“"Qarabağ Azərbaycandır və nida" ifadəsi haqqın və ədalətin Zəfəri oldu” Gündəm

“"Qarabağ Azərbaycandır və nida" ifadəsi haqqın və ədalətin Zəfəri oldu”

“44 günlük Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibənin ilk günlərindən tarixi torpaqlarımızı, strateji ərazilərimizi və yüksəkliklərimizi işğaldan azad edən rəşadətli Ordumuz tariximizə Zəfər gününü yazdı. Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizin azad olunması istiqamətində həyata keçirilən tədbirlər yalnız bir amala xidmət edirdi: torpaqlarımızı azad etmək! Dövlət başçımızın çıxışlarının birində bildirdiyi kimi, "Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq””.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində kənd sakinləri ilə söhbətində düşmən üzərində möhtəşəm qələbəmizdən danışıb: “Prezident dünya ölkələrinin heç də hamısının öz maraqlarını özü təmin edə bilmədiyini xüsusi olaraq qeyd edib. Bildirib ki, hamı ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir”.

A.Hüseynov vurğulayıb ki, 2003-2020-ci illər ərzində Azərbaycanın iqtisadi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun güclənməsi istiqamətində atılan addımlar, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi kimi məsələlər prioritet olaraq diqqətdə saxlanıldı: “Xalq-iqtidar birliyi gücləndi və bir yumruq olaraq birləşməyi bacardı. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışsa da buna nail ola bilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir Yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Döyüş meydanında əməli təsdiqini tapan "Qarabağ Azərbaycandır və nida" ifadəsi haqqın və ədalətin Zəfəri oldu”.

Röya İsrafilova