

“Biz növbəti bir tarixi səfərin və tarixi hadisənin şahidi olduq. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etdilər, iki qardaş ölkə əlaqələri ilə bağlı çox mühüm bəyanatlar, açıqlamalar verdilər. Cənab Prezident İlham Əliyev çıxışında olduqca vacib məqamlara toxundu və tarixə ekskursiya edərək tarixi Azərbaycan torpaqlarının Ermənistana necə verilməsi, Naxçıvanın blokadaya alınması, Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra Naxçıvanın müdafiəsi, Naxçıvanın qazla təmin olunması və digər istiqamətlərdə çox mühüm açıqlamalar verdi”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.
C.Məmmədov bu gün Azərbaycan-Türkiyə əlaqələrinin yeni bir mərhələyə qədəm qoyduğunu vurğulayaraq əlavə edib ki, bu gün ölkələrimiz arasında Şuşa Bəyannaməsi var, iki qardaş ölkə demək olar ki, bütün sahələrdə, istiqamətlərdə bu prosesdə iştirak edir, bu prosesə öz töhfələrini verirlər, bu da münasibətlərimizin birmənalı olaraq inkişafına öz müsbət təsirini göstərəcək: “Prezident İlham Əliyev, eyni zamanda, iki qardaş ölkə arasındakı əlaqələrlə bağlı mühüm digər açıqlamalar da verdi. Cənab Prezident Azərbaycan-Türkiyə qardaşlığının güclənməsi, ikitərəfli əlaqələrin möhkəmlənməsi məsələsindən bəhs etdi. Həmçinin İlham Əliyev xüsusi vurğuladı ki, İğdır-Naxçıvan qaz kəmərinin açılışı bir daha Azərbaycan-Türkiyə birliyinin, dostluğunun, qardaşlığının göstəricisi və əyani sübutudur. Bu gün bu qardaşlıq, birlik ölkələrimiz arasında əməkdaşlığı, həmrəyliyi daha da gücləndirir və regionda sabitləşdirici faktor olaraq öz rolunu oynayır”.
Deputat əlavə edib ki, bu gün iki qardaş ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir, bütün platformalarda Azərbaycan Türkiyənin, eləcə də Türkiyə Azərbaycanın yanındadır, bir-birilərinə dəstəklərini heç zaman əsirgəmirlər: “Azərbaycan və Türkiyə hər zaman bir-birinə qardaş yardımını, dəstəyini davamlı olaraq göstərirlər. Bu səfərdən sonra bizim əlaqələrimiz daha da möhkəmlənəcək, daha da inkişaf edəcək. Çünki burada hər iki ölkə liderinin qətiyyəti, prinsipiallığı var. Təbii ki, bu da bu prosesə ciddi və müsbət töhfəsini birmənalı olaraq verir”.
Röya İsrafilova