

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkəsinin İranla birbaşa danışıqlara hazır olduğunu bildirib.
"Onlar nigarandırlar və əminəm ki, birbaşa danışıqlara hazırdırlar". Maraqlıdır ki, Trampın yeni bəyanatı İranın rəsmi mətbuatında da əksini tapıb. İranın dövlət agentliyi Trampın İranın birbaşa danışıqlara hazır olması barədə bəyanatını yayıb və Tehranın hər zaman diplomatiya və müzakirələrə açıq olduğunu vurğulayıb.
"İslam Respublikasının hər zamankı mövqeyi problemlərin bərabərhüquqlu və təhdiddən uzaq danışıqlar yolu həll edilməsi olub"-deyə, qeyd edən dövlət agentliyi Trampın bu bəyanatını onun əvvəlki mövqeyindən geri çəkilməsi kimi qələmə verib.
Maraqlıdır ki, əvvəlki iqtidardan fərqli olaraq Donald Tramp komandası hər zaman İrana qarşı sərt mövqeyi ilə fərqlənib. Məsələn, Trampın ötən hakimiyyəti dövründə İranın Yaxın Şərqdə əsas fiquru olan general Qasım Süleymani qətlə yetirilib. 2020-ci ilin yanvarın əvvəllərində İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına edilən raket zərbələri nəticəsində generalla yanaşı ən azı səkkiz nəfər zərəsizləşdirilmişdi. Sonradan verdiyi bəyanatda Tramp bununla bağlı əmr verdiyini gizlətməmişdi. ABŞ prezidentinin yəhudi lobbisi ilə yaxınlığı kiməsə sir deyil. Demokratlardan fərqli olaraq respublikaçıların namizədi D.Trampın İsrailə dəstəyi hər zaman qabarıq hiss olunub. İkinci dəfə hakimiyyətə qayıdanda Trampın islam respublikasına qarşı daha sərt davranacağı gözlənilirdi. Hətta İsrailin istəyinə uyğun olaraq İranın strateji obyektlərinə hava zərbələrinin endiriləcəyinə dair versiyalar səslənirdi. Lakin Trampın birbaşa danışıqlarla bağlı mesajı yeni situasiya yaradır. ABŞ-la İran arasında birbaşa danışıqlar baş tutacaqmı?
"Olaylar"a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında təmaslar var və hər iki tərəf danışıqlarda maraqlıdır.
"Vaşinqton İrana maksimum təzyiq göstərməyə və Tehranı mümkün qədər daha çox güzəştlərə məcbur etməyə çalışır. İran isə bərabərhüquqlu danışıqların aparılmasının tərəfdarı olduğunu bəyan edir. Hesab edirəm ki, Vaşinqton diktə siyasətindən geri çəkilməyəcək. Çünki "Hizbullah"a ciddi zərbə dəyib, Suriyada İranın mövqeləri sıradan çıxarılıb. İran da bilir ki, növbəti hədəf məhz İranın özüdür. Ona görə də İran artıq geri addım atır. Husilərə dəstəyin kəsilməsi, İraqda İrana bağlı qüvvələrin tərksilah ediləcəyi ilə bağlı mətbuatda məlumatların yer alması təsadüfi deyil".
Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, İsrail ABŞ-İran danışıqlarının konstruktiv məcraya düşməsindən narahatdır: "Ona görə də Netanyahu 2 ayda iki dəfə Ağ Evə getməyə məcbur oldu. Doğrudur, son səfər xüsusilə Türkiyənin Suriyada güclənməsi ilə bağlı idi, amma İran faktoru prioritetlər sırasında illk pillələrdə dayanır. Bu gün ABŞ-İsrail arasında fikir ayrılıqlarının kökündə Türkiyənin Suriyada güclənməsi ilə yanaşı, həm də İrana qarşı yürüdüləcək siyasət dayanır. Netanyahu İranın vurulmasının tərəfdarıdır, amma hazırda İrana hərbi müdaxilə Vaşiqntonun maraqlarına cavab vermir. Netanyahu sionist lobbi ilə Trampa təzyiq etməyə çalışır, Tramp isə Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə Netanyahuya qarşı təzyiq edə bilər. Yəni beynəlxalq cinayət törətmiş şəxs kimi Böyük Britaniyaya belə səfər edə bilməyən Netanyahunun hazırda son sığınacaq yeri Trampın idarəçiliynə olan ABŞ-dir. İstənilən halda bu fikir ayrılıqları ABŞ-İsrail ittifaqının sıradan çıxması demək deyil. Sadəcə, Tramp üçün öncəlik ABŞ-nin maraqlarıdır və Netanyahunu da bunu nəzərə almağa məcbur edir". Siyasi şərhçi deyib ki, İran həmişə Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdüb. Onun fikrincə, buna görə də, zaman-zaman müxtəlif bəhanələrlə bilərəkdən Azərbaycana qarşı münasibəti kəskinləşdirib: "Azərbaycana uydurma sionizm və "Qərb kartı" ilə təzyiq etməyə çalışıb. Halbuki Qərbi bölgəyə Azərbaycan yox Ermənistan gətirib. Amma Ermənistana qarşı münasibəti kəskinləşdirmək əvəzinə, dəstək verib. İran xarici işlər nazirinin müavini İran mətbuatına verdiyi müsahibədə bildirdi ki, Ermənistanın Avropa İttifaqı ilə münasibətlərini normal qarşılayır. Bu İranın gerçək simasını göstərir. Ümumiyyətlə İran müxtəlif zamanlarda həm ABŞ, həm Avropa İttifaqının maraqlarını təmin edəcək addımlar atıb. Xüsusilə Yaxın Şərqlə bağlı bu cür fəaliyyət müşahidə edilib. Həmçinin İranın yürütdüyü radikal siyasət əslində İsrailin maraqlarına xidmət edib. Yəni İranın "İsrailin yer üzündən silinməsi" siyasi kursu İsrailə beynəlxalq ictimai dəstəyin verilməsinə, İsrailin limitsiz silahlanmasına nəinki göz yumulmasına, ümumiyyətlə bu istiqamətdə də Təl-Əvivə çoxsaylı ölkələrin dəstək verməsinə gətirib çıxarıb. Bu siyasət təkcə Türkiyəyə deyil, bütün İslam dünyasına zərər verib. Təəssüf ki, hazırda da bu siyasət davam etdirilir. Prezident Pezeşkian problemləri, İranın vurulma və parçalanma ehtimalını görən, praqmatik siyasi lider kimi islahatların, ənənəvi siyasətin dəyişməsinin, istər Qərb, istərsə də bölgə ölkələri ilə münasibətlərin normallaşdırılmasının tərəfdarı kimi çıxış edir. Amma mühafizəkar radikal qruplar tərəfindən təhdid və şantaj edilir. SEPAH-a bağlı olan mətbuat orqanlarında Pezeşkiana qarşı təbliğatın aparılması da məhz şantaj xarakteri daşıyır. Hansı ki bu qruplar Xameneyiyə də müxalif mövqedə dayanır və ona da ciddi təsir imkanlarına sahibdirlər. İstənilən halda Azərbaycan İranın vurulmasının və ya parçalanmasının tərəfdarı deyil. Çünki bu, nəinki İran, ümumiyyətlə bölgə üçün fəlakətə, dünya üçün isə ciddi iqtisadi problemlərə yol aça bilər. İranın xarici siyasi kursunu müəyyənləşdirən mühafizəkar qanad içərisində güclü mövqelərə sahib olan radikal qruplar mane olmayacağı təqdirdə İran müharibədən yayına bilər və ən doğrusu da budur. Azərbaycan dövləti və xalqı da qonşu ölkə və xalq olaraq İranın vurulmasını istəmir". Ə.Zülfüqaroğlu vurğulayıb ki, İranda öz tarixi torpaqlarında yaşayan 40 milyona yaxın azərbaycanlı faktorunu unutmaq lazım deyil: "İranda 40 milyona yaxın soydaşımız yaşayır. Azərbaycanın İranla 765 kilometr sərhəddi var. Azərbaycanın eyni zamanda İsraillə yaxın münasibətlərə malik olan ölkədir, əslində Azərbaycanın bu imkanları Türkiyə başda olmaqla İran üçün də faydalı hesab oluna bilər. Azərbaycan həmişə sağlam, güvənli və ədalətli siyasət yürüdüb. Ona görə də, İsrail-İran qarşıdurmasının baş verməsini qətiyyən istəməz. İran da Azərbaycanın vasitəçiliyinə ehtiyac duya və bundan yararlana bilər".