“Azərbaycanda elmin müxtəlif sahələrində böyük irəliləyişlər var” Gündəm

“Azərbaycanda elmin müxtəlif sahələrində böyük irəliləyişlər var”

“Azərbaycanda elmin inkişafında ciddi bir problem yoxdur. Çünki müxtəlif elm sahələrində bizim elm adamlarımız bütün gücü ilə fəaliyyət göstərir. Bu, elmi intellektual səviyyənin də yüksəkliyi ondan bilinir ki, məsələn, texniki elmlər və ya təbiət elmləri sahəsində bizim hətta gənc təqdiqatçılarımız belə dünya miqyasında hər hansı bir mühitə düşürlərsə, orada özlərini çox ciddi bir tədqiqatçı kimi göstərə bilirlər. Yaxşı nailiyyətlər var. Məsələn, beynəlxalq səviyyədə nüfuzlu jurnallar Azərbaycanda həm nəşr olunur, həm get-gedə sayları artır, həm də dünyanın harasında nəşr olunmasından asılı olmayaraq həmin beynəxalq jurnallarda azərbaycanlılar yaxşı çap olunur. Bu, beynəlxalq bir elmi ehtiyacdır. Dilçilik, ədəbiyyatşünaslıq, tarixşünaslıq və s. sahələrlə bağlı isə onu deyə bilərəm ki, bunlar elə elmlərdir ki, burada azərbaycanlı alimlərin mövqeyi hər şeyi həll edir. Əgər azərbaycanlı alimlər bu sahədə lazımi səviyyə, miqyas, analitik düşüncə göstərməsələr, onda bu sahələr, ümumiyyətlə, geri qalardı”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Əməkdar elm xadimi, akademik Nizami Cəfərov deyib.

Akademik vurğulayıb ki, bizim həm dillərin, məsələn, ana dilinin, türk dillərinin öyrənilməsində, həm ədəbiyyatların, tarixin öyrənilməsində yaxşı ənənələrimiz var: “Düzdür, çoxlu problemlərimiz də var. Bu problemlərin də əksəriyyəti vaxtilə Azərbaycanda müstəqil milli dövlətçilik olmamasından və buna da uyğun olaraq milli dövlətçilik şüurunun olmaması ilə bağlı idi. Yəni məsələn etnogenez problemi. Bu elə problemdir ki, həm dilə, həm ədəbiyyata, həm tarixə metodoloji təsir göstərir. Amma keçən əsrin sonlarından bu sahədə ciddi müzakirələr gedib. XXI əsrdə artıq keçmiş, o qədər də milli olmayan və ya sovet ideologiyası mövqeyindən irəli sürülmüş mülahizələr indi aydın faktlarla, inandırıcı dəlillərlə aradan qaldırılır. Həmçinin tədqiqatın miqyası da genişlənir, eləcə də ümumi türkoloji miqyas əmələ gəlib. Vaxtilə Azərbaycanın türk dünyasına çıxmasına imkan vermirdilər. Bütün sadaladıqlarım hamısı bizim humanitar sahədəki mütəxəssislərimizə onların qarşısında çox geniş meydanlar açır və yalnız gənc nəsil deyil, həm də yaşlı nəsil çox ciddi nailiyyətlər qazanıb. Bu da imkan verir ki, bizim xalqımız özünü mənəvi, ideoloji baxımdan dünyanın heç bir xalqından aşağı hiss etməsin”.

N.Cəfərov əlavə edib ki, ölkədə gedən proseslərdə, dövlət səviyyəsində aparılan siyasətdə, ölkənin ərazi bütövlüyünün təmin olunması uğrunda ciddi mübarizənin başlanması bunların hamısı humanitar sahəyə çox böyük dəstəkdir və onu metodoloji baxımdan istiqamətləndirir: “Yəni bizdə elmin ən müxtəlif sahələrinin – texniki, təbiət, ictimai, humanitar hər birində böyük irəliləyişlər var. Bu irəliləyişlər də təsadüfi deyil, sistemli, ardıcıl xarakter daşıyan irəliləyişlərdir”.

Röya İsrafilova