“Məhsula tələbat artanda qiymətin artması normaldır” Gündəm

“Məhsula tələbat artanda qiymətin artması normaldır”

“Tələbat artan məhsulun qiymətinin artması normal bazar prosesidir. Bayram ərzağı satan sahibkardan endirim tələb etmək qeyri-mümkündür”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisad üzrə fəlsəfə doktoru Xalid Kərimli deyib.

X.Kərimli bildirib ki, bəzi məhsulların qiymətə həssaslığı aşağı, bəzilərinin isə yuxarıdır: “Qiymətə həssaslığı aşağı olan məhsulların içərisində birmənalı olaraq ərzaq məhsulları ön plandadır. Məsələn, çörəyin qiymətindən asılı olmayaraq biz məcburuq çörək almağa. Yəni bu tip məhsullar insanın özünü təminatı üçün vacib, zəruri, ilkin tələbat məhsullarıdır. Bunlar qiymətə həssas deyil. Qiyməti nə qədər artırsalar, endirsələr də çörəyin bir istehlak həcmi var, biz də o qədər alacağıq”.

Ekspert diqqətə çatdırıb ki, əgər bayram öncəsi qoza, fındığa, ləbləbiyə və s. bu tip məhsullara tələbat artırsa, onların qiymətinin artması normaldır: “Bayram öncəsi sahibkar qiymət endiriminə gedə bilərmi? Bu, sahibkarın öz qərarı, satış siyasətidir. Bu endirimi gözləmək olar, amma sahibkardan tələb etmək doğru deyil. Sahibkar o vaxt qiymət endiriminə getməyə məcbur olur ki, o, məhsulunu nəzərdə tutduğu qədər, nəzərdə tutduğu qiymətə sata bilmir. O halda o, endirimə gedir. Məhsula tələbat artanda qiymətin artması normaldır. Əgər sahibkar məhsulun qiymətini artırıb sata bilirsə, burada sahibkardan başqa humanist davranış gözləyə bilmərik. Yəni qiyməti endirmək sahibkarın özünün qərarıdır”.

Röya İsrafilova