

“XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən dövlət başçımız bir çox istiqamətdə önəmli mesajlar verdi. Bu mesajların ən əsas istiqamətlərindən biri də məhz Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları konteksində əldə olunmuş razılıqlar və Ermənistanın təəssüflər olsun ki, bu günə qədər sərgilədiyi qeyri-konstruktiv mövqeyin sülhə necə zərbə vurması ilə bağlı əsas məqamları ehtiva edir. Xüsusilə Ermənistanı dəstəkləyən qüvvələrin, müəyyən siyasi dairələrin bugünədək onu hərbiləşdirməsi, sülhdən yayınma ilə bağlı ortaya qoyduğu mövqeyi, sülhə regional təhlükəsizliyə təhdid formalaşdırdığını aydın şəkildə ifadə etmək oldu”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
A.Qurbanova bildirib ki, sülh haqqında iddiaların gündəmdə olduğu, müzakirə edildiyi, razılığın əldə olunduğu bir mərhələdə çox təəssüflər olsun ki, Ermənistan tərəfi və onu dəstəkləyən qüvvələr yeni bir süni münaqişə ocağı yaratmağa çalışırlar: “Bununla bağlı da hərbiləşdirmə və ideoloji olaraq da revanşist əhval-ruhiyyənin daim aktiv saxlanılması istiqamətində işlərin aparıldığı aydın şəkildə müşahidə olunur. Azərbaycan tərəfinin bununla bağlı son 5 ildə aparılan danışıqlar çərçivəsində irəli sürdüyü müəyyən tələblər və konkret şərtlər var. Bu şərtlər üzrə artıq müəyyən razılıqların əldə olunduğunu biz aydın şəkildə müşahidə edirik. Eyni zamanda, xarici işlər nazirimiz Ceyhun Bayramovun bəyanatında da aydın şəkildə müşahidə etmək mümkündür ki, sülh müqaviləsinin 17 bəndi üzrə artıq razılıq əldə olunub, sülhün mətnində hər hansı bir mübahisəli məqam yoxdur”.
Politoloqun sözlərinə görə, digər bir istiqamətdə Ermənistan müəyyən şərtlər daxilində Azərbaycanın tələblərini də həyata keçirməlidir: “Şərti sərhədimizdə demilitarizasiya zonasının yaradılması, Konstitusiyasında dəyişikliklər edilməsi, Zəngəzur dəhlizinin açılması kimi məsələlər var. Bu istiqamətdə də Ermənistandan gözlənilən Azərbaycanın irəli sürdüyü tələblərin qəbul edilməsi və real addımların atılmasıdır. Təbii ki, bu real addımlar atıldığı halda biz sülhə bir addım da yaxınlaşmış və sülh müqaviləsinin imzalanması ilə bağlı, eyni zamanda, davamlı sülhə nail olmaqla bağlı kifayət qədər önəmli nailiyyət əldə etmiş ola bilərik. Ancaq düşünürəm ki, davamlı sülhün ən önəmli zəmanəti Ermənistanın milli qanunvericiliyində Konstitusiya aktında və Müstəqillik aktında müvafiq dəyişikliklərin edilməsi ilə bağlıdır. Müstəqillik aktına istinad olunan Konstitusiyanın preambula hissəsi dəyişdirilməli, Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkilməlidir. Belə olan halda təbii ki, razılaşdırılmış bəndlər üzrə müvafiq sülh müqaviləsinin imzlanması çox yaxın perspektivdə gözlənilə bilər”.
Röya İsrafilova