

“Almaniya Prezidenti Frank-Valter Ştaynmayer regiona səfəri çərçivəsində artıq İrəvanda olub və bu səfər kifayət qədər çox diqqətçəkən qərəzli məqamlarla geniş müzakirələrə səbəb olub. Səfər çərçivəsində qondarma soyqırım abidəsinin ziyarət edilməsi, eləcə də qondarma rejimin bayrağının paylaşılması və verilən qərəzli bəyanatlar Azərbaycanın haqlı etirazına səbəb olan ciddi məsələlərdir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
Politoloq diqqətə çatdırıb ki, belə “səhvlər” kifayət qədər həssas dövrdən keçən sülhquruculuğu prosesinə zərbə vurmaqla yanaşı, beynəlxalq hüququn bütün norma və prinsiplərini gözardı edən riyakar yanaşmaların da təcəssümüdür: “Təbii ki, Azərbaycanın sərt mövqeyindən sonra üzr istənildi və çox qısa müddət ərzində həmin paylaşımda müvafiq düzəliş olunduğu ifadə edildi. Amma qoca qitənin əsas aktorlarından biri olan Almaniya kimi dövlətin prezidentinin belə “səhvlər” etməyə haqqı varmı və ya bu “səhv” hansı hədəflərə hesablanmış manipulyativ addım idi? Təəssüflər olsun ki, bu hədəflər heç bir halda xoşniyyətə əsaslanan yanaşmaları özündə ehtiva edə bilməz”.
Röya İsrafilova