“İstehlak kreditlərinin verilməsi şərtlərinə yenidən baxılması məqsədəuyğundur” Gündəm

“İstehlak kreditlərinin verilməsi şərtlərinə yenidən baxılması məqsədəuyğundur”

“Azərbaycanda olan problemli kreditlərin həcminə baxmaq üçün hesab edirəm ki, ilk növbədə biz kredit portfelinin həcmi, problemli kreditin həcmi və onlar arasında olan mütənasibliyə nəzərən prosesin qorxulu, yoxsa qorxusuz olmasını deyə bilərik. Təsəvvür edin ki, 2020-ci ilin yanvarında problemli kreditlərin həcmi 1,5 milyard manata yaxın idi. Amma sonrakı dönəmlərdə davamlı işlərin aparılmasının nəticəsində problemli kreditlərin həcmi azaldı. 2023-cü ilin sonunda ölkədə 24 milyard manata yaxın kredit portfelimiz olub, lakin həmin vaxt problemli kreditlərin həcmi 437 milyon manat olub. Yəni bu, ümumi kredit portfelinin cəmi 1,8 faizini təşkil edirdi. Halbuki, 2020-ci ildə həddindən artıq böyük bir nisbət var idi. Yəni, kiçik bir həcmə rəğmən 1,5 milyardlıq problemli kredit vardı. 3 dəfədən də çox azalma baş vermişdi”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov söyləyib.

İqtisadçının sözlərinə görə, 2025-ci ilin fevralın 1-də isə ölkədə problemli kreditlərin həcmi 475 milyon olub: “Amma 2023-cü ildə olan həcm 437 milyon manat olub. Yəni arada olan təxminən 1 il 3 aylıq dövr ərzində təxminən 40 milyon manatlıq problemli kredit artıb. Ancaq gəlin baxaq görək bu müddət ərzində kredit portfeli nə qədər artıb? Kredit portfeli 2023-cü ilin sonundan 2025-ci il 1 sentyabra qədər olan arada daha böyük həcmdə artıb. Belə ki, 23,9 milyard manatdan 27,6 milyard manata çatıb. Yəni təxminən 2,5 milyard manatlıq artım olub. Deməli, kredit portfelinin həcmi 2,5 milyard artığı halda, problemli kredit təxminən 40 milyon artıb”.

E.Əmirov əlavə edib ki, təbii ki, çox kredit veriləndə problemli kreditin həcmində də artım olacaq: “Ümumiyyətlə isə problemli kreditlərlə bağlı olan məsələdə hər zaman qeyd etmişəm və bu gün də qeyd edirəm ki, məhz Azərbaycanda kredit arzusunda olanlara kreditlərin banklar tərəfindən təşkil edilməsi istiqamətində ən böyük qənaətbəxşedici olmayan məsələ istehlak kreditlərinin atım dinamikasının digər kredit növlərinin artım dinamikasını üstələməsidir. Buna görə də istehlak kreditlərinin verilməsi şərtlərinə yenidən baxılmasını məqsədəuyğun hesab edirəm”.

Röya İsrafilova