“Bu gün Ermənistan Almaniya üçün xüsusi əhəmiyyətə malik ölkə deyil” Gündəm

“Bu gün Ermənistan Almaniya üçün xüsusi əhəmiyyətə malik ölkə deyil”

“Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Cənubi Qafqaza səfər proqramı elan edib. O, Ermənistana səfər edib, arxasınca Azərbaycana gələcəyini vurğulamışdı. Təbii ki, səfər sırasında Almaniya Prezidentinin kommunikasiya xidməti tərəfindən qondarma Arxasın bayrağının Ştaynmayerin rəsmi İnstagram hesabında paylaşılması ciddi narazılıq yaratmışdı. Amma Almaniya həmin paylaşımı sildi və Azərbaycandan rəsmi şəkildə üzr istədi”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

T.İsmayılov bildirib ki, bu fonda Ştaynmayerin Cənubi Qafqaz səfəri müəyyən qədər gözlənilməz problemlərlə müşahidə edilir: “Ancaq eyni zamanda Almaniya Cənubi Qafqaz regionuna maraq göstərir. Almaniyanın keçmiş kansleri Olaf Şoltzun dəfələrlə bölgəyə səfərləri olub, həmçinin Azərbaycan Prezidentinin Almaniyaya səfəri olub. Bu fonda Ştaynmayer də Azərbaycana gəlməzdən əvvəl İrəvana səfər edərək Ermənistanın vəziyyəti ilə maraqlanmağa çalışır. Bir də biz unutmamalıyıq ki, bu gün Ermənistan ərazilərində Avropa İttifaqının mülki müşahidə missiyası adı altında fəaliyyət göstərən quruma rəhbərlik edən Markus Ritter də almaniyalıdır. O baxımdan da Ştaynmayer yəqin ki, həm müşahidə missiyasının vəziyyəti ilə maraqlanıb, həm də Ermənistan ilə Almaniya arasında əlaqələrin bundan sonra hansı formada davam etdirilməsi mövzusunda bir yoxlama həyata keçirib. Amma Ermənistan bu gün Almaniya üçün çox da xüsusi önəmə və əhəmiyyətə malik olan ölkə deyil”.

Röya İsrafilova