

“Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri Avropa ölkələri, eyni zamanda, Şərqi Avropa və Adriatik hövzəsi ölkələridir. Bu mənada Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin və bütövlükdə Adriatik hövzəsində münasibətlərinin inkişafı üçün yeni əsaslar formalaşdıracaq”.
Bunu xalqcəbhəsi.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat əlavə edib ki, çünki Azərbaycanın qaz ixracat marşrutu üzərində olan Şimali Makedoniya bu gün Azərbaycandan qaz alır: “Ancaq bu, təkcə münasibətlərin iqtisadi tərəfidir. Şübhəsiz ki, iki ölkə arasında mümkün turizm, həmçinin mədəni-humanitar sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var”.
H.Babaoğlu qeyd edib ki, eyni zamanda, Şərqi Avropa, Balkan ölkələri də daxil olmaqla Adriatik hövzəsində Azərbaycanın çox böyük investisiya potensialı var: “Bu addımların atılması Avropa Birliyi ölkələri ilə Azərbaycanın ticarət mübadiləsini daha da dərinləşdirəcək və beləliklə bu gün olduğu kimi gələcəkdə də Avropa Birliyinin Azərbaycanın birinci ticarət tərəfdaşı olması üçün yeni əsaslar yaradacaq”.
Röya İsrafilova