“Tramp özünü qalib etmək istəyir” Gündəm

“Tramp özünü qalib etmək istəyir”

“Prezident Donald Trampın hazırda əsas məqsədi daxili siyasətdə ABŞ-ni gücləndirmək, xaricə axan pulları ABŞ-yə gətirmək və ən əsası iqtisadiyyatda ciddi dönüş yaratmaqdır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat əlavə edib ki, Tramp, xarici siyasətdə bir neçə məsələni hədəf götürsə də onun üçün hazırda birinci həll edilməli olan məsələ Rusiya-Ukrayna arasındakı müharibədə hər hansı bir nəticəyə nail olmaqdır: “Tramp üçün ən əsası atəşkəsin elan olunmasıdır. Ümumiyyətlə, daha yaxşı olar ki, problem tam həll olunsun. Burada əsas Tramp özünü qalib etmək istəyir. O, özünün imicini daha da yüksək səviyyəyə qaldırmaq üçün qlobal anlamda nələrisə etməli olduğunu bilir. Tramp Putinlə artıq telefonda danışıb və onlar ilkin olaraq real, üz-üzə görüşün proqnozunu verib”.

V.İskəndərovun sözlərinə görə, hər iki tərəfin siyasi nümayəndələri bu görüşə pozitiv baxır və onlar Ukraynasız, Avropasız bu görüşün keçirilməsinin tərəfdarı olduqlarını bildirirlər: “Həm ABŞ-də, həm Rusiyada görüşün günü, vaxtı təyin edilməsə də, amma hiss olunur ki, hər iki tərəfdə görüşlə bağlı hazırlıqlar gedir. Görüş üçün Türkiyə, Səudiyyə Ərəbistanı, eləcə də Birləşmiş Ərəb Əmirlikləri optimal yer sayıla bilər. Düşünürük ki, ən yaxşı, uyğun yer Türkiyə ola bilər. Türkiyə bu mənada yaxşı platformadır və belə bir praktika da var. Əsas isə o görüşdə əldə olunacaq nəticələrdir. Nəticə elə olmalıdır ki, Ukrayna tərəfi də, Rusiya tərəfi də, həmçinin digər maraqlı tərəflər də razı qalsın. Bunun necə əldə olunacağı isə hazırda sual altındadır”.

Röya İsrafilova