“Bu, Ermənistanın təsiri altında atılmış addımdır” Gündəm

“Bu, Ermənistanın təsiri altında atılmış addımdır”

“Almaniya liderinin rəsmi İnstagram səhifəsində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təxribat xarakterli paylaşımın edilməsini heç bir şəkildə texniki səhv adı altında pərdələmək mümkün deyil. Bu sadəcə olaraq məqsədli şəkildə Ermənistanın təsiri altında atılmış bir addımdır”.

Bunu xalqcəbhəsi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı deyib.

Z.Ruslanqızı belə bir addımın Ermənistana səfər çərçivəsində həyata keçirildiyinin heç də təsadüf olmadığını vurğulayıb: “Biz hər zaman Qərb dairələrinin Ermənistan üzərindən bölgədə həyata keçirdiyi siyasətdən, riyakar maraqların icra olunması tendensiyasından danışırdıq. Düşünürəm ki, Almaniyanın bu siyasətini həmin prosesin tərkib hissəsi kimi qiymətləndirmək olar. Düzdür, məsələnin bir yönü də var ki, Almaniya tərəfi bir çox mərhələlərdə Azərbaycana qarşı loyal münasibətilə bəzi dövlətlərdən seçilib. Elə məhz Almaniya kanslerinin iştirakı ilə tərəflərin vasitəçisiz görüşə dəvət olunması öz-özlüyündə bu münasibətin bir tərkib hissəsi, tərənnümü idi. Ancaq istənilən halda belə bir paylaşımın olması həmin addımlarda da Almaniyanın səmimi olmadığını deməyimizə əsas verir”.

Politoloq üzrxahlığın tam protokol qaydalarına, etik qaydalara uyğun həyata keçirilməli olduğunu bildirərək əlavə edib ki, Azərbaycan tərəfindən də üzrxahlıqla bağlı müvafiq tələbin irəli sürülməsi tamamilə haqlı addım, yerində söylənilmiş fikir, tələbdir: “Ona görə də Almaniya da daxil olmaqla bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmaq məcburiyyətindədir. Çünki bu, dolayı yolla həm də elə onların özlərinin də aparıcı üzv olduğu təşkilatların nizamnamələrinin prinsiplərinə olan hörmətdir. Belə olduğu təqdirdə də bu cür addımların atılması ilə onlar elə həmin nizamnamənin prinsiplərinə hörmətsizliklərini ortaya qoymuş olurlar”.

Röya İsrafilova