
“Ermənistana Azərbaycan tərəfindən ev tapşırığı verilib”
17 Mart 14:16
“Məlumdur ki, Azərbyacan və Ermənistan arasında 17 maddədən ibarət sülh razılaşması mətni artıq razılaşdırılıb. Yəni Ermənistanın bu günə qədər yayınmağa çalışdığı müəyyən şərtlər onlar tərəfindən qəbul olunub. Təbiidir ki, bu şərtlərdən biri həm də sərhəddə üçüncü tərəfin qoşunlarının yerləşdirilməməsi ilə bağlıdır ki, Paşinyan açıq şəkildə ifadə edir ki, sülh müqaviləsi imzalandığı təqdirdə həmin qüvvələri sərhəddən kənarlaşdırmağa razıdır”.
Bunu xalqcəbhəsi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı söyləyib.
Politoloqun sözlərinə görə, ancaq istənilən halda 17 şərtin qəbul olunması sülhün dayanıqlığını təmin etmir, müəyyən bəndlər, təkliflər var ki, Azərbaycan Prezidenti də qətiyyətli şəkildə həmin tələbləri irəli sürməkdədir: “Onlardan biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Hələki praktiki bir addım atılmayıb, referendum elan olunmayıb və müstəqillik aktına istinad olunan məzmun Ermənistan Konstitusiyasından çıxarılmayıb, ölkənin ali qanunverici sənədində hələ də başqa bir ölkənin ərazisinə qarşı ərazi iddiası və digər qondarma ifadələr yer alırsa, belə olduğu halda bu müqavilənin heç bir legitimliyi qalmır və dayanıqlığı təmin olunmur”.
Züriyə Ruslanqızı qeyd edib ki, digər tərəfdən müqavilənin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk formatı özünün missiyasına uyğun fəaliyyət göstərmədi və nəticə etibarı ilə Azərbaycan bu problemlərin həllinə nail oldu: “Hazırda belə bir formatın Ermənistan tərəfindən bitirilməsinə razılıq verilməməsi bu, həm də problemin qüvvədə saxlanması deməkdir. Hələ də gələcək üçün Azərbaycan ərazilərinə olan iddiaların müəyyən şəkildə həyata keçirilməsinə olan ümidlərin göstəricisidir. O baxımdan mütləq şəkildə ATƏT-in Minsk formatı ilə bağlı ortaq, yekdil qərar verilməlidir. Bu da əsas şərtlərdən biridir”.
Şərtlərin bununla bitmədiyini diqqətə çatdıran politoloq, əlavə edib ki, eyni zamanda, sülhün dayanıqlığını təmin etmək üçün İrəvan administrasiyası daxildə revanşizm meyillərinin qarşısının alınmasına nail olmalıdır: “Məsələn, İrəvanda separatçı rejimin qondarma bir nümayəndəliyi açılıb. Administrasiya olaraq onlar bu prosesin qarşısını almalı, həmin qurumun fəaliyyəti dərhal dayandırılmalıdır. Eləcə də cəmiyyət içərisində bu yöndə müəyyən təbliğat işləri aparılmalıdır ki, onlar da bu cür revanşist meyillərdən arınsınlar, təmizlənsinlər. Sadaladığım bu problemlərin də faktiki mövcud olması və aradan qaldırılması üçün real addımların atılmaması sadəcə 17 şərtdən ibarət mətnin razılaşdırılması ilə sülh quruculuğu prosesinin qısa vaxtda yekunlaşmayacağını deməyimizə əsas verir”.
Röya İsrafilova