Paşinyandan növbəti absurd bəyanat: İrəvan nəyi hədəfləyir? Gündəm

Paşinyandan növbəti absurd bəyanat: İrəvan nəyi hədəfləyir?

Ermənistanın Baş naziri Nikol Paşinyan kommunikasiyaların açılması ilə bağlı növbəti açıqlama ilə çıxış edib. O, regionda mümkün kommunikasiyaların açılmasına həsr olunmuş bəyanatında qeyd edib ki, Azərbaycanın ən çox istifadə etdiyi, böyütdüyü məsələ regional kommunikasiyadır: “Bakı Ermənistanla Azərbaycan arasında rabitə kanallarının bağlı olduğu aşkar faktı əsas gətirərək İrəvanın öhdəliklərini yerinə yetirmədiyini iddia edir. Vurğulamaq lazımdır ki, Ermənistanın birtərəfli öhdəliyi yoxdur. Hər iki tərəf bir-biri üçün bütün nəqliyyat və iqtisadi kommunikasiyaları açmağı öhdəsinə götürüb. Bu gün Azərbaycanda nə bir nəqliyyat, nə də iqtisadi kommunikasiya nə Ermənistana, nə də Ermənistandan keçənlərə açıqdır: nə bir yol, nə dəmir yolu, nə boru xətti, nə elektrik xətti, nə də kabel”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə buna cavab olaraq bildirib ki, Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır: “30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur. Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyə qədər yerinə yetirməyib.

Ümumilikdə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır”.

“Xalq Cəbhəsi” məsələni Milli Məclisin deputatları ilə araşdırmağa çalışıb.

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Nikol Paşinyanın səsləndirdiyi regionda mümkün kommunikasiyaların açılmasına həsr olunmuş bəyanatın məzmununa baxanda onun yenə də öz ampulasında qaldığını və regional kommunikasiyaların açılmamasına görə Azərbaycanı günahlandırdığını görürük: “Paşinyan bütün kommunikasiyaların açılması, yüklərin Ermənistan ərazisindən Türkiyəyə daşınması imkanlarının olduğunu qeyd edir. Amma demir ki, bütün kommunikasiyaların açılması üçün iki ölkə arasında sülh müqaviləsi bağlanmalıdır, etimad mühiti formalaşmalıdır. Ondan sonra bütün kommunikasiyaların açılmasından danışa bilərik. Paşinyanın bəyanatı isə ancaq sülh danışıqları prosesini manipulyasiya etmək və bunu ikinci dərəcəli məsələ kimi təqdim etmək istəyindən irəli gəldiyini düşünürəm”.

“Bu, Ermənistanın növbəti yalanıdır”

Deputat vurğulayıb ki, Paşinyanın heç bir öhdəliyi yoxdur deməsi də növbəti yalanıdır: “Çünki 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatla Ermənistan Zəngəzur Dəhlizinin açılması və bu dəhlizdə hərəkətin təhlükəsizliyinin təmin olunması üçün şəraitin yaradılması ilə bağlı öhdəlik götürüb. Bu sənəddə bütün kommunikasiyaların açılması deyil, ancaq Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında maneəsiz keçidin yaradılması nəzərdə tutulub. Bizim tələbimiz də Ermənistanın öz üzərinə götürdüyü öhdəliyini icra edilməsi ilə bağlıdır. Əməkdaşlıqla bağlı digər məsələlər isə təbii ki, iki ölkə arasında diplomatik əlaqələrin yaranmasından sonra mümkün olacağını hesab edirəm”.

“Ermənistan öhdəliklərini yerinə yetirmir”

Milli Məclisin deputatı Elşad Musayev diqqətə çatdırıb ki, Ermənistan Azərbaycan arasındakı kommunikasiya xətlərinin açılmaması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmir: “Biz də dövlət olaraq çalışırıq ki, Ermənistan öz öhdəliyini yerinə yetirsin. Burada üçüncü tərəf də Rusiya olub. Ancaq Rusiyanın Ermənistana elə də təsir imkanları yoxdur. Biz də dinc yolla Ermənistana təsir etməyə çalışırıq. Lakın bu da hələlik effekt vermir. Bu, onunla bağlıdır ki, Ermənistan hökuməti Zəngəzur Dəhlizinin açılmasında maraqlı görünmür. Ermənistan hakimiyyətinin, Paşinyan hökumətinin əsas məqsədi vaxt uzatmaq, zaman qazanmaqdır. Müddəti də deyilmir. Onlarda 2026-cı ilədək seçkilər olacaq. Həmin seçkilərə qədər onlar heçnə etmək istəmirlər. Status-kvonu da saxlamaq istəyirlər ki, onların əleyhinə heç bir kampaniya aparılmasın. Yəni, real vəziyyəti budur”.

