

“Azərbaycanda problemli kreditlərin məbləği 2 %-dən çox artıb. Məsələ ondan ibarətdir ki, bankların kredit portfeli də artıb. Yəni bankların keçən illə müqayidəsə kredit porfelinə baxanda 18 faizdən çox artım olduğunu görürük”.
Bunu xalqcəbhəsi.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib.
O qeyd edib ki, kredit portfeli bu qədər artıbsa, problemli kreditlərin artması da normaldır: “Çünki banklar daha çox kredit verirlər, daha böyük həcmli kredit verirlər. Bu baxımdan qeyd olunan rəqəmlər elə də təhlükəli deyil. Əksinə, daha yaxşıdır. Ümumiyyətlə, banklar kredit verəndə çalışırlar elə kredit versinlər ki, bu, gələcəkdə problemli kreditə çevrilməsin. Bunun üçün də kredit götürən şəxslərdən öhdəliklər haqqında məlumatlar istəyirlər. Həmçinin banklar hamıya da istədikləri qədər kredit vermirlər. Banklar bu işi daha yaxşı görmək üçün onların özlərinin ciddi komandası, əməkdaşları, modelləri var. Onlar müştəriləri analiz edir, kredit tarixçəsinə baxırlar. Problemli kredit bankın riskidir. Bank onsuz da bu işi ən yaxşı şəkildə görməyə çalışır. Amma bütün bunlar gələcəklə bağlıdır. Məsələn, bir şəxsin indi gəliri yaxşıdır kredit götürüb, üstündən 3 ay keçəndən sonra həmin şəxsi işdən çıxarırlar və ya onun başına bir iş gəlir və həmin krediti ödəyə bilmir. Yəni bunu heç kim öncədən proqnozlaşdıra bilmir. Ona görə də bu cür risklər ortaya çıxa bilir”.
X.Kərimlinin bildirdiyinə görə, əsas nüans problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisidir: “Bu da Azərbaycanda kifayət qədər yaxşı vəziyyətdədir. Artımlar sırf mütləq rəqəmlərlə olan artımdır. Kredit portfelinə baxsaq, əksinə, problemli kreditlərin ümumi kredit portfelində payı aşağı düşüb, artmayıb”.
Röya İsrafilova