

Azərbaycanda bayram öncəsi bir çox məhsulların qiymətində artım olduğu müşahidə edilir. Bu əsasən bayram ərzaqları ilə bağlı olur. Doğrudur, bayram ərəfəsində müxtəlif yarmarkalar da təşkil edilir. Lakin bu da kütləvi hal almır.
Millət vəkili Əli Məsimli bayramlarda aztəminatlı təbəqəni düşünməyin təkcə ticari yox, həm də mənəvi məsələ olduğunu deyib. O, həmçinin bildirib ki, bir sıra ölkələrdə bayram ərəfələrində qiymətlər xeyli aşağı salınır, bizdə isə bayram ərəfəsində qiymətlər bir qayda olaraq daha da artırılır.
Deputat deyib ki, bir sıra ölkələrdə bayramqabağı genişmiqyaslı həqiqi endirim kampaniyaları artıq uzun illərin ənənəsinə çevrilib. O təklif edib ki, bəzi ölkələrdə olduğu kimi bizdə də bayram ərəfələrində qiymətlərin aşağı salınması ənənəsini yaratmaq istiqamətində addımlar atılsın. Bu əslində satıcının qiyməti aşağı salıb, dövriyyəni genişləndirməklə qiymət artımı hesabına qazandığından daha çox qazanmasına şərait yarada bilər.
Əksər ölkələrdə daha çox qazanmaq üçün qiyməti artırıb dövriyədə itirmək yolundan yox, qiyməti aşağı salıb dövriyyədən qazanmaq yolunu seçirlər. Ə.Məsimli ona görə də mal satanlara qiymət artımından yox, dövriyyədən daha çox qazanmağın mümkün olması barədə çağırış edib. O vurğulayıb ki, bu yolda malsatan qiymət endirimindən ziyana düşmür, əksinə əlavə qazanc əldə edə bilir.
“Xalq Cəbhəsi” məsələni iqtisadçı ekspertlərlə araşdırıb.
“Bayram ərzağı satan sahibkardan endirim tələb etmək qeyri-mümkündür”
İqtisad üzrə fəlsəfə doktoru Xalid Kərimli bildirib ki, tələbat artan məhsulun qiymətinin artması normal bazar prosesidir: “Bayram ərzağı satan sahibkardan endirim tələb etmək qeyri-mümkündür. Bəzi məhsulların qiymətə həssaslığı aşağı, bəzilərinin isə yuxarıdır. Qiymətə həssaslığı aşağı olan məhsulların içərisində birmənalı olaraq ərzaq məhsulları ön plandadır. Məsələn, çörəyin qiymətindən asılı olmayaraq biz çörək almağa məcburuq. Yəni bu tip məhsullar insanın təminatı üçün vacib, zəruri, ilkin tələbat məhsullarıdır. Bunlar qiymətə həssas deyil. Qiyməti nə qədər artırsalar, endirsələr də çörəyin bir istehlak həcmi var, biz də o qədər alacağıq”.
“Məhsula tələbat artanda…”
X.Kərimli diqqətə çatdırıb ki, əgər bayram öncəsi qoza, fındığa, ləbləbiyə və s. bu tip məhsullara tələbat artırsa, onların qiymətinin artması normaldır: “Bayram öncəsi sahibkar qiymət endiriminə gedə bilərmi? Bu, sahibkarın öz qərarı, satış siyasətidir. Bu endirimi gözləmək olar, amma sahibkardan tələb etmək doğru deyil. Sahibkar o vaxt qiymət endiriminə getməyə məcbur olur ki, o, məhsulunu nəzərdə tutduğu qədər, nəzərdə tutduğu qiymətə sata bilmir. O halda o, endirimə gedir. Məhsula tələbat artanda qiymətin artması normaldır. Əgər sahibkar məhsulun qiymətini artırıb sata bilirsə, burada sahibkardan başqa humanist davranış gözləyə bilmərik. Yəni qiyməti endirmək sahibkarın özünün qərarıdır”.