“Ermənistanı məcbur etməsək onlar heç bir addım atmayacaq”

Deputatın sözlərinə görə, Azərbaycan Ermənistana təzyiq edə bilər, ancaq ona qarşı da çıxan qüvvələr var: “Məsələn, İran, Avropa ölkələri Ermənistanın arxasında durub. Amma vəziyyətin belə olması da bizi qane etmir. Ona görə hesab edirəm ki, bu məsələdə daha sərt davranmalıyıq. Biz Ermənistanı Zəngəzur Dəhlizinin açılması üçün əməli addım atsın deyə məcbur etməliyik. Amma onlar addım atmayacaqsa, Azərbaycan öz tarixi torpağı olan Zəngəzuru nəyin bahasına olursa olsun geri qaytarmalıdır. Başqa çıxış yolu yoxdur. Kimsə sadəlöhvcə fikirləşir ki, sabah Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq, Ermənistan da bunu yerinə yetirəcək. Yox, elə olmayacaq. Hadisələrin gedişi göstərir ki, Ermənistan söz oynatmaqda, vaxt uzatmaqda və bu mərkli siyasəti həyata keçirməkdə xeyli təcrübəyə malikdir. Ona görə də biz Ermənistanı məcbur etməsək onlar konkret heç bir addım atmayacaq. Yəni bizim mövqemiz belədir. Bizdən başqa hamı iki il öncə deyirdi ki, bu il sülh müqaviləsi imzlanacaq, gələn il imzalanacaq. Amma biz real vəziyyəti təhlil edərək dedik ki, Ermənistanın günahı səbəbindən sülh müqaviləsi imzalanmayacaq”.

E.Musayev vurğulayıb ki, ona görə də ölkənin gələcəyini, strateji baxımdan Azərbaycanın perspektivini fikirləşmək istəyiriksə, bu məsələdə biz də daha sərt addım atmalıyıq: “Eyni zamanda, əgər türk dünyasının vahid arealda birləşməsi üçün şans yaranıbsa, o şandan biz də, Türkiyə də, digər türk dövlətləri də istifadə etməlidir. Bu areal birləşməlidir. Ona görə də biz Ermənistanı məcbur etməliyik. Başqa çıxış yolu yoxdur”.

“Paşinyan özünü sığortalamağa çalışır”

Milli Məclisin deputatı Müşfiq Cəfərov Ermənistan hakimiyyətinin yenə də daxili auditoriyaya oynadığını vurğulayaraq qeyd edib ki, Azərbaycan hökuməti dəfələrlə Ermənistanı kommunikasiyaların açılması ilə bağlı öhdəlikləri yerinə yetirməyə çağırıb: “Lakin bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanı günahlandırır. Düşünürəm ki, Paşinyan yəqin anlayır ki, Zəngəzur Dəhlizinin açılmasını yubatmaqla özünün də elan etdiyi “sülh qovşağının” heç bir dəyəri qalmayacaq. Məlumdur ki, Bakının Tehranla razılaşması var, dəhliz İran ərazisindən Araz çayının cənub sahili ilə keçəcək körpünün inşası bitmək üzrədir, yollar asfaltlanıb. Bu yol tam gücü ilə işə düşdükdən sonra artıq Zəngəzur Dəhlizində israra ehtiyac qalmayacaq. Məhz bunun reallaşmasından narahat olan Paşinyan İlham Əliyevin “maneəsiz dəhliz” yanaşmasını qəbul etmək fikirindədir. Lakin buna da müxtəlif donlar geyindirməklə məşğuldur. Hətta xatırlayırıq, Baş nazir “Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil” fikrini səsləndirmişdi. Böyük ehtimalla Paşinyan özünü müxalifətin və diasporun ittihamlarından sığortalamağa çalışır”.

“Zəngəzur dəhlizi qeyd-şərtsiz açılmalıdır”

Deputat bildirib ki, Paşinyan Naxçıvana maneəsiz keçidi təmin edəcək dəhlizə razılığı başqa adla təmin etməyə çalışır ki, daxildən və xaricdən bütün təzyiqlərdən müdafiə olunsun: “Azərbaycan üçün əsas odur ki, vətəndaşlarımız və nəqliyyat vasitələrimiz üçün maneəsiz keçid mövcud olsun. Bir sözlə, Azərbaycan vətəndaşları pasport yoxlamasına məruz qalmadan qatarla və ya maşınla Naxçıvana rahat keçə bilsinlər. Ermənistan rəhbərliyinin Azərbaycanla sülh sazişinin imzalanması, normallaşma prosesinin davam etməsi kimi məsələlərdə qərar verməkdə çətinlik çəkdiyi kimi, Zəngəzur Dəhlizi ilə bağlı da tərəddüd içərisindədir. Bakı İrəvanın maneə törətməməsini, Türkiyə ilə Azərbaycan, Azərbaycanla Naxçıvan arasında coğrafi maneə kimi fəaliyyət göstərməməsini istəyir. Bunun üçündə Zəngəzur dəhlizi qeyd-şərtsiz açılmalıdır”.

Röya İsrafilova