mümkün səbəb və fürsətlərin qarşısının alınması üçün hər şey edilməlidir. O həmçinin Ermənistanın ərazi iddiasının olmadığını vurğulayıb.

Hərbi toqquşma riskinin olub-olmadığı, buna nə qədər ehtimal olduğu haqda mütəxəssislər “Xalq Cəbhəsi”nə danışıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev qeyd edib ki, hərbi toqquşma riski olduğu haqqında Ermənistan tərəfinin verdiyi açıqlamalar özlərinə haqq qazandırmaqdan başqa bir şey deyil: “Çünki son vaxtlar istər müxtəlif silahların alınması ilə bağlı onların bağladıqları müqavilələr, eyni zamanda, verdikləri açıqlamalar, Azərbaycan-Ermənistan sərhədinə gətirdikləri vizual kəşfiyyatçılar, Kəlbəcər və digər şərti sərhəd istiqamətində özlərinin müdafiə adlandırıb, lakin hücum taktikası seçdiyi silahların gizlədilməsi, onların yerbəyer edilməsi bunların hamısı birmənalı şəkildə özlərinə haqq qazandırmaqdır”.

Deputat əlavə edib ki, bir məsələ də Zəngəzur Dəhlizi ilə bağlıdır: “Yəni onlar qeyd edir ki, Zəngəzur Dəhlizi ilə bağlı Azərbaycan tərəfi bəyanat verir ki, guya hansısa hərbi müdaxilə nəticəsində o sərhəd açılacaq. Bunların hamısını onlar mütəmadi olaraq şişirdirlər və Azərbaycanda məhkəməsi gedən separatçılarla bağlı prosesləri onlar öz bildikləri kimi şərh edirlər. Bütün bunlar təsir ədən əsas məsələdir”.

“Hər hansı lokal hərbi əməliyyatdan və ya toqquşmadan söhbət getmir”

A.Nağıyev vurğulayıb ki, son vaxtlar Rusiya-Ukrayna müharibəsində gərginliyin daha da artmasından və ABŞ-də Trampın hakimiyyətə gəldikdən sonra Cənubi Qafqazla bağlı atdığı addımlardan onlar yararlanaraq məhz belə bəyanatlar verirlər: “Məlumdur ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bir sıra təkliflər irəli sürüb. Həmin təkliflər içində məhz sərhəd, delimitasiya və demarkasiya, konstitusiyanın dəyişdirilməsi məsələsi var. Sadəcə olaraq onlar status-kvonu saxlamaq üçün bir sıra bəyanatlarla yadda qalmağa çalışırlar. Onlar sülhün bərqərar olunması istiqamətində ciddi addımlar atmırlar və öz havadarları ilə birlikdə ancaq gərginliyin yaradılması üçün belə bəyanatlar verirlər. Bu gün hər hansı bir lokal hərbi əməliyyatdan və ya toqquşmadan söhbət getmir. Hətta bu problemlər yaransa da biz hərtərəfli cavab verməyə hazırıq”.

“Bu riski yaradan yeganə qüvvə elə Ermənistandır”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı bildirib ki, əgər hərbi toqquşma riski mövcuddursa, bu riski yaradan yeganə qüvvə elə Ermənistan özü və onu buna təhrik edən havadarlarıdır: “Bakının sülh gündəliyi üçün bütün imkanlarını səfərbər etdiyi halda, sülh quruculuğu üçün bütün addımların tərəfimizdən atıldığı halda, intensiv şəkildə silahlanan, sərhəddə səngərlər qazan, sözlü bəyanatlarda göz boyuyub realda sülhdən yayınmaq üçün hər cür hiylə işlədən tərəf guya hərbi toqquşma riskindən narahatdır. Bakı etimad quruculuğu üçün bütün perspektivləri təktərəfli formalaşdırıb, beynəlxalq hüquq prinsipləri çərçivəsində də tamamilə haqlı, obyektiv tələblərini ortaya qoyub”.

“Məqsəd regionda hərbi bazanın qurulmasıdır”

Politoloqun sözlərinə görə, konstitusiya dəyişdirilməli, sərhəddə üçüncü cinaha aid qüvvələr yer almamalıdır: “Ermənistan ərazi iddialarının yer aldığı konstitusiyasını dəyişmir, sərhədə isə “Aİ müşahidə missiyası” adı altında kənar qüvvələrin yerləşməsinə və vaxtının uzadılmasına şərait yaradır. Həmin qüvvələrin tərkibi və yürüdülən ritorika isə birmənalı deməyimizə əsas verir ki, məqsəd regionda hərbi bazanın qurulmasıdır. İrəvan anlamır ki, Azərbaycanın şərtlərini qəbul etməməklə və Qərbdən direktivlər almaqla özünü poliqona çevirir, Rusiya-Qərb qarşıdurmasına qurban gedir. Sadə məntiqlə belə siyasət yürüdə bilməyən bir dövlətdən başqa nə gözləmək olar?”.

“Son hadisələr narahatlıq doğurur”

Hərbi ekspert Anar Şuşalı bildirib ki, Sülh sazişinin hələ imzalanmaması və danışıqların dalana dirənməsi hərbi toqquşma ehtimalını yüksəldir: “Sülh prosesində problem yarandıqda hərbi toqquşmaların yenidən başlaması ehtimalı artır və hazırda bu mərhələ müşahidə olunur. Ermənistanın hərbi toqquşma riski ilə bağlı bəyanatları və bölgədəki son hadisələr narahatlıq doğurur. Son vaxtlar Ermənistan Qərb dövlətlərinin, xüsusilə Fransa və ABŞ-nin dəstəyi ilə silahlanmasını artırır. Hindistandan "Pralay" raketlərinin alınması planları da bu silahlanmanın bir hissəsidir. Bu raketlər 150-500 km uçuş məsafəsinə malikdir və mobil buraxılış qurğusundan buraxıla bilər. Buna missal olaraq son illər Ermənistanın arsenalına cəlb etdiyi digər hərbi təyinatlı alışları da əlavə etmək olar”.

“Azərbaycan müdafiə qabiliyyətini gücləndirir”

A.Şuşalı Ermənistanın sərhəddə hərbi texnika cəmləşdirməsi siyasətinin Cənubi Qafqazda gərginliyi artırmaqla yanaşı, Azərbaycana beynəlxalq təzyiqin formalaşdırılmasının tərkib hissəsi olduğunu diqqətə çatdırıb: “Hərbi toqquşma riski var və Ermənistan tərəfi sülh müqaviləsinin bağlanmasından boyun qaçırır. Azərbaycan da öz növbəsində hərbi xərclərini artıraraq müdafiə qabiliyyətini gücləndirir. 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Bu addım Ermənistanın artan silahlanmasına cavab tədbiri kimi qiymətləndirilir”.

“Bu, hərbi toqquşma ehtimalını yüksəldir”

Ekspertin sözlərinə görə, sülh sazişi imzalanmadığı müddətdə hərbi toqquşma riski qalmaqdadır: “Ermənistanın silahlanması və hücum silahları ilə təchiz olunması da sülhü təhdid edən əsas amillərdən biridir. Bütün bu faktorlar nəzərə alındıqda, bölgədə hərbi toqquşma riskinin artdığı müşahidə olunur. Hər iki tərəfin silahlanma yarışına girməsi və sərhəddəki gərginliklər eskalasiya ehtimalını yüksəldir. Bu vəziyyətdə sülh danışıqlarının davam etdirilməsi və diplomatik həll yollarının axtarılması vacibdir. Bütün bu faktorlar nəzərə alındıqda, bölgədə hərbi toqquşma ehtimalı yüksək olaraq qalır”.

Röya İsrafilova