“Bayramlar iqtisadi canlanma dövrüdür”
İqtisadçı ekspert Ruslan Atakişiyev bayramların iqtisadi canlanma dövrü olduğunu deyib: “Yəni burada istehlak artır, alıcılar daha çox xərcləməyə başlayırlar. Bu da ona görə satıcılar, istehsalçılar üçün bir fürsətdir. Amma burada məsələ ondan ibarətdir ki, məhsulu özü istehsal edən hər hansı bir şirkət, müəssisə endirimə gedə bilir. Çünki istehsalçı özləridir, birbaşa bazara çıxış imkanları var. Ancaq biz qiymət artımını daha çox kənd təsərrüfatı məhsullarında, quru meyvələrdə görürük. Bunların qiymətinin artma səbəbi odur ki, indi kənd təsərrüfatı məhsulları azdır və ya çoxu xaricdən gəlir. Ona görə də bu gün bazara onu çıxaranlar tacirlər, alverçilərdir. O cümlədən quru meyvələr də Özbəkistandan, İrandan və digər ölkələrdən gətirilir, yəni kənardan gətirilir. Bu da satıcılar üçün dövriyyədən daha çox bir fürsətdir ki, yəni məhsulları satsınlar”.
“Kim özü istehsalçıdırsa...”
R.Atakişiyev bildirib ki, həm də onlar özləri birbaşa ihtehsalçı olmadıqlarına görə kütləvi şəkildə endirimlərə gedə bilmirlər: “Ona görə də sırf bazarda baş verən proseslərin mahiyyətində o dayanır ki, kim özü istehsalçıdırsa, birbaşa öz məhsulunu satırsa, o təbii ki, endirimlərə gedə bilir. Lakin kim öz məhsulunu istahsal etmir, gətirib satırsa, o, endirimlərə getməkdə çətinlik çəkir. Həmçinin bazar iqtisadiyyatında tələb edilən qiymətlərdə alıcı varsa, bazarda stabil bir qiymət yaranır və alış həyata keçirilir. Əgər biz bazara uyğun olmayan inzibati qaydalar seçsək, onda o məhsullar azalmağa başlayacaq. Satıcı onu satmaqda maraqlı olmayacaq və alıcı da istədiyini əldə edə bilməyəcək”.
“Bunun üçün lazımi avadanlıqlar tələb olunur”
İqtisadıçı ekspert Emin Qəribli deyib ki, xaricdə endirimlər paltarlara, elektrotexnika, sənayə məhsullarına, bizdə isə Novruz bayramı öncəsi artan qiymətlər kənd təsərrüfatı məhsullarına aiddir: “Yəni bayram vaxtı qiymət artımı quru meyvələrə və s. olur. Problem odur ki, quru meyvə yetişdirmək və qışa saxlamaq üçün lazımi avadanlıqlar tələb olunur. O avadanlıqları əldə etmək üçün müvafiq şirkətlər olmalıdır ki, bu işləri edə bilsin. Bizdə kənd təsərrüfatı sahəsində olanlar kiçik şirkətlərdir. Həmin avadanlıqlar olsa da, amma onlar kiçik sahibkar olduqlarına görə tədarük görə bilmirlər”.
“Orta və iri sahibkarlığın inkişafına dair proqram qəbul olunmalıdır”
Ekspert Azərbaycanda kənd təsərrüfatında ixracın olduğunu və son dövrlər şərait yaradıldığını diqqətə çatdırıb: “Amma ona rəğmən Novruz bayramında istehsalçılar tədarük görüb, dövriyyədən qazana bilmirlər. Xaricə nəzər yetirəndə görürük ki, bayram vaxtı endirim edən çox zaman iri sahibkarlar olur. Yəni onlar iri şirkətlərdir və tədarük görüb bayram vaxtları qiymət endirimini təmin edə bilirlər. Ona görə də Azərbaycanda da orta və iri sahibkarlığın inkişafına dair proqram qəbul olunmalıdır. Bu kimi tədbirlərin görülməsi ilə həm bazarın tənzimlənməsi üçün yerli istehsalçıların olmasına ehtiyac yaranar, həm ixrac potensialının artırılması, həm də ümumiyyətlə, biznes mühitinin formalaşdırılması üçün müsbət təsir göstərər. Əslində bunlar bir-birindən asılı bir məsələlərdir. Novruz bayramı vaxtı satıcılar əlavə məhsullar gətirib daha ucuz qiymətə sata bilər və ya istehsal edə bilərlər. Ancaq görürlər ki, bu, elə də asan deyil. Yəni daha dərindən baxmaq lazımdır. Həmçinin kənd təsərrüfatının inkişafı üçün müəyyən səylər göstərmək zəruridir”.
Röya İsrafilova