

Əli Zülfüqaroğlu: “Avropa İttifaqını çox çətin mərhələ gözləyir”
Rusiyanın Ukraynada qalib gəlməsi, ABŞ Prezidenti Donald Trampın ölkəsinin NATO-dan çıxması ehtimalı haqda anons verməsi Avropanı təşvişə salıb. Fransa Prezidenti Emmanuel Makronun xalqa müraciəti, Avropa Komissiyasının prezident Ursula Fon der Leyenin “Avropa müharibəyə hazır olmalıdır” bəyanatı, bütövlükdə Avropa İttifaqındakı proseslər, London sammiti və s. müharibə hazırlığı kimi dəyərləndirilir.
Avropa 80 il sonra savaşlara ev sahibliyi edə bilərmi? Bu coğrafiyada müharibə bəşəriyyətə nə vəd edir?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Tramp Administrasiyasının Avropa İttifaqına (Aİ) ciddi təzyiq göstərəcəyi bəllidir: “Bunun təməl səbəbi Avropa İttifaqı və Birləşmiş Ştatların yeni administrasiyası ilə ideoloji fərqliliklərdir. Eyni zamanda Baydenlə Tramp fərqli ideologiyanın daşıyıcıları olan gücləri təmsil edirlər. Ümumiyyətlə, ABŞ tarixində çox az lider olub ki, ABŞ-ni bir şirkət və silahlı güc, ABŞ xalqını isə sadəcə olaraq istehlakçı kütlə kimi istifadə edən sistemə qarşı çıxsın: bunlardan biri Kennedi idi və öldürüldü. Hazırda isə bu prosesi Tramp həyata keçirməyə çalışır. Amma Kennedidən fərqli olaraq Trampın nəticə eldə etməsi üçün zəmin var. Çünki artıq dünya ictimaiyyəti indiyə qədər ABŞ-ni idarə edən “qaranlıq güc” haqqında müəyyən təsəvvürə malikdir. Əvvəllər bu sistemlə bağlı şərhlərə mif, konspirasiya nəzəriyyəsi donu geyindirmək mümkün idisə, müasir dönəmdə artıq bu mümkün deyil. Bu “qaranlıq güc” FED və onu formalaşdıran banklar və onların bütün istiqamətlərdə fəaliyyət göstərən törəmə şirkətləri və təşkilatlarıdır. Əvvəlki dönəmlərdən fərqli olaraq bu barədə cəmiyyətdə təsəvvür var. Məhz bu amil Trampın nəticə əldə etməsinə zəmin formalaşdırır”.
Ə.Zülfüqaroğlu qeyd edib ki, ABŞ “dərin dövləti” adlandırılan bu sistem həmçinin Avropa İttifaqını idarə edən və Çini dünya fabrikinə çevirən gücdür: “Xüsusilə Fransa hökuməti və Makronun timsalında bu, daha aydın nəzərə çarpır. Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra birinci prezidentliyi dönəmində yarımçıq qalan prosesləri reallaşdırmağa çalışır. Avropa İttifaqında da bu gücün, yəni mondializmi reallaşdırmağa çalışan qlobalizmin formalaşdırdığı hökumətlər də əsas hədəf olacaq. Bu baxımdan Avropa İttifaqını çox çətin bir mərhələ gözləyir. Məhz buna görə də Tramp Rusiya ilə münasibətlərini normallaşdırmaqla ilk növbədə Avropa İttifaqının qlobalizmə xidmət edən marionet hökumətlərini devirməyə və beləliklə də hazırda Çinlə yaxınlaşmağa can atan Avropa İttifaqının ABŞ-nin vassalı olmaqda davam etməsini təmin etməyə çalışacaq. Həmçinin Çinlə iqtisadi mübarizəni daha da kəskinləşdirəcək. Çünki ABŞ daxilində Trampa qarşı olan qlobal maliyyə sisteminin törəmə təşkilatları və şirkətlər həmçinin Çinin də güclənməsində rol oynayırlar. Buna görə də Tramp ilk prezidentliyi dönəmində “mənim ən böyük düşmənim FED-dir”, yaxud “FED çox müstəqildir və ABŞ dövlətinin maraqlarına zərbə vurur”,- deyə vurğulamışdı”.
Siyasi şərhçi bildirib ki, bütün bunlar qlobal savaşın ilk siqnalları idi və artıq böyük ölçüdə açıq müstəviyə daşınıb: “Ona görə də Avropa İttifaqı bilir ki, nüfuz dairəsinin bölüşdürülməsi istiqamətində Rusiya Avropa İttifaqı siyasətində Vaşinqtonun maraqlarına da oynayacaq. Yəni təhdidləri artırmaqla Avopa İttifaqının parçalanmasına, yaxud Qərbi Avropanın tamamilə ABŞ-nin nəzarətinə keçməsinə şərait yaradacaq. Ona görə də Avropa İttifaqı çalışır ki, bu prosesləri əngəlləmək üçün Çinlə yaxınlaşsın, hətta xüsusilə Fransanın təşəbbüsü ilə İranla da münasibətlərin normallaşdırılması istiqamətində addımların atıldığının şahidi ola bilərik. Türkiyə ilə yaxınlaşma istəyi də məhz bu əndişədən qaynaqlanırdı. Ona görə ki ittifaq ölkələrinin hərbi gücü ABŞ-nin təzyiqləri qarşısında davam gətirə bilməz.
Türkiyə isə tamamilə əks qütbdədir. Yəni ABŞ və Rusiya ilə münasibətləri müsbətdir və burada əsas amil ideoloji faktordur. Buradan o nəticəyə gəlmək olar ki, Avropa İttifaqı hazırkı durumda daha çətin vəziyyətdədir və yaxın perspektivdə xüsusilə Makron hökuməti üçün böhran yaranma ehtimalı yüksəkdir”